Ucar rayonunda 2000-ci il təvəllüdlü Rüzgar qısqanclıq zəminində yaranan mübahisə zamanı anası Jaləni (adlar şərti verilib – red.) qətlə yetirib.
Ulusal.az Teleqraf.com-a istinadla xəbər verir ki, Rüzgar mobil telefonuna 1981-ci il təvəllüdlü anası Jalənin səhvən intim məzmunlu mesaj göndərməsindən sonra onun kənar şəxslə sevgi münasibətində olmasından şübhələnib.
Bu məsələni aydınlaşdırmaq məqsədilə 17 avqust 2023-cü ildə o, Moskva şəhərindən Bakıya qayıdıb. Avqustun 18-də gecə saat 4 radələrində Bakı Beynəlxalq Avtovağzal Kompleksinə gəlib və istintaqla müəyyən edilməsi mümkün olmayan taksi ilə Jalənin tək yaşadığı Ucar rayonu, Qaradağlı kəndindəki evinə yola düşüb.
Rüzgar Jalənin yatdığı otağa daxil olub, yuxudan oyanan anasından kiminlə sevgi münasibətində olduğunu soruşub. Jalə oğluna şəxsi həyatı ilə bağlı hesabat verməyəcəyini deyib, üzünə şillə vurmasından əsəbiləşib.
Rüzgar yaranmış mübahisə zamanı iki əli ilə anasının boğaz nahiyəsindən yapışıb və döşəmə üzərinə yıxaraq, onu boğub öldürüb.
“Atam evdən getdi”
İstintaq orqanı tərəfindən Rüzgarın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rüzgar ona elan elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, mərhum Jalə doğma anasıdır, atası Fərrux 2021-ci ildə evdən gedərək Bakı şəhərində yaşamağa başlayıb: “Məndən başqa iki bacım isə ailə həyatı quraraq ayrı yaşayırlar.
2020-ci ilin iyulunda hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra Bakı şəhərinə getdim. 2022-ci ilin yanvar ayına qədər müxtəlif restoranlarda ofisiantlıqla məşğul oldum. Həmin tarixdən isə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə, əmimin yanına getdim, onun yanında işlədim”.
“Anamla əlaqə saxlayırdım”
Rüzgar qeyd edib ki, Moskva şəhərində olduğu müddətdə yalnız bir dəfə – 2023-cü ilin yanvarında sürücülük vəsiqəsi almaq məqsədilə Ucar rayonuna gəlib: “Həmin vaxt anamın başqa kənar şəxslərlə münasibətinin olmasından şübhələndim. Evin darvazasına və həyətə müşahidə kamerası quraşdırdım. 10-15 gün qaldıqdan sonra yenidən Moskva şəhərinə qayıdaraq işlərimə davam etdim. Moskvada olduğum müddətdə anamla hər gün əlaqə saxlayırdım”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 16 avqust 2023-cü ildə vatsapda anasından səhvən gələn səsli mesaja qulaq asdıqda onun kənar şəxslə intim münasibətdə olmasını başa düşüb: “Dərhal anama zəng edərək bu səslərin nə olduğunu soruşdum. Anam mənə səs atdığını inkar etməyə başladı, sonra da telefonu söndürdü.
Yenidən səsləri anama göndərdim, sonra ona zəng etdim. Anam zəngə 3-cü dəfə cavab verdi. Telefonda ona evdən çıxıb yox olmağı tapşdırdım. Anam isə evdən çıxmayacağını, həmin səslərin özünə aid olmadığını söylədi”.
“Bibim dedi, rayona səhər gedərsən”
Təqsirləndirilən şəxs qeyd edib ki, səhəri gün, yəni avqustun 17-də anasına Azərbaycana qayıdacağını, o, gələnə kimi evdən çıxmağı tapşıraraq telefonu söndürüb: “Həmin gün Bakı şəhərinə uçuş bileti aldım. Avqustun 17-də təyyarə ilə Bakıya uçdum. Bibim Nazilənin Sulutəpə qəsəbəsindəki evinə getdim. Oradan anama zəng edərək Bakıda olduğumu və bir daha evdən çıxmasını tələb etdim.
Saat 18 radələrində bibim oğlu Xəlilə zəng edərək Bakıya gəldiyimi, onunla görüşmək istədiyimi bildirdim. Xəlil Quba rayonundan Bakıya qayıtdığını, yolda olduğunu, Sulutəpə qəsəbəsində görüşə biləcəyimizi söyldi. Saat 21 radələrində Sulutəpə qəsəbəsində “Dörd yol” deyilən ərazidə Xəlillə görüşərək söhbət etdik.
Xəlil bibim Naziləyə zəng edərək, mənimlə bir yerdə olduğunu və Ucar rayonuna getmək istədiyini dedi. Bundan sonra Xəlil telefonu mənə verdi. Bibimlə telefonda təxminən 2 dəqiqə danışdım. Bibim gecə olduğu üçün Ucar rayonuna səhər getməyi məsləhət gördü. Onun sözlərinə məhəl qoymayaraq Ucar rayonuna indi gedəcəyimi dedim və telefonu Xəlilə verdim.
Xəlil Ucara nə məqsədlə getməyimi soruşduqda, ona anam Jaləni görmək istədiyimi dedim”.
“Şans verməyimi istədi”
Rüzgarın sözlərinə görə, Xəlilə avtovağzala, oradan da taksi ilə Ucar rayonuna gedəcəyini bildirib: “Xəlillə sağollaşdım, avtobusla avtovağzala getdim, saat 01.20-də Bakıdan nömrəsini xatırlamadığım “Mercedes” markalı taksi ilə yola çıxdım. Saat 4 radələrində Ucar rayonuna çatdım. Kəndimizin girişində taksidən düşərək piyada evə getdim.
Darvazadan həyətə baxdıqda heç kəsin olmadığını gördüm. Darvaza bağlı olduğu üçün bitişik hasardan tullanaraq həyətə keçdim. Qonaq otağında olan çarpayıdan səs gəldikdə anamın yuxudan ayıldığını hiss etdim. Ayaqqabımı soyunaraq qonaq otağına daxil oldum. Otağa girən kimi işığı yandırdıqda anamın çarpayıda oturmuş vəziyyətdə qorxaraq mənə baxdığını gördüm.
Anamdan niyə evdən çıxmadığını soruşdum və telefonunu götürdüm, zənglərə, mesajlara, şəkillərə baxdım. Telefonda kənar şəxsə aid heç nə tapmadım. Anam mənə səhv etdiyini, bir də belə bir şey olmayacağını dedi. Həmin an başqası ilə münasibətinin olduğunu təsdiqləyərək ona şans verməyimi istədi”.
“Anam xırıldamağa başladı”
Rüzgar deyib ki, anasından evdən çıxmağı tələb edib və qolundan tutaraq çarpayıdan qaldırıb:
“Bu zaman o, öz istədiyi kimi yaşayacağını, heç kimin ona heç nə deyə bilməyəcəyini, heç kimə şəxsi həyatı ilə bağlı hesabat verməyəcəyini və heç kimin sözüylə evdən çıxmayacağını dedi. Sonra qışqıraraq mənə nalayiq ifadələr işlətməyə başladı. Üzümə sağ tərəfdən şillə vurdu.
Anamın boğazından iki əlimlə yapışaraq boğmağa başladım. Dizlərimi yerə qoyduqdan sonra yenə boğmağa davam etdim. Daha sonra anamı arxası üstə uzatdım, bu vəziyyətdə də onu boğdum. Bu zaman anam mənim boğaz nahiyəmə cırmaq atdı. Cırmaq atdıqda əllərimi boğazından çəkdim, anam xırıldamağa başladı”.
“Meyiti iki palaza bükdüm”
Rüzgar qeyd edib ki, qonaq otağında elektrik ötürücüsünə taxılmış vəziyyətdə olan mobil telefona enerji ötürülməsi üçün nəzərdə tutulmuş naqili ötürücüdən ayırıb, anasını yenidən arxası üstə döşəməyə sərərək dizlərini onun üzərinə basıb, müqavimət göstərməsinin qarşısını alıb:
“Naqili boğazına dolayaraq çarpaz istiqamətdə sıxdım. Təxminən bir dəqiqə həmin vəziyyətdə anamı boğduqdan sonra onun öldüyünü anladım. Özüm ayağa qalxdım, naqil anamın boğazında qaldım. Otaqda olan iki palazdan birini götürdüm, anamın üzərinə sərdim və onu palaza bükdüm. Servantdan mobil telefona enerji ötürülməsi üçün nəzərdə tutulmuş iki naqil götürərək palazı bağladım.
Palazı dartaraq evin eyvanına, qonaq otağı ilə yataq otağının arasına çıxardım. Birinci fikrim anamın meyitini eyvanda saxlamaq oldu. Havanın işıqlandığını gördükdə meyiti palazla birlikdə hadisə baş verən otağın sağında yerləşən yataq otağına sürüyüb apardım.
Meyiti yataq otağının sağ küncünə uzandırdıqdan sonra qonaq otağında olan digər palazı gətirərək meyitin üzərinə atıb otaqdan çıxdım. Otağın qapısına qıfıl keçirsəm də, açarla bağlamadım”.
“Bibimə hər şeyi danışıb təslim oldum”
Təqsirləndirilən şəxs deyib ki, kəndin giriş hissəsindən keçən Gürcüstan-Qazax-Bakı avtomagistral yolunun kənarında dayanaraq Bakı istiqamətində hərəkət edən “Opel” markalı avtomobilə minib və Bakı şəhərinə gedib:
“Saat 9 radələrində Bakıda “20 Yanvar” metrosunun yaxınlığında düşdükdən sonra avtobusla bibimgilə getdim. Bibim məndən niyə evə gec gəldiyimi, saatlarla harada olduğumu, telefona niyə cavab vermədiyimi soruşduqda mən hirslənib ağlamağa başladım. Mətbəxin pəncərəsi açıq olduğuna görə bibimə evin arxasına keçməyi təklif etdim. Evin arxasında ağlaya-ağlaya bibimə bütün olanları danışdım.
Babam Musaya zəng elədim. Amma onunla danışa bilmədiyimə görə telefonu bibimə verdim. Bibim baş verənləri babama danışdı. Daha sonra Moskvada yaşayan əmim Əliyə və digər bibim Günaya zəng edərək anamı qətlə yetirdiyimi dedim.
Əmim telefonda ağlayaraq mənə gedib təslim olmağımı dedi. Bibilərim Günay və Nazilə ilə birlikdə Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis bölməsinə getdik. Könüllü polisə təslim oldum”.
“Videodakı “N” hərfinin kim olduğunu soruşdum”
İş üzrə şahid qismində ifadə verən təqsirləndirilən Rüzgarın bibisi Nazilənin sözlərinə görə, qardaşı Fərruxla Jalə təxminən hadisədən bir il əvvəl faktiki ayrılıblar: “Qardaşım arvadı Jaləyə nifrət etdiyini bildirərək onunla yaşamaq istəmədiyini dedi. Təxminən bir il əvvəl Ucar rayonunun kəndinə yasa gələndə camaat arasında Jalənin başqa kişi ilə münasibətinin olması barədə söz-söhbət yayıldığını eşitdim. Jalənin özü də adına yalandan başqa bir şəxslə münasibətinin olması haqqında kənddə şayiələr çıxardıqlarını dedi. Son zamanlar Jalənin vatsapda daim onlayn olduğunu görürdüm. Niyə bu qədər onlayn olmağının səbəbini soruşduqda, qızları ilə danışdığını deyirdi”.
Nazilə qeyd edib ki, avqustun 12-də Jalənin Bakıda yaşayan qızı Sayalı qaynanası ilə birlikdə Ucar rayonuna yasa gedib: “Sayalı anası Jalədən ötrü darıxdığından 5-6 gün onunla qalmaq istəsə də, Jalə qızının qalmasına icazə vermədi, onu taksi ilə Bakıya yola saldı.
Bundan başqa, avqustun 7-də baldızım və eyni zamanda Jalənin qudası olan Kəmalənin qızı Fatimə mənə vatsapda onun statusun ekran görüntüsünü göndərdi. Jalənin vatsapa, “Tik-tok”a qoyduğu videoda “N” baş hərfi və ürək şəkilləri vardı. Videoya görə bacım Günaya zəng etdirərək Jalədən videoda olan “N” hərfinin kim olduğunu soruşdum. Jalə həmin videonu vatsapa bilməyərəkdən qoyduğunu dedi”.
“Anasının yox olduğunu dedi”
Nazilə deyib ki, qardaşı oğlu Rüzgar kənddə yaşayıb böyüyüb, hərbi xidmətdən sonra Bakı şəhərində bir müddət işlədikdən sonra Moskva şəhərinə əmisi Əlinin yanına yollanıb, meyvə-tərəvəz işi ilə məşğul olub: “Qardaşım Əli zəng edərək mənə Rüzgarın Bakıya gələcəyini, onun anası Jalə ilə nəsə bir işi olduğuna görə Ucara getmək istədiyini dedi. Növbəti gün, günorta saatlarında Rüzgar Sulutəpə qəsəbəsində yaşadığım evə gəldi. Həyətdə oturub yemək yedik, söhbət elədik.
Təxminən 1 saat qaldıqdan sonra özünə nömrə alacağını və dostu ilə görüşəcəyini deyərək evdən çıxdı. Saat 21 radələrində bacım Günayın oğlu Xəlil zəng edərək Rüzgarın yanında olduğunu, bir az sonra isə zəng edərək Rüzgarın Ucar rayonuna getməkdə israr etdiyini dedi.
Rüzgarla telefonda danışaraq Ucar rayonuna getməməsini, evə qayıtmasını və səhər birlikdə Ucara getməyi təklif etdim. O isə sözümə məhəl qoymayaraq gedəcəyini bildirdi. Avqustun 18-də saat 9 radələrində Rüzgar vatsapda yazaraq bizə çatdığını dedi, hamamı hazırlamağımı istədi.
Saat 09.30-d Rüzgar bizə gələndə onun əllərinin əsdiyini və yaxşı vəziyyətdə olmadığını gördüm. Bunun səbəbini soruşduqda Rüzgar mənimlə birlikdə evin arxasına keçərək Jaləni pis vurduğunu, onun yox olduğunu dedi. Bundan sonra ağlamağa başladı”.
“Sevgili münasibətinin olduğunu dedi”
Şahid qismində ifadə verən Sayalının sözlərinə görə, mərhum Jalə anası, təqsirləndirilən Rüzgar isə qardaşıdır:
“Təxminən hadisədən bir il əvvəl atam Fərrux bizi tərk edərək evdən getdi. Bundan sonra atamı birdə heç vaxt görməmişəm.
12 avqust 2023-cü ildə qaynanamla birlikdə Ucar rayonuna yasa gəldik. Anamdan ötrü darıxdığım üçün bir həftə onun yanında qalmaq istədim. Onun yanında cəmi 2 gün qaldım. Sonra anam Bakıya getməyimi tələb edərək məni yola saldı. Anamın evində qaldığı iki gündə kənddə olan Niyaməddin adlı qonşumuz evimizə gəldi.
İki gün hər axşam saat 23 radələrində Niyaməddinlə anam bizdə qonaq otağında spirtli içki qəbul edib yemək yedilər. Niyaməddin bir gecə bizdə qaldı, bir gecə isə yeyib-içdikdən sonra getdi. Anam mənə Niyaməddinlə sevgi münasibətində olduğunu, bunu yalnız bacım Sahilənin bildiyini dedi.
Qardaşım Rüzgarın Azərbaycana gəlməyindən xəbərim olmayıb. Həyat yoldaşım mənə Rüzgarın Azərbaycana gəldiyini, Ucara gedərək anamı döydüyünü, anamın xəstəxanada olduğunu, Rüzgarın isə tutulduğunu dedi. Buna görə həyat yoldaşım və qaynanamla kəndə getdik. Qardaşımın anamı qətlə yetirdiyini orada bildim”.
Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rüzgar 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.