image-rt-reklam
image-1backend

Qanlı 20 Yanvar faciəsi

image-728x90

Xoşbəxtlik gələndə zərif yel kimi gəlir, gəlişi də çox bilinmir. Bədbəxtlik isə tufan tək gəlir, uçura-uçura, dağıda-dağıda gəlir. Özü də bədbəxtliyi heç kəs öz xoşuna seçmir, o, özü gəlib bizi tapır. Xalqımızın başına açılan oyunlar kimi, qanlı 20 Yanvar kimi.

20 Yanvar Azərbaycan vətəndaşının yaddaşına müstəqilliyin qazanılması uğrunda mübarizənin zirvəsi kimi əbədi olaraq həkk olunmuş bir tarixdir. Məhz bu tarixdə 1988-ci ildən başlamış xalq hərəkatı özünün kulminasiya nöqtəsinə çatdı və Azərbaycanın yüzlərlə qəhrəman oğulları bu yolda, azadlıq və müstəqillik uğrunda şəhid olaraq gələcək nəsillərə istiqlaliyyət və azadlıq bəxş etdilər. Bəli, 20 Yanvar gecəsi minlərlə Azərbaycan övladını meydanlara, silahlı rus qəsbkarlarının bütövlüyünü, toxunulmazlığını,azadlığını qorumaq və təmin etmək arzusu idi. Məhz buna görə də xalqımızın bundan sonrakı bütün tarixi boyu 20 Yanvar şəhidləri yaddaşlarda qalacaq və əbədi yaşayacaqdır.

20 Yanvar faciəsi bizə müqəddəs bir and yeri bəxş etdi. Doğma Bakımızın Dağüstü park kimi tanınan ünvanı möhtəşən bir məzara çevrildi və ilk şəhidlərini qəbul edərək Şəhidlər xiyabanına döndü. Bu müqəddəs yer bugünkü azadlığımız, müstəqilliyimiz uğrunda canlarını qurban verənlərin ziyarətgah yerinə çevrildi.

Gəlir məzar üstə ixtiyar, cavan,

Qalır bu ağrılar yaddaşlarında.

Şəhid olanların faciəsini

Onlar aparırlar göz yaşlarında.

Hər il 20 Yanvar faciəsinin tarixi ildönümündə Şəhidlər xiyabanı sanki gül yağışına qərq olur. Uşaqdan böyüyədək bütün Azərbaycan xalqı həmin gün Şəhidlər xiyabanını cəmi müsəlmanların əbədi məbədgahına çevrilən Məkkə və Mədinə kimi ziyarət edir.

Bəli, bu gün də Azərbaycan şəhidlik zirvəsinə ucalan oğul və qızlarını hədsiz ehtiramla yad edir və daim yad edəcəkdir. İndi hər bir azərbaycanlı lazım gələn anda 20 Yanvar şəhidlərinin getdiyi şərəfli yolu təkrarlamağa hazırdır. Müstəqil dövlətimizin və dövlətçiliyimizin qarantı da məhz qürurunu, vətəndaşlıq qeyrətini hər şeydən üstün tutan belə oğulların varlığıdır.

Müdrik dövlət başçısı Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra 20 Yanvar hadisələrinə dolğun siyasi qiymət verilməsi bu inamı və əqidəni daha da möhkəmləndirdi. Yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş şəxslərə dövlət başçısı tərəfindən 《20 Yanvar şəhidi》fəxri adının verilməsi o günü bir daha gələcək nəsillərin yaddaşına həkk etdirdi.

Azərbaycan xalqı 20 Yanvar şəhidlərini heç zaman unutmayacaq, ən əbədi xatirə kimi həmişə yad edəcəkdir. Onların xatirəsi bizim üçün əbədi və müqəddəsdir!

Günəş qürub edib, ömür sönüb,

Bu yerdə əbədi bir məşəl yanır.

İnsan dəstələri axıb buraya

Şəhid olanları bu yerdə anır!

                                                                              Hacıəliyeva Zərifə Telman qızı

                                                                                  Bakı Qızlar Universiteti

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90