image-rt-reklam
image-b0dfe73c05b4aa85237913bed54be145backend

Prezidentin Gəncə səfərinin ŞİFRƏLƏRİ

image-728x90

MEMOR.jpg (169 KB)

Əslində Prezidentin respublikanın hər bir bölgəsinə – ucqar kəndlərdən tutmuş iri şəhərlərə, tarix qoxuyan qədim məkanlardan yeni salınmış yaşayış massivlərinədək – səfərləri artıq ictimaiyyət üçün təbii qarşılanan haldır. Çünki müzəffər dövlət başçısının izi ölkənin hər yerində, hər dirçəlişində, hər açılışında görünür. Onun indiyədək həyata keçirdiyi çoxsaylı açılışlar, kəsdiyi lentlər, istifadəyə verdiyi körpülər, yollar, məktəblər, şəfaevləri, şəhərciklər, ziyarətgaha çevrilən abidələr… dirçəliş dastanının bölmələri kimidir.

Amma məhz 27 sentyabrda və məhz Gəncəyə – tarixi gündə simvolik məkana edilən səfər bir başqadır.

Prezident İlham Əliyev BMT Baş Assambleyasının yüksək tribunasında Qalib Azərbaycanın həqiqətlərini növbəti dəfə dünyaya çatdırıb, Nyu-Yorkda önəmli görüşlər keçirib doğma vətənə döndükdən dərhal sonra Gəncəyə səfər etdi. Bu ardıcıllıq özünəxas anlam daşıyır. Dövlət başçısının beynəlxalq və daxili addımları vəhdət halında izlənilincə, bu, həm də Azərbaycan siyasətinin xarici və daxili dayaqlarının bir-birini tamamladığını göstərir.

Gəncə Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olub. Respublikamız öz müstəqilliyini bərpa edərkən də məhz Cümhuriyyət varisliyi Anayasamızda təsbit edilib. Və Azərbaycan nə Cümhuriyyət, nə Sovet, nə də Sovetsonrası dönəmlərdə son illərdəki kimi bütöv və suveren olmayıb. Ərazi bütövlüyü və suverenliyin öz energetikası var.

Gəncə həm də Nizami yurdudur. Qədim Gündoğar mədəniyyətinin, poeziyanın, sənətin beşiklərindən biridir Gəncə.

Bu anlamda, Prezidentin Anım Günündə Gəncəyə səfəri həm siyasi, həm də mədəni irsə sadiqliyin daha bir təcallasıdır. Yəni bu səfər şəhidlərin anısına, eyni vaxtda milli-mədəni yaddaşımıza, irsimizə ehtiramın ifadəsidir.

GANJAA.jpg (96 KB)

Unutmaq olmaz ki, Gəncə şəhəri Vətən müharibəsi dönəmində (4, 5, 8, 11, 17 oktyabr tarixlərində) Ermənistan silahlı qüvvələrinin raket hücumlarına uğramışdı. Uşaqlar, qadınlar, qocalar şəhid olmuş, bir sıra ev və mülki infrastruktur dağıdılmışdı. Bu faciələrin acısı hələ də xalqımızın qəlbindədir. – Amansız hücumlar sonucunda 6-sı uşaq olmaqla, 26 mülki şəxs həyatını itirmiş, 142 dinc sakin isə yaralanmışdı.

Onu da unutmaq olmaz ki, Gəncə şəhəri cəbhə xəttindən 80 km uzaqda yerləşirdi və Ermənistan silahlı qüvvələri Nizami yurdunu həm də, şərti dövlət sərhəddinin o üzündən atılan raketlərlə vururdu. Gəncəli Nizaminin əsərlərinin fakturasını, qəhrəmanlarını onilliklər boyu “erməniləşdirməy”ə uğursuz cəhdlər edən zehniyyətsizlər, əllərinə fürsət düşüncə Gəncənin özünü raket zərbələrinə tutdu…

Məhz buna görə, 27 sentyabrda Gəncədə Memorial Kompleksin açılışı beynəlxalq ictimaiyyətə bir ismarıcdır: Azərbaycana hansısa sual ünvanlayan, əsassız ittihamlarla çıxış edən müəyyən dairələr gəlib bu şəhərin yaralarını görsün, ata-anasını itirmiş Gəncə balası – Ayparçası Nilayın gözlərinə baxsın. Nilayın, onun kimi ata-anasını itirmiş uşaqların doğru, səmimi cavabları hər hansı tribunadakı saxta bəyanatlara, bekara suallar və vecsiz rəylərə haqq silləsi kimi bir cavabdır.

NİKAY.jpg (142 KB)

Bu günlərdə separatçı rejimin tör-töküntüləri, o cümlədən Gəncəyə raket zərbəsinin əmrini açıq şəkildə vermiş Araik Arutyunyan və ona oxşarlar Bakıda məhkəmə qarşısındadır. Onların – separatçıların, terrorçuların, müharibə canilərinin müdafiəsinə qalxan dairələrə də ən tutarlı cavablardan biri elə Gəncədir, Nilayların sözü, gözü və özüdür. Burada ucaldılan Memorial Kompleks həmin dairələrə bir daha xatırladır: Azərbaycan xalqı nəyi itirdiyini, kimlərlə üz-üzə olduğunu yaxşı bilir.

Azərbaycanın hər bölgəsində şəhidlərimizin anısına abidələr ucaldılıb, bundan sonra da ucaldılacaq; kəndlərimizdə, qəsəbələrimizdə, şəhərlərimizdə Anım Gününün səsi-sorağı, mahiyyəti əbədi yaşayacaq. Amma Gəncədə – Xalq Cümhuriyyətinin ilk paytaxtında, dünya şairlərinin komandanı, ulu Nizaminin yurdunda, düşmənin raket zərbələrinə uğramış qəhrəman şəhərdə açılan bu kompleksin anlamı ayrıca dəyərlidir.

KOMPLE.jpg (80 KB)

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev əcdadın ruhunu şad edir, bugünümüzü şəkilləndirir, gələcək nəslə aydın yol göstərir. – BMT-də, Pekində, Ankarada, Budapeştdə, Romada, Vaşinqtonda – digər yaxın-uzaq paytaxtlarda, ölkəmizin paytaxtı Bakıda, Mədəniyyət paytaxtımız Şuşada, (belə demək olarsa) yeni diplomatiya paytaxtımız Xankəndidə,
Cümhuriyyətin ilk paytaxtı Gəncədə və b…

Bəli, Anım Günü kədərin deyil, milli qürurun, dövlət-xalq birliyinin, irsə və gələcəyə sədaqətin günüdür.

Şəhidlər ölmədi, Vətən bölünmədi!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər Qoşalı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90