image-rt-reklam
image-1backend

“Qarabağ”la bu dildə danışmaq olmaz – Andrey Lunyovun SƏHVİ

image-728x90

Andrey Lunyov “Qarabağ”a gələndən sonra meneceri Anton Smirnov əməlli-başlı aktivləşib.

Onun tərpənişi xüsusilə təmsilçimizin Avropa arenasında tarix yazmasından sonra hiss olunmaqdadır.

Axı rusiyalını “Bayer”in ehtiyat skamiyasından Rusiya millisinə kimi ucaldan “Qarabağ”ın böyük oyunları olub.

O, Avropa Liqasının pley-off mərhələlərini təmsilçimiz sayəsində görüb.

Deyəsən, Anton Smirnov isə düşünür ki, Lunyov çox böyük fiqurdu və onun gedişi ciddi itki olacaq.

Yersiz açıqlamalarını çox görmüşdük. Bu dəfə isə bardağı daşırıb. Məqsədi isə müştərisinin qiymətini babat qaldırmaq imiş.

Bu yolda hətta “Qarabağ”a hədə-qorxu gəlməkdən belə çəkinməyib.

Tanımasan, bilməsən düşünərsən ki, “Qarabağ” bu səviyyəyə məhz rusiyalı qolkiper sayəsində gəlib.

Amma biz Ağdam təmsilçisini çox yaxşı tanıyırıq. Və bu klubda Lunyovdan da böyük futbolçular çıxış edib. Sıradan futbolçuların böyük fayda verməsi də öz yerində.

Bilirik ki, bu komandanın uğurlarının kökündə həmin böyük futbolçular, sıradan futbolçuların böyük əməyi yox, Qurban Qurbanovla rəhbərlik arasındakı möhkəm bağlar dayanır.

Əbəs deyil ki, zaman-zaman iddialar səslənib ki, Dina Ndlovu, Riçard Almeyda, Patrik Andrade, Kadi Borges, Reynaldo və bir çox başqa futbolçular klubu tərk etsə, “Qarabağ”a çətin olacaq.

Hər birinin ayrı-ayrılıqda “atlılar”a böyük faydaları dəyib.

Amma “Qarabağ” heç birinin dalınca düşməyib. Qalması üçün yalvar-yaxar etməyib. Asılılıq nümayiş etdirməyib.

Tarixin yaddaşına köçən bir çox Azərbaycan klubları kimi, kimə gəldi kisənin ağzını açmayıb.

Hər kəsə haqqı olanı “of” demədən ödəyib.

Şişirtmə, yalançı rəqəmlərə yaxın belə getməyib.

“Qarabağ”da böyüyən, ən yaxşı vaxtlarında klubu tərk edənlər isə ya karyeralarında eniş yaşayıb geri dönüblər, ya da “Qarabağ”dan aşağı ranqlı klublarda oynamağa davam ediblər.

“Qarabağ” isə dəyişməz olaraq qalıb.

Bu klubdan gedənlərə çətin olub, itirən onlar olub.

Klub isə öz yolunda böyüməyə, addımlamağa davam edib.

Lunyova qarşı da münasibət elə olacaq. Çünki o da kimdənsə artıq deyil.

Menecer klubun içində deyil, tanımaya bilər.

Gərək Lunyov bu məsələdə menecerinə zamanında başa salardı ki, “Qarabağ”la bu dildə danışmaq olmaz.

XANOĞLAN İMANOV

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90