Türkiyənin Qars şəhərində yerləşən Kafkas Universitetində Türk dünyasının elmi və mədəni birliyinə töhfə verən “Türk Dünyasında Azərbaycan Türkçəsi və Ədəbiyyatı Araşdırmaları II Beynəlxalq Elmi Simpoziumu” uğurla başa çatıb.
Tədbir, Kafkas Universiteti Müasir türk dilləri və ədəbiyyatları departamenti və Xəzər Universiteti dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası və Nar şirkətinin dəstəyi, eləcə də Qarabağ Universiteti və Naxçıvan Dövlət Universitetinin əməkdaşlığı ilə həyata keçirilib.
Simpozium, Türkiyədə yalnız Kafkas Universitetində fəaliyyət göstərən və bakalavr, magistratura səviyyəsində təhsil verən Azərbaycan türkçəsi və ədəbiyyatı şöbəsinin yaradılmasının 20 illiyi, Qarabağ zəfərinin 5 illiyi və Azərbaycanın Müstəqillik Günü münasibətilə təşkil olunub. Bu baxımdan tədbir həm elmi, həm də mənəvi əhəmiyyət kəsb edib.
Simpoziumun açılışı Türkiyə və Azərbaycan milli marşlarının səsləndirilməsi ilə başlayıb. Ardınca, tədbirin mənəvi məzmununu daha da gücləndirən videoçarxlar nümayiş olunub. Açılış mərasimində Kafkas Universitetinin Müasir türk dilləri və ədəbiyyatları departamentinin müdiri, həmyerlimiz professor İlkin Qulusoy və Azərbaycanın Qarsdakı Baş konsulu Zamin Əliyev çıxış edərək qonaqları salamlayıb, simpoziumun təşkil olunmasında əməyi keçən qurum və təşkilatlara öz təşəkkürlərini çatdırıblar.
Açılış zamanı qeyd olunub ki, Azərbaycan dili və ədəbiyyatı şöbəsinin təməli ümummilli lider Heydər Əliyevin 2002-ci ildə Qarsa səfəri zamanı qoyulub. Ulu öndər həmin səfər zamanı Kafkas Universitetində Azərbaycan dili və ədəbiyyatı proqramının açılmasının vacibliyini vurğulamış, bu təklif 2005-ci ildə reallaşmış və Türkiyədə ilk dəfə bakalavr səviyyəsində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə kadr yetişdirən şöbə yaradılmışdır.
Ulu öndərin əziz xatirəsini yaşatmaq məqsədilə 2008-ci ildə Kafkas Universitetində Heydər Əliyev Tədris Mərkəzi yaradılmış və müəllimlərin, tələbələrin istifadəsinə verilmişdir. Bu mərkəzdə hər il Azərbaycan və Türk dünyası ilə bağlı müxtəlif tədbirlər və beynəlxalq simpoziumlar təşkil olunur.
Daha sonra müxtəlif qurum və təşkilat rəhbərləri çıxış edərək Türkiyədə Azərbaycan dili və ədəbiyyatının tədrisinin önəmini vurğulamış, belə bir elmi tədbirin təşkilini yüksək qiymətləndirmişlər.
“Tədbirdə Azərbaycanda Atatürk Mərkəzinin direktoru professor Nizami Cəfərov və millət vəkili professor Hikmət Babaoğlu da iştirak etmiş. Kafkas Universiteti Heydər Əliyev Tədris Mərkəzində müəllim və tələblərlə görüşmüş, mərkəzə kitab hədiyyə etmişlər.
Açılış mərasiminin sonunda Kafkas Universiteti Dövlət Konservatoriyasının müəllimləri tərəfindən Azərbaycan musiqilərindən ibarət konsert proqramı təqdim olunub. Ardınca plaket və hədiyyələrin təqdimatı keçirilib.
Simpoziumun bölmə iclaslarında iştirakçılar arasında Türk dünyasında ortaq elmi məkanın formalaşmasına mühüm töhfə verən fikir mübadiləsi aparılıb, müxtəlif istiqamətlərdə maraqlı məruzələr dinlənilib. Tədbirdə Türkiyə və Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan gəlmiş alim və tədqiqatçılar da iştirak ediblər. Qonaqlar Türk dünyasının ortaq dili, ədəbi əlaqələri və mədəni inteqrasiyası ilə bağlı dəyərli məruzələr təqdim ediblər.
Tədbir yüksək səviyyədə təşkil olunub, iştirakçılar həm elmi, həm də mənəvi baxımdan zəngin təəssüratlarla ayrılıblar. Simpoziumun sonunda qonaqlar Azərbaycanın Müstəqillik Günü münasibətilə Ani abidə kompleksində Azərbaycan bayrağını ucaldaraq, qardaşlıq və birliyin simvolu olan bu anı böyük qürur hissi ilə qeyd ediblər.
Bu simpozium, Türk dünyasının elmi əməkdaşlığının və mənəvi birliyinin möhkəmlənməsi istiqamətində mühüm bir addım sayıla bilər.