Azərbaycan xalqının böyük ədibi Hüseyn Cavid deyirdi ki, bir millətin tərəqqisini və inkişafını görmək üçün həmin millətin məktəblərinə nəzər yetirmək kifayət edər. Avropaya meydan oxuyan Almaniyanın, qoca Rusiyanı həyəcana salan Yaponiyanın bütün tərəqqisi məktəblər sayəsindədir. Bir millətin kimliyini tədqiq edib öyrənmək üçün məktəbi ən doğru meyar hesab edən Hüseyn Cavid, əlbəttə, haqlı idi. O hələ 100 il öncə qələmə aldığı publisistik məqalələrində rus-yapon müharibəsində yaponların ruslar üzərində qələbəsinin səbəbini yapon müəllimlərinin bacarığında görürdü. Onlar əsil yapon vətənpərvərləri yetişdirməyə nail ola bilmişdilər. Böyük ədib yapon müəllimlərinin təlim-tərbiyə işini yüksək səviyyədə təşkil etmək bacarığını təqdir edir və onların təhsil sahəsində əldə etdikləri yüksək nəticələri yapon müəllimlərinin millət naminə gördükləri işə böyük sevgi və yüksək məsuliyyətlə yanaşması ilə əlaqələndirirdi. Cavid filosof-şair, dramaturq olmaqla yanaşı, həm də böyük müəllim idi, uzun müddət pedaqoji fəaliyyətlə məşğul olmuşdu və məktəbə millətin əhvali-ruhiyyəsinin inikası kimi baxırdı.
“Həsb-hal” məqaləsində Hüseyn Cavid yazırdı: “Bu gün məktəbimiz və ədəbiyyatımız necədirsə, gələcəyimiz də elə olacaqdır”. Bu həqiqət bu gün də öz aktuallığını itirməyib. Məktəb cəmiyyətin ictimai şüur barometri və mənəviyyat aynasıdır. Cəmiyyətin mənəvi sağlamlığı məhz məktəbdən qaynaqlanır. Milli tərəqqinin, elmi-intellektual yüksəlişin hər bir ailədən başlayan cığırı məhz məktəbdən keçməklə zirvəyə doğru hərəkət edir. Ona görə də məktəb öz qapısından, sinif otağından tutmuş orada fədakarlıqla çalışan müəllimlərinə qədər bütün varlığı ilə müqəddəs bir ocaqdır.
Bunu AZƏRTAC-a açıqlamasında fəlsəfə doktoru Cavanşir Feyziyev deyib.
O qeyd edib ki, Krımda Bağçasaray yaxınlığında adına “Zəncirli məbəd” deyilən bir mədrəsə var. Məbədə girəndə mütləq başını əyməlisən, yoxsa qapının yuxarısından asılmış zəncir zərblə adamın alnının ortasından dəyə bilər. Məbəd bələdçisi deyir ki, bura əvvəllər mədrəsə olub, gənclər təlim almaq üçün bu müqəddəs məkana gəlirlərmiş. Elm ocağına girəndə hörmət əlaməti olaraq baş əymək və ona təzim eləmək lazım idi. Məbədin girəcəyində asılmış zəncirlər də məhz elmə, biliyə və bu biliyi yayan peşəyə ehtiramın zəruriliyini təlqin edən rəmzi işarədir. Bu adət məktəbin hər bir millət üçün müqəddəs məbəd olması anlayışını çox gözəl ifadə edir.
Fəlsəfə doktorunun sözlərinə görə, işğaldan azad olunmuş Qarabağ torpaqlarında abadlıq-quruculuq işlərinin elə ilk addımında həmin ərazilərdə məktəblərin inşasına və təhsil quruculuğuna başlanılması Azərbaycan dövlətinin xalqın təhsilinə, milli-mənəvi yüksəlişinə göstərdiyi xüsusi diqqətin, qayğının aydın təzahürüdür.
“Azad edilmiş ərazilərdə işğaldan əvvəl ümumilikdə 259 məktəbəqədər təhsil, 673 ümumi təhsil, 40 məktəbdənkənar, 14 peşə təhsili, 7 orta ixtisas təhsili olmaqla 993 təhsil müəssisəsi fəaliyyət göstərib. On illərlə yaradılmış və 30 il ərzində bünövrəsinədək məhv edilmiş bir infrastrukturun tam bərpası mümkün olmasa da, işğaldan sonrakı qısa zaman kəsiyində Zəngilanda, Füzulidə, Şuşada, Laçında ümumtəhsil müəssisələrinin, Kəlbəcərdə isə modul tipli orta məktəbin fəaliyyətə başlaması özü çox böyük uğurdur. Bu uğurlar Prezident İlham Əliyevin milli təhsilə göstərdiyi böyük diqqət və qayğısından qaynaqlanır. Bu gün Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlaması Azərbaycan maarifçilik tarixində önəmli hadisələrdən biridir. Xankəndidə açılan yeni Universitetin timsalında Qarabağ adının təhsil sistemimizdə xüsusi yer və status alması tarixi zəfərimizin mənəvi tərəfini tamamlayan və dolğunlaşdıran əhəmiyyətli bir hadisədir.
Məktəblərin və Universitetin açılışı işğaldan əvvəl Qarabağda mövcud olmuş təhsil ənənələrinin davamıdır. Hələ 1969-cu ildə Qarabağda ilk ali təhsil müəssisəsi kimi Azərbaycan Pedaqoji İnstitutunun filialı açılmış və 1988-ci ilədək uğurla fəaliyyət göstərmişdi. İşğal həyatın bütün sahələrində olduğu kimi Qarabağda təhsil fəaliyyətinə də son qoymuşdu. 2023-cü ilin sentyabr ayında keçirilmiş uğurlu antiterror tədbirləri nəticəsində Xankəndi şəhərinə nəzarət bərpa olunduqdan sonra Azərbaycan Prezidenti Qarabağ Universitetinin yaradılması haqqında Sərəncam imzaladı. Qarabağda mövcud olmuş təhsil ənənələrinin bərpası və regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksək ixtisaslı kadrların hazırlanması üçün Qarabağ Universitetində təhsil alacaq tələbələr və tədris prosesini təmin edəcək akademik heyət üçün müasir standartlara uyğun fəaliyyət mühitinin formalaşdırılmasına başlanıldı. Qısa müddət ərzində Sərəncamın icrası ilə bağlı əhəmiyyətli addımlar atıldı və nəhayət, 2024-2025-ci tədris ilində universitetə ilk tələbə qəbulu həyata keçirildi”, – deyə C.Feyziyev bildirib.
O deyib ki, builki tələbə qəbulu imtahanlarında respublika üzrə ən yüksək nəticələr əldə etmiş 101 gənc təhsil almaq üçün məhz Qarabağ Universitetini seçib. Universitet öz fəaliyyətinə Pedaqoji, İqtisadiyyat, Humanitar və Sosial elmlər, Mühəndislik, İncəsənət və Turizm ixtisasları üzrə 6 fakültə və 27 ixtisas qrupu ilə başlayır. İlk tədris ilini 1200 tələbə və 100 akademik heyətlə başlayan Qarabağ Universiteti tezliklə ölkənin ən nüfuzlu ali təhsil müəssisələrindən birinə çevrilməyi hədəfləyir.
Fəlsəfə doktorunun sözlərinə görə, dördüncü sənaye inqilabının tələblərinə və perspektivlərinə uyğun çağdaş təhsil standartlarının tətbiqi tezliklə Qarabağ Universitetini ölkəmizin aparıcı elm və təhsil müəssisəsinə çevrilməsini təmin edə bilər. Texnoloji proseslərin sürətlə dəyişdiyi bir dünyada hər bir xalqın gələcəyi, ilk növbədə, onun təhsil və elm sahəsindəki uğurlarından asılıdır. Gələcəyimiz üçün ən məsuliyyətli bir fəaliyyətin ilk addımlarını atan Qarabağ Universitetinin uğurları gələcək nəsillərimizin həyatın bütün sahələrində ölkə və dünya miqyasında qazanacağı uğurları təmin edəcək.