image-2000x150
image-5555backend

Qarabağda növbəti antiterror əməliyyatı: PLAN HAZIRDIR

image-728x90

Ermənistan hələ də Azərbaycan ərazilərində hərbi və siyasi təxribatları davam etdirir. Ötən həftə Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Cavab tədbirləri nəticəsində Ermənistan ordusunun 4 hərbçisi məhv edilib, 6-sı yaralanıb. Təxribatın qarşısını alarkən Azərbaycan Ordusunun 3 hərbçisi şəhid olub.

Daha sonra Ermənistanda saxlanılan Azərbaycan hərbçisinə işgəncə verilməsi görüntüləri yayılıb. Ardınca aprelin 14-də İrəvanda keçirilən Avropa çempionatında Ermənistan rəhbərliyinin gözü qarşısında Azərbaycan bayrağına qarşı təxribat törədilib. Ötən gün isə sosial şəbəkənin erməni seqmentində Qarabağda olan qanunsuz silahlı birləşmələrin ASALA terror təşkilatının bayrağı ilə fotoları müzakirələrə səbəb olub.

Ümumilikdə, Ermənistanın son addımları sülhə xidmət etmir və vəziyyətin gərginləşməsinə səbəb olur. Xarici İşlər Nazirliyinin dünən yaydığı bəyanatda bildirilib ki, İrəvan 10 000 civarında silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmaqdan imtina edir. Ermənistanın sülh müqaviləsi üzrə Azərbaycanın təkliflərinə son 43 gün ərzində heç bir şərh verməməsi də, bu ölkənin nəticə yönümlü danışlıqlarda maraqlı olmamasından irəli gəlir.

Ermənistan sülhü pozan addımlarla nə əldə etmək istəyir? Qarabağdakı separatçıların və Ermənistanın təxribatlarına hansı formada cavab veriləcək?

Mövzu ilə bağlı Modern.az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, Azərbaycan artıq antiterror əməliyyatının həyata keçirilməsi ilə bağlı siqnal verib.

“Prezident İlham Əliyev Salyanda olarkən verdiyi müsahibədə Xankəndi və bütövlüklə Qarabağda olan ermənilərin reinteqrasiyası ilə bağlı qətiyyətli mövqe ortaya qoydu. Belə başa düşmək olar ki, Azərbaycan artıq ermənilərin nazıyla oynamaq fikrində deyil. Xankəndi ətrafında yuva salmış ASALA terror təşkilatının üzvləri və separatçıları zərərsizləşdirmək üçün lokal xarakterli əməliyyat həyata keçiriləcək”, – deyə politoloq vurğulayıb.

Q.Hüseynli qeyd edib ki, Azərbaycan antiterror əməliyyatı keçirməklə Qarabağda terrorçu və separatçıların erməni əhalisini zorla itaətdə saxlamasına son qoyacaq:

“Bu, Azərbaycanın əsas xəttidir. Silahlı dəstələr ASALA bayrağı ilə şəkillər çəkdirib paylaşmaqla cəmiyyətimizə psixoloji təsir göstərməyə çalışırlar. Ancaq biz indiyə qədər belə şeyləri çox görmüşük. Onlar bununla guya özlərini müdafiə etmək ixtiyarında olduqlarını nümayiş etdirmək istəyirlər. Bütün bu əməllərin heç birinin praktiki əhəmiyyəti yoxdur. Çünki Azərbaycan artıq hər şeyi qərarlaşdırıb. Ölkəmiz tərəfindən qəti əməliyyat planı hazırlanıb. Mən düşünürəm ki, bu, yaxın müddətdə həyata keçiriələcək. Əməliyyatların hansı istiqamətdə başlayacağını demək çətindir, çünki bu, hərbi sirrdir. Ancaq onu deyə bilərik ki, Azərbaycan Ordusu bütün hakim yüksəklikləri nəzarətdə saxlayır”.

Qeyd edək ki, bu yaxınlarda Salyanda səfərdə olan Prezident İlham Əliyev erməni separatçılarına qəti şəkildə xəbərdarlıq edərək, onları təxribatlardan çəkinməyə çağırıb.

“Sadəcə olaraq, bu zəlilər, bu yırtıcı heyvanlar, separatçılar qoymurlar. Qoymurlar ki, bu insanlar rahat yaşasınlar, 30 il bunları girov kimi saxlayıblar. Ona görə mənim mövqeyim bundan ibarətdir, bunu hər kəs eşitsin, həm Ermənistan rəhbərliyi, həm bu gün onların arxasında dayanan qüvvələr, bizim iradəmizə heç kim təsir edə bilməz. Biz bunu sübut etmişik, müharibə zamanı və müharibədən sonra. Lazım olarsa, bir də sübut edərik istənilən formada”, – dövlət başçısı çıxışında vurğulayıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90