Bu fikirləriPublika.az-a açıqlamasında millət vəkili, iqtisadçı Vüqar Bayramov bildirib. V.Bayramov 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin söylədiyi tezisləri şərh edib.
Millət vəkili bildirib ki, Azərbaycan 2023-cü ilə uğurlu şəkildə start verib və hər zaman olduğu kimi, bu il də sosial-iqtisadi islahatlar dövlət siyasətinin əsasını təşkil edir. “Əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar danılmazdır. Bildiyiniz kimi, ilin əvvəlində minimum əməkhaqqı və pensiyalarda artım oldu. Bununla yanaşı, pensiyaların indeksləşdirilməsi həyata keçirildi. Bunu da vurğulamalıyam ki, 2023-cü ilin dövlət büdcəsindən xərclərin 45%-i sırf sosial layihələr üçün nəzərdə tutulub”, – deputat əlavə edib.

Vüqar Bayramovun fikrincə, ümumiyyətlə, Azərbaycan son 4 ildə çox intensiv şəkildə sosial paketlərin maliyyələşdirilməsini həyata keçirib ki, bu da əsasən dövlət büdcəsinə daxilolmaların artması ilə bağlıdır.
Millət vəkili açıqlamasında ölkə başçısının Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı nitqinə də diqqət çəkib:
“Digər mühüm məqamlardan biri bu ilin 1-ci yarısında Qarabağ və Şərqi Zəngəzurun qurulması ilə bağlı həm maliyyə resurslarının ayrılması, həm də digər işlərin aktiv şəkildə aparılmasıdır. Azərbaycan 2023-cü ilin sonunadək işğaldan azad olunmuş ərazilərin bərpasına 12 milyarda yaxın vəsait ayıracaq. Bu, dövlətin ciddi maliyyə dəstəyinə əyani bir sübutdur. Digər tərəfdən isə 2026-cı ilədək ayrılacaq vəsaitin həcmi 19,2 milyard manat olacaq. Bir sözlə, Qarabağ və Şərqi Zəngəzurun bərpası Azərbaycanın fiskal siyasətində prioritetdir”.




















