Rusiya Prezidenti Vladmir Putin Kiyevi raket atəşinə tutmaqla ABŞ və Avropaya öz şərtlərindən geri çəkilməyəcəyini göstərir. ABŞ rəhbərliyi isə Putini sülhə məcbur etməyin yolunu hələ də bilmir…
Əslində, bu yol Rusiyanın bir dövlət kimi iqtisadi və hərbi cəhətdən kollapsa uğradılmasından keçir. Hadisələrin inkişaf dinamikası məhz bu ssenarinin gerçəkləşməsinə doğru gedir. Putinin Ukraynanı döyüş meydanında taqətdən salmaq taktikası özünü doğrultmur. Rusiya öz tarixi boyu girdiyi bütün müharibələrdə insan resursundan “top yemi” kimi istifadə edib. Kreml rəhbəri bu taktikanın yenidən işə yarayacağına əmindir və ona görə də müharibənin naməlum vaxta kimi uzanmasında maraqlı görünür.
Putin tam arxayındır ki, nə qədər əsgər qırılmasına baxmayaraq, Rusiya əhalisi etiraz səsini qaldırmayacaq. Həqiqətən də Rusiya cəmiyyəti elə kökdədir ki, indiki itkilərdən dəfələrlə çox itki verilsə də səssizlik hökm sürəcək. Əvvəla, Rusiya cəmiyyəti bir məvhum kimi yoxdur, sadəcə amorf və hər şeyə uyğunlaşan itaətkar kütlə var. Onun nisbətən fəal kəsiminin müqavimətini təşkil edəcək və öz arxasınca apara biləcək Boris Nemtsov və Aleksey Navalnı kimi liderlər fiziki cəhətdən məhv ediliblər.
Ancaq bütün bunlardan asılı olmayaraq, Rusiyanın zəif tərəfləri göz qabağındadır və Ukrayna ordusu bu fürsətdən müvəffəqiyyətlə yararlanmağa başlayıb. Rusiyanın Neft Emalı Zavodlarının, yanacaq-nəqliyyat qovşaqlarının və limanlarının dron zərbələriylə vurulması fonunda bu ölkənin ağır məğlubiyyətə uğradılmasının mümkünlüyü barədə fikirlər səslənir. Şübhəsiz ki, bu baxımdan Ukraynanın “Flaminqo”, ”Neptun” və “Sapsan” raketlərinin tezliklə döyüş cərgəsinə qoşulması müharibənin gedişini kardinal şəkildə dəyişə bilər….
Rusiyanın istər iqtisadi və istərsə də coğrafi cəhətdən güclü tərəfi (ərazi genişliyi) indi onun ziyanına işləyir, çünki bu böyüklükdə ərazini Hava Hücumundan Müdafiə sistemləri ilə tam səmərəli təmin etmək asan deyil. SSRİ-ni İkinci Dünya müharibəsində Hitler Almaniyasından ABŞ-nin böyük yardımı və həmçinin geniş ərazi və insan resursları xilas etmişdi. Lakin indi Rusiya Ukrayna doronlarının cəngindən necə qurtulacağını bilmir. Rusiyada yanacaqdoldurma məntəqlərində uzanan növbələr və benzin qıtlığı dron zərbələrinin əyani nəticəsidir. Yanacaq qıtlığı Krımda, hətta Zabaykalye və Primorsk diyarında da yaşanır.
Ukrayna birinci dəfə deyil ki, Neft Emalı Zavodlarına hücum edir, amma budəfəki hücumların gücü daha dağıdıcı olub. Görünür, ukraynalılar həm hücum taktikasını, həm də dronların zərbə gücünü təkmilləşdiriblər. Əvvəllər dronlar Neft Emalı Zavodlarının yalnız hər hansı bir hissəsini, avadanlıqların bir qismini sıradan çıxarırdı və ruslar müəyyən vaxtdan sonra onları yenidən bərpa edə bilirdi. Amma indiki hücumlar ard-arda gəlir və nəticədə Samaradakı, Krasnodardakı və Volqoqraddakı zavodların fəaliyəti bütövlüklə dayanıb.
”Drujba” neft kəmərini də özündə birləşdirən Uniça neft-qaz nəqliyyat qovşağına endirilən zərbələr Ukraynanın böyük uğurudur. Bundan başqa, Ryazan-Moskva neft məhsulları kəmərinin partladılması Rusiya paytaxtına təsirsiz ötüşməyəcək. Həmin kəmər vasitəsilə Moskva benzin, dizel yanacağı ilə təchiz edilir. Həmin yanacaq-nəqliyyat xəttinə yenidən və daha güclü zərbələr vurulacağı istisna edilmir.
Rusiyada bütün ölkəni əhatə edəcək Hava Hücumundan Müdafiə(HHM) sistemi yoxdur. Əsas HHM qurğuları Putinin rezidensiyalarını və Moskva şəhərini qoruyur. Geniş əraziyə malik Rusiyada eşalonlaşdırılmış HHM sisteminin qurulması çox müşkül işdir və belə bir sistemin yaradılması üçün xeyli vaxt və nəhəng maliyyə vəsaiti lazımdır.
Yeri gəlmişkən, Rusiya hökuməti ölkənin hərbi relsin üzərinə qoyulmasının maliyyə fəsadlarını aradan qaldırmağa cəhd edir. Rusiya Hərbi Sənaye Kompleksi öz istehsal gücünün ən yüksək həddinə çatıb. Yəni, Rusiya istər zərbə dronlarının və istərsə də müxtəlif tipli raketlərin istehsalını artırmaq iqtidarında deyil. Onun silah zavodları tam gücü ilə və üç növbədə işləyir, bundan artığını etmək mümkünsüzdür.
Rusiyadan fərqli olaraq Ukrayna hərbi sənayesinin böyüməsi hələ irəlidədir. Ukraynanın aşağı sürətli, dağıdıcı potensialı zəif olan dronlarının Rusiya neft-qaz sənayesinə vurduğu sarsıdıcı zərbələrin ardınca yeni möhtəşəm zərbə dalğasını uzaqmənzilli raketlər həyata keçirəcək. Hazırda Ukraynanın əsas zərbə gücü 1600 kilometrə qədər məsafə qət edə bilən 60 kiloqram döyüş başlığı daşıyan “FirePoint AQ-400”(FP-1) dronlarıdır.
Mətbuatdan məlumdur ki, Ukrayna ordusu 3000 kilometr uzaqlıqdakı hədəfləri vura biləcək qanadlı “Flaminqo” raketlərini döyüşə hazırlayır. Ukraynalı mütəxəssilər rusların “Moskva” kreyserini batıran “Neptun” raketi üzərində də təkmilləşdirmə apararaq onun zərbə gücünü və uçuş məsafəsini artırıblar. Modifikasiya edilmiş yeni raket “Uzun Neptun” adlanır və 1000 kilometr uzaqlıqdakı hədəfi vurmaq özəlliyinə malikdir. Ukraynanın səbirsizliklə gözlədiyi daha bir sarsıdıcı silahı 480 kq döyüş başlığı ilə 500 kolmetr uzaqlıqdakı hədəfləri vura biləcək ballistik “Sapsan” Operativ Taktiki Raket Kompleksidir.
Mütəxəssislərin fikrincə, Ukrayna sözügedən raketlərin kütləvi istehsalına başlayandan sonra xeyli sayda ehtiyat toplamalıdır. Döyüş arsenalında az miqdarda raketlərlə iri miqyaslı hücumlar həyata keçirmək yanlış olar. Ümumiyyətlə, bir-biriylə əlaqəli olan xeyli faktor mütləq nəzərə alınmalıdır. Sözsüz ki, böyük təcrübə toplamış Ukrayna Silahlı Qüvvələrinin komandanlığı Rusiyanı sındıra biləcək fürsətdən necə istifadə edilməsinin yollarını yaxşı görür.
Vladimir Putin Ukraynaya soxulmaq əmrini verəndə, müharibənin uzanmasını, hərbi texnlogiyanın yeni inkişaf mərhələsinə qədəm qoyacağını ağlına gətirmirdi. İndi Kreml rəhbəri yeni və qorxulu reallıqlarla üzləşib. Bundan sonra Rusiyanın gələcək taleyi Putinin proseslərin hara gedə biləcəyini necə qavramasından asılıdır. Əgər Rusiya rəhbəri öz sərsəm siyasi iddialarından əl çəkməzsə, onda yaxın perspektivdə ölkənin bütün strateji obyektləri Ukrayna Silahlı Qüvvələrinin hədəfinə çevriləcək və nəticədə Rusiya Federasiyası adlanan subyekt çöküşə qərq olacaq.
Görəsən, Qərb dünyası onu yenə də xilas edəcəkmi?“AzPolitika.info”