“Burada olmaq möhtəşəm hissdir. Hamımız çox sevincliyik”.
Bu sözləri Publika.az-a açıqlamasında “Qarabağ” – MOİK matçını izləmək üçün Xankəndiyə yollanan Ağdam klubunun veteran futbolçusu Əfran İsmayılov deyib. O, fikirlərinə belə davam edib:
“Cənab Prezident İlham Əliyev başda olmaqla, bura gəlməyimizdə zəhməti olan hər kəsə təşəkkür edirik. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı arzulayırıq. Onlar burada olmağımızın səbəbkarlarıdır. Kim burada olmayıbsa, onlara da bu torpaqlara gəlməyi arzulayıram. Bu oyunun təşkilatçılarına, əziyyəti olan hər kəsə təşəkkür edirəm. Onlar bu gün bizə möhtəşəm hisslər yaşatdılar. İnşallah burada beynəlxalq oyunlar da olsun”.
“Qarabağ”ın yetirməsi olan İsmayılov meydanda olmadığına görə təəssüflənmir:
“Belə də pis deyil. Kimin oynamağının fərqi yoxdur. Əsas odur ki, burdayam, tamaçılar arasındayam. Möhtəşəm hissləri, tarixi anları birlikdə yaşayacağıq”.






















