image-rt-reklam
image-1backend

“Prius”lar üçün son bir ay

image-728x90

Tezliklə taksilərin sayı kəskin azalacaq, əvvəl sifariş anından 2-3 dəqiqə sonra ünvana yaxınlaşırdılarsa, indi 9-10 dəqiqə gec gəlir

Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiq edib.

Tələblər “Avtomobil nəqliyyatı haqqında” qanuna uyğun hazırlanıb, müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəricilərinin, o cümlədən onların daxili və xarici tərtibatına dair tələblərin hüquqi əsaslarını müəyyən edir.

Buraxılış ili 15-i keçən avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək.

Avtomobilin istehsal yaşı 8-dən az olmalıdır ki, sahibi taksi fəaliyyətinə icazə ala bilsin.

Taksilər üçün yalnız iki rəng – qırmızı və ağ rənglər tətbiq olunacaq. Ancaq bu, yeni avtomobillərə aiddir, hazırkı taksi avtomobilləri olduğu kimi qala bilər.

Taksilərin salonunda videokameralar olmalıdır.

Taksilərdə nağdsız ödəniş üçün POS-terminal, taksometr və ya dijital ödəniş vasitəsi – mobil telefon proqramı olmalıdır.

Taksi sürücüləri buraxılış vəsiqəsi, buraxılış kartı və şəhadətnamə almalıdır.

İyulun 1-dən sonra yaşı 8-dən az olan avtomobillərə taksi fəaliyyəti üçün icazə veriləcək və onlar 15 yaşları olanadək taksi kimi işlədilə biləcək. Həmin tarixdən yaşı 8-dən çox olan avtomobillərə taksi kimi fəaliyyət göstərmək üçün buraxılış kartı verilməyəcək. Çünki qanunvericiliyə görə, taksilər üçün buraxılış kartı 7 il müddətinə verilir. 8 yaşdan çox olanlara verilərsə, bu 15 illik son tarixi keçmiş olar.

Bundan başqa, iyulun 1-dən etibarən taksi sürücüsü işləmək istəyənlərdən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sürücülük təlimindən keçmələrinə dair şəhadətnamə, avtomobilləri üçün buraxılış vəsiqəsi və buraxılış kartı da tələb olunacaq. Buraxılış vəsiqəsi taksi fəaliyyəti göstərmək istəyən hüquqi şəxslərə və ya fərdi sahibkarlara təqdim olunan icazə növüdür. Buraxılış kartı isə taksi kimi istifadə olunan nəqliyyat vasitəsi üçün nəzərdə tutulub. “Dövlət rüsumu haqqında” Qanuna əsasən, buraxılış vəsiqəsi üçün dövlət rüsumu 125, buraxılış kartı üçün isə 25 manat müəyyən edilib.

Taksi sürücülərinin almalı olduğu şəhadətnaməyə gəldikdə,  “Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksi minik avtomobili sürücüləri etik davranış qaydaları və avtomobil nəqliyyatı ilə sərnişin daşınmanı tənzimləyən hüquqi aktlara dair xüsusi təlim keçməlidir. Bu təlimlərdə sürücülərə etik davranış qaydaları, sürücü-sərnişin münasibətləri, ilk tibbi yardım, normativ hüquqi aktlar, şəhərin tanınması, maşında nələrin olması, necə idarə olunmasına dair və digər bu kimi məlumatlar öyrədilir. AYNA-da keçirilən bu təlim ödənişlidir və qiyməti 76 AZN müəyyənləşdirilib.

Beləliklə, sözügedən qaydalar 1 iyul 2024-cü ildə qüvvəyə minəcək. Qanunun qüvvəyə minməsinə 1 aydan bir qədər çox vaxt qaldığı halda, artıq taksi sayında azalma nəzərə çarpır. Taksi xidməti ilə məşğul olan şirkətlərin balansında olan nəqliyyat vasitələrinin azalması tendensiyası müşahidə olunur. Bu isə özlüyündə təqdim olunan xidmətin müqabilində qiymətlərin artımı ilə nəticələnir. Hətta ölkəmizdə taksi sektorunda yetərincə istifadəçisi olan “Bolt” şirkətində də qiymət artımı artıq baş verib. Belə ki, şirkət taksi xidməti ilə bağlı qiymətlərin 9 faiz artırıldığını elan edib.

Paytaxt sakinləri və turistlər gileylənirlər ki, son 1 ayda sifarişlər çox ləng icra olunur. Əgər əvvəl taksilər sifariş anından 2-3 dəqiqə sonra ünvana yaxınlaşırdısa, indi taksilər 9-10 dəqiqə gec gəlir. Pik saatlarda isə bu yarım saata qədər uzanır.

Bəs yeni qanunlar sürücülərin vəziyyətinə necə təsir edəcək? 

Ərşad Hüseynov: “Qadınlar radar görəndə kişilər kimi tormozun üstünə  çıxmırlar”

Ərşad Hüseynov

Mövzu ilə bağlı yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov “Yeni Müsavat”a danışıb: “İlk öncə bir məqamı qeyd etmək istərdim, bu günlərdə Yerüstü Nəqliyyat Agentliyi belə bir məlumat yaydı ki, aprelin 1-dən başlayaraq taksi fəaliyyət ilə məşğul olmaq istəyən sürücülər  nəqliyyat vasitələrinə buraxılış kartı ala bilərlər. Əlbəttə ki, buraxılış kartını yalnız müvafiq tələbləri ödəyən sürücülər ala biləcək. Burada maraqlı məqam odur ki, elan olundu ki, bu vaxta qədər cəmi 600 avtomobil üçün bu cür buraxılış kartları verilib. Taksilərin getdikcə azalmasının əsas səbəblərindən biri bu məsələdir. Bu o deməkdir ki, xeyli sayda avtomobillər hələ də qanunda nəzərdə tutulmuş tələblərə uyğun olmayaraq taksi kimi fəaliyyət göstərir. Belə bir məlumat da var ki, Yerüstü Nəqliyyat Agentliyi taksi şirkətlərindən tələb edir ki, tədricən fəaliyyət qanuna uyğunlaşdırılsın. Əgər taksi sifarişi operatoru qanunun tələblərinə uyğun olmayan, buraxılış kartı olmayan taksiləri sistemdə xidmətə qoşarlarsa, bu zaman taksi şirkəti cərimə oluna bilər. Buraxılış kartı olmayan bir sürücüyə görə 300 manat cərimə nəzərdə tutulur.  Bəs yeni qanunlar taksi sürücülərinə necə təsir edəcək? Gələcəkdə nə gözlənilir? Bu məsələni indidən proqnozlaşdırmaq çətindir. Amma hazırda onu deyə bilərik ki, əgər bu günə qədər cəmi 600 taksi buraxılış kartı alıbsa, deməlib proses çox ləng gedir, onda bu məsələ iyulun 1-dək çatdırıla bilməyəcək. Yəni, bütün taksilərə buraxılış kartının verilməsi uzun çəkəcək. Özü də burada söhbət təkcə paytaxt Bakıdan deyil, bütün ölkədən gedir. Proses bu templə gedəcəksə, yalnız buraxılış kartı, sənədləri olan taksilər xidmətə buraxılacaqsa, o zaman taksilərin sayı kəskin azalacaq.

Amma mən hesab edirəm ki, nəticədə qeyri-leqal fəaliyyət göstərən taksilərin sayı artacaq. Buna nəzarət necə olacaq, onu da gələcək göstərəcək.  Daha bir məsələ də var, ekoloqlar da deyirlər ki, təhlükəli, köhnə avtomobillərin sayı azaldılsın, digər tərəfdən statistika açıqlanır ki, yol-nəqliyyat hadisələrinin sayı artıb, bütün bu problemlərin sadəcə bir həlli yolu var – ictimai nəqliyyatı inkişaf etdirmək. Azərbaycanda, xüsusən də Bakıda ictimai nəqliyyat ideal vəziyyətə gətirilməsə, nə taksi problemi, nə köhnə avtomobil problemi, nə də ki, yol-nəqliyyat hadisələrinin sayı azalmayacaq. Ona görə də ilk növbədə ictimai nəqliyyatı inkişaf etdirmək, metro şəbəkəsini genişləndirmək, sərnişin avtobuslarının sayını artırmaq lazımdır”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90