Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə səyyar qəbul görüşlər keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüş rayonun Qaraqullar kəndində keçirilib.
Qəbulda RİH-nin məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov qəbulda Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən danışıb, bu tədbirlərin nəticəsində Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edildiyini bildirib, ölkə rəhbərinin 20 illik fəaliyyəti dövründə respublikamızın tərəqqi və inkişafı naminə həyata keçirdiyi iri miqyaslı layihələrdən, oktyabın 15-də terrorçulardan təmizlənmiş ərazilərdə – Xankəndində, Ağdərədə, Xocalıda, Xocavənddə Azərbaycan Bayrağını dalğalandırmasından, Xankəndi şəhərinin mərkəzində xalqa müraciətindən, oktyabrın 17-də “Fizuli şəhəri günü”ndə Fizuli rayonunda sakinlərlərlə görüşündən danışıb və Ali Baş Komandanın Xankəndi şəhərindəki çıxışından bu sözləri xatırladıb: “Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.”
V.Məmmədov sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Sonra söz sakinlərə verilib.
Kənd sakinləri avtomobil yolunun cari təmir olunması, örüş sahələrinin artırılması, təbii qazın təzyiqinin aşağı olması, nasaz elektrik xətlərinin və dayaqlarının təmiri, xəstəxananın ixtisaslı həkim kadrla təmin edilməsi və digər məsələlər ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.