Sentyabrda “Neftçi”dən ayrıldıqdan sonra klubsuz qalan yarımmüdafiəçi Qara Qarayev özünə yeni komanda tapıb.
Ulusal.az xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü “Araz Naxçıvan”la anlaşıb. Müqavilənin müddəti mövsümün sonuna qədər olacaq.
Məsələ ilə bağlı Naxçıvan təmsilçisinin mövqeyini öyrəndik. Klub mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov saytımıza açıqlamasında bu sözləri dedi:
“Qara Qarayev ilə şifahi olaraq anlaşmışıq. Lakin hələ rəsmi müqavilə imzalanmayıb. Rəsmi anlaşma olduqdan sonra transferin tamamlandığını bildirə bilərik”.
Qeyd edək ki, 32 yaşlı Qarayev karyerası ərzində “Neftçi”dən başqa yetirməsi olduğu “Qarabağ”da çıxış edib.