1 iyul 2025-ci ildə Bakıda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Kitab Evi” İctimai Birliyinin həyata keçirdiyi “Turançılıq ideyaları müasir ədəbiyyatda” adlı layihə çərçivəsində nəşr olunan “Qarabağ Zəfərindən Turana doğru” antologiyasının təqdimatı keçirilib.
Tədbir iştirakçıları layihəni yüksək dəyərləndiriblər. Çıxış edənlərdən yazıçı Səfər Alışarlı, Jalə Cəfərova, Xanım Mehdixanlı, türkoloq Ələsgər Siyablı, professor İbadulla Ağayev, Hümeyir Əhmədov, ədəbiyyatşünas-alim Aygün Bağırlı, şair Yusif Nəğməkar, Qulu Ağsəs, Ramiz Rusarçaylı, Təranə Məmməd, İlqar Türkoğlu qeyd ediblər ki, bu gün təqdimatına toplaşdığımız bu antologiyada yer alan əsərlər heç də Qarabağ Zəfəri, o zəfərdən daha da güclənən turançılıq ideyaları haqqında gəlişigözəl sözlər, fikirlər deyil, bu əsərlərdə Azərbaycan xalqının, eləcə də türk toplumunun arzuları, ümidləri və inancları birləşib. Əsərlərdə mövzu ilə bağlı xalqımızın (və digər türk xalqlarının) milli dəyərləri və turançılıq ideyaları işıqlandırılır. Bu da xalqın milli ruhunu yüksəldir, onu bir milli ideya ətrafında daha sıx birləşməyə səsləyir.
Tədbirdə vətənpərvər şeirlər səslənib və aşıq Fikrət Cəfəroğlunun ifası dinlənib.