image-rt-reklam
image-1backend

“Qarabağ”: Çempionlar Liqasında 30 min tamaşaçı, Premyer Liqada isə boş tribunalar – Azarkeşləri necə cəlb etməli?

image-728x90

Bu gün Azərbaycan futbolunun 34-cü çempionatı start götürür. Uzun illərdən sonra ilk dəfə Premyer Liqada 12 komanda iştirak edəcək. Açılış oyunu Şamaxıda keçiriləcək – Birinci Liqadan elitaya yüksələn “Karvan-Yevlax” və “Qəbələ” üz-üzə gələcək.

Yeni mövsüm maraqlı keçəcək kimi görünür, lakin səviyyə baxımından əvvəlki illərlə müqayisədə müəyyən suallar doğurur. Çünki Premyer Liqaya vəsiqə qazanan “Yevlax” və digər debütant “İmişli”nin yüksək liqaya nə dərəcədə hazır olduğu hələlik bəlli deyil. Bu komandalar Premyer Liqada oynamaq hüququnu yalnız çempionatın 10-dan 12 komandaya genişləndirilməsi sayəsində əldə edib.

Sevindirici haldır ki, region komandalarının sayı artıb. Düzdür, onların hamısının hələlik doğma şəhərlərində oynamaq üçün lazımi şəraiti yoxdur. Amma bu da sirr deyil ki, Bakıdan kənarda keçirilən oyunlara maraq daha yüksək olur. Ötən mövsüm Premyer Liqanın ən çox azarkeş cəlb edən klubu böyük fərqlə “Turan-Tovuz” olmuşdu. Paytaxt klubları isə uzun illərdir tribunalara tamaşaçı cəlb etməkdə çətinlik çəkirlər.

“Turan-Tovuz” – Premyer Liqanın tamaşaçı lideri

Əvəzində avrokubok oyunlarına maraq qat-qat yüksəkdir. Məsələn, Çempionlar Liqası çərçivəsində bu həftə “Qarabağ”la Şimali Makedoniyanın “Şkendiya” klubu arasında keçirilən oyunu 30 mindən çox azarkeş stadiondan izləyib. Halbuki eyni Respublika stadionunda “Qarabağ”ın Premyer Liqa oyunlarında bəzən min nəfər belə olmur.

Bu, bir qədər anlaşılandır. Beynəlxalq oyunlarda “bizimkilər” və “onlarınkilər” qarşıdurması var. Daxili çempionatda isə bu cür intriqa yoxdur və yaradılmır. Hətta “Qarabağ” və “Neftçi” kimi klubların belə elə güclü və daimi azarkeş bazası yoxdur ki, hər ev oyununda azı 5 min tamaşaçı toplaya bilsinlər. Bundan əlavə, “Qarabağ”ın avrokubok oyunlarına yalnız klubun fanatları yox, digər klubların tərəfdarları və sadə futbolsevərlər də gəlir. Azərbaycanda Türkiyədəki kimi klublar arasında kəskin rəqabət və azarkeş düşmənçiliyi müşahidə olunmur.

Əlbəttə, uğurlu nəticələr də böyük rol oynayır. Komandanın beynəlxalq arenada göstərdiyi uğurlar tribunaların dolmasına təsir göstərir. Təəssüf ki, artıq neçə illərdir yalnız “Qarabağ” əsas mərhələlərə qədər yüksələ bilir.

“Qarabağ” avrooyunlarında böyük maraq doğurur

Bununla yanaşı, Azərbaycan çempionu azarkeşləri cəlb etmək üçün aktiv addımlar atır. “Şkendiya” ilə oyun günü Tofiq Bəhramov adına stadionun qarşısında fan-zona təşkil olunmuşdu: əyləncələr, yemək-içmək məntəqələri, rahat giriş-çıxış təmin olunmuşdu. Azarkeşlər uzun növbələr gözləmədən stadion ərazisinə daxil ola bilirdilər. Fanatlar arasında maraqlı viktorinalar, müsabiqələr keçirilirdi. Qaliblərə avrokuboklardakı növbəti oyunlara bilet hədiyyə olunurdu. Bu təşəbbüslərin həyata keçirilməsində “Qarabağ”a Gənclər və İdman Nazirliyi dəstək göstərib. Stadionun balansında olan nazirlik fan-zona və ümumi şəraitin yaradılmasında əhəmiyyətli rol oynayıb.

Bu tip tədbirlər “Qarabağ” tərəfindən Premyer Liqa oyunlarında da davam etdiriləcək.

Ailələr stadionda – idman və əyləncə bir arada

“Şkendiya” ilə oyunda tribunada qadın və uşaqların çoxluğu diqqət çəkirdi. Bu, bir daha göstərir ki, “Qarabağ”ın avrooyunları təkcə futbol deyil, həm də ailəvi istirahət və əyləncə məkanı kimi qəbul edilir. Kaş ki, daxili çempionat oyunları da bu qədər maraqlı və rəngarəng olardı.

Oyun zamanı tribunada klubun maskotu – “Kəhrə” adlı atın görünməsi də azarkeşlərin marağına səbəb oldu. Maskot – Azərbaycan stadionları üçün qeyri-adi hadisədir. Emosional və enerjili “Kəhrə” publikanı coşdurmağı bacardı. Bu cür detallarla stadionda bayram əhval-ruhiyyəsi yaradılır.

Stadionda bayram ab-havası – maskot “Kəhər” ilə

Bəs futbol azarkeşi Premyer Liqa oyununa niyə getmir və getməsi üçün nə lazımdır? Ən vacib məqamlar: rahat parkinq, komfortlu stadion şəraiti və əlbəttə, keyfiyyətli futbol. Əgər bütün bu şərtlər yerinə yetirilərsə, insanlar həftə sonunu maraqlı və mənalı keçirmək üçün stadionlara gəlməyə dəyər olduğunu anlayacaqlar.haqqin.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90