Rusiyanın işğalı altında olan Ukraynanın Mariupol şəhərində müharibə zamanı dağılmış binalar yenidən tikilərək Rusiya vətəndaşlarına satılır.
Ulusal.az xəbər verir ki, yerli mənbələrin məlumatına görə, ilkin vəziyyətindən xeyli fərqlənən yenidən tikilən mənzillər Rusiyadan yeni köçənlərə aşağı faizli kreditlə təklif olunur.
Kremllə əlaqəsi olduğu iddia edilən tikinti şirkətləri də sökülən mülklərin yenidən qurulmasından qazanc əldə edirlər. Bildirilir ki, ukraynalı ev sahiblərinə mülklərinin sökülməsi barədə məlumat verilmir. Onların əmlakı tələb etmək üçün geri qayıtmaq cəhdlərinin qarşısı ya alınır, ya da qanuni tədbirlərdən imtina edilir.
Güman edilir ki, Rusiya bu addımları regionda etnik rus əhalisini artırmaqla demoqrafik strukturu dəyişmək üçün atır.
Qeyd edək ki, Mariupol Rusiya-Ukrayna müharibəsinin ilk həftələrində yaşanan ağır mühasirə və dağıntılardan sonra Ukrayna müqavimətinin simvoluna çevrilib. Rusiya işğalından əvvəl şəhərin təxminən 430 min əhalisi var idi.Publika.az