Dağıstandakı hava limanında baş verən məlum hadisələr Rusiyadakı yəhudilər arasında böyük təşviş yaradıb.
Rusiyadakı Yəhudi İcmasını təmsilı edən Baş Ravvinliyin mətbuat katibi Ovadya İsakov Dağıstanda yaşayan yəhudi ailələrini sözügedən bölgəni, hətta Rusiyanı tərk etməyə dair rəsmi çağırış edib. Belə ki, Mahaçqaladakı hadisələrin Şimali Qafqaza, hətta bütünlükdə Rusiyaya yayılması perspektivi kifayət qədər yüksək qiymətləndirilir.
Artıq məlum olduğu kimi,İsrail XİN Rusiyaya müraciət edərək, israillilərin və yəhudilərin təhlükəsizliyinin təmin edilməsini istəyib. Lakin Kremlin kifayət qədər ləng reaksiyası və davranışları, bundan öncə isə Rusiya rəhbərliyinin açıq şəkildə HƏMAS-ıdəstəkləməsi Rusiya cəmiyyətində, xüsusilə də Şimali Qafqazda elə bir situasiya yaradıb ki, yəhudilərə qarşı kütləvi zorakılıqların, hətta qətllərin baş verməsini istisna etmək olmaz.
Maraqlıdır ki, Dağıstanda baş verənlərə ilk olaraq Kreml deyil, yerli rəhbərliklər səviyyəsində reaksiyalar verilib və çağırışlar edilib. Belə ki, Dağıstan Respublikası başçısı Sergey Melikov, Qaraçay-Çərkəz Respublikası başçısı Raşid Temrezov və Kabardin-Balkar Respublikasının başçısı Kazbek Kokov oktyabrın 29-da Şimali Qafqaz xalqlarını təxribata uymamağa çağırıblar. Lakin aydın görünür ki, bu çağırışlara məhəl qoyan yoxdur. Belə ki, Dağıstanın Milli siyasət naziri Enrik Müslümov və Gənclər naziri Kamil Saidov Mahaçqala aeroportuna gələrək, kütləni sakitləşdirməyə çalışsa da, onlara fikir verən olmayıb və buraya toplaşanlar aeroporta daxil olaraq, linç etmək üçün İsraildən gələn təyyarədəki sərnişinləri axtarıblar.
ABŞ Müharibə Araşdırmaları İnstitutunun(ISW) mütəxəssisləri hesab edirlər ki, bu baş verənlər Şimali Qafqazın Vladimir Putinin nəzarətindən çıxmasının ilkin əlamətləri hesab edilə bilər. Onların son hesabatında qeyd olunur ki, Kremlin xüsusilə də Ukraynadakı işğalçılıq müharibəsi fonunda cəmiyyətdə yaratdığı nifrət, iqrçilik, milli və dini dözümsüzlük ab-havası onun zöünə qarşı çevrilməkdədir.
Belə ki, Mahaçqalada baş verənlər və bunların bütünlükdə Şimali Qafqaza və Rusiyaya yayılması perspektivi Putinin Rusiya barəsində formalaşdırmağa çalışdığı “dini tolerant dövlət” mənzərəsinin üzərindən çarpaz xətlər çəkir. Hələ bir neçə gün əvvəl, oktyabrın 25-də Vladimir Putin Rusiyadakı yəhudilər və müsəlmanlar da daxil olmaqla, bütün dini təşkilatların rəhbərləri ilə görüşündə Rusiyanı “Dini harmoniyanın mayakı” adlandırmışdı. Bundan cəmi 3 gün sonra isə vəziyyət o yerə çatdı ki, Dağıstandakjı yəhudi ailələrinə müraciət edən Rusiya Baş Ravvinliyi “Rusiya xilas deyi”, – deyə bildirdi və oradakı yəhudiləri ölkəni tərk etməyə çağırdı.
Rusiya “Teleqram” kanalları yazırlar ki, Şimali Qafqazdakı iğtişaşlar asanlıqla Moskvaya sıçraya və bu, özünü sadəcə müsəlmanlarla yəhudilər arasında yox, Rusiyadakı qatı millətçilərin digər dini və milli azlıqlara, Qafqazdan, Orta Asiyadan gələnlərə qarşı hücumlarında da göstərə bilər.
Çünki Ukraynaya qarşı işğalçılıq savaşı, bu savaşın fonunda Moskvada və digər iri şəhərlərdə Orta Asiya və Qafqazdan olan miqrantların tutulub zorla müharibəyə göndərilməsi, siyasi ideologiya və təbliğat kanallarının milli və dini ayrıseçikilik zəminində nifrət, zorakılıq ritorikasını artırması, eləcə də son olaraq HƏMAS-ın hücumunu dolaysı ilə dəstəkləməsi cəmiyyəti olduqca aqressivləşdirib. Bu aqressivlik isə Kremlin özünün başında çatlaya bilər…“AzPolitika.info”