UEFA Çempionlar Liqasının ikinci turunda bu gün “Qarabağ” öz meydanında Danimarka təmsilçisi “Kopenhagen”i qəbul edəcək.
İlk turda sensasion nəticəyə imza atan Azərbaycan çempionu səfərdə Portuqaliyanın güclü klubu Benfikanı 3:2 hesabı ilə məğlub edərək turnirə tarixi qələbə ilə start vermişdi.
Bəs maraqlıdır, bu dəfə də “Qarabağ” uğurlu nəticə qazanaraq azarkeşlərini sevindirə biləcəkmi?
Bu yazıda komandaların üstün tərəflərini və şanslarını dəyərləndirəcəyik.

“Qarabağ”ın üstünlükləri
Ev amili: Tofiq Bəhramov adına Respublika Stadionunda oynamaq komanda üçün böyük üstünlükdür. Oyuna maraq həddindən artıq böyükdür və biletlərin hamıs demək olar ki, bir neçə saat ərzində satılıb. Oyunu 32 mindən artıq futbolsevərin izləyəcəyi txəmin edilir. Təbii olaraq azarkeşlərin dəstəyi psixoloji baxımdan komadaya əlavə güc verəcək.
Motivasiya: İlk turdakı qələbə oyunçuların inamını artırıb. 0:2 hesabı ilə geridə olmasına baxmayaraq, “Benfika”nı 2-3 hesabı ilə məğlub etmələri bu komandanın dözümlü və xarakterli olduğunu göstərir.
Hücum potensialı: “Qarabağ”ın ön xəttinin sürətli oyunçulardan təşkil olunması müdafiə arxasına ötürmələrdə rəqibə ciddi təhlükə yarada bilər.

“Kopenhagen”in güclü tərəfləri
Rəqib 16 qat Danimarka çempionudur. Olduqca intizamlı komandadır. Çempionlar Liqasının 1-ci turunda “Bayer Leverkuzen”ə qarşı keçirdikləri qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.Görüşdə “Kopenhagen” üstün tərəf idi. Kompakt şəkildə müdafiə olunmağı bacaran, sürətli kollektivdir. Ancaq məsələ burasındadır ki, “Kopenhagen” Bakıya ciddi itkilərlə gəlib. Danimarka klubunun hücumçusu Andreas Kornelius, yarımmüdafiəçi Oliver Hoyer, Maqnus Mattsson və Jonatan Moalem bu görüşdə çıxış edə bilməyəcəklər. Buna səbəb futbolçuların zədəli olmasıdır.
Ağdam klubunda isə cəmi bir itki var. Zədəli Marko Yankoviç bu matçda Azərbaycan çempionuna kömək edə bilməyəcək.
Avropa təcrübəsi: Skandinaviya təmsilçisi uzun illərdir avrokuboklarda çıxış edir və ciddi beynəlxalq təcrübəyə malikdir.
Taktiki intizam: “Kopenhagen” daha nizamlı və sistemli futbolu ilə tanınır. “Qarabağ”ın hücum fəallığını neytrallaşdırmaq üçün sıx bir müdafiə xətti quracaqları şübhəsizdir.
Favorit statusu: Analitiklərin əksəriyyəti danimarkalıların azacıq üstün olduğunu qeyd edir.
Qeyd edək ki, “FootballWhispers” platforması qarşılaşmanın 2:2 hesablı bərabərliklə nəticələnə biləcəyini proqnozlaşdırır. “Betfred” analitikləri isə “Qarabağ”ın qələbə şansını 36.4 %, “Kopenhagen”in qələbəsini isə 38.5 % olaraq dəyərləndiriblər. “Opta Sport” analitika portalının superkompüteri də Bakıda baş tutacaq görüşdə qonaqların qələbə şansını daha yüksək qiymətləndirib. Qurban Qurbanovun komansaının qalib gələcəyi 32,8 faiz göstərilibsə, Danimarka təmsilçisinin Bakıdan 3 xalla qayıtmaq ehtimalı 41,6 faizdir.
Qeyd edək ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Kopenhagen” oyunu saat 20:45-də start götürəcək”AzPolitika.info”