image-rt-reklam
image-b4030a2c107b2b6c46ede275ee76d098backend

Prezidentin DÜNYANI SİLKƏLƏYƏN açıqlamaları

image-728x90

İlham Əliyev olduqca mühüm bəyanatlar, mesajlar səsləndirdi, “bəşəriyyət üçün fəlakətli olan tendensiyanı tərsinə çevirə biləcəyik” dedi

Prezident İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1″ televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibə verib.

Jurnalistin Rusiya ilə Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannaməni xatırladaraq, “İndi Azərbaycanla Rusiya arasında müttəfiqlik nə deməkdir” sualına cavabında Prezident deyib ki, belə bir bəyannamənin imzalanması faktının özü həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır: “Bu, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır, xüsusən nəzərə alsaq ki, biz həm Qafqazda, həm də Xəzər regionunda qonşu dövlətlərik, qonşuyuq və bir çox cəhətdən ölkələrimizin xarici siyasət prioritetləri üst-üstə düşür, o zaman, əlbəttə, deyərdim ki, belə bir sənəd tarixi hadisədir”.

Dövlət başçısı “Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır və düşünürəm ki, buna nə Azərbaycanda, nə də Rusiyada heç bir şübhə yoxdur. Artıq dediyim kimi, ölkələrimiz üçün çətin vaxtlarda biz həmişə həm vəziyyətin dərk olunmasını nümayiş etdirmişik, həm də özümüzü dostcasına aparmışıq. Əminəm ki, bundan sonra da belə olacaq”, – deyə bildirib.

“Siz Türkiyə ilə müttəfiqlik münasibətlərindən danışırsınız. Azərbaycanda Türkiyənin hərbi bazasına ehtiyac varmı?” sualına Azərbaycan Prezidentinin cavabı belə olub: “Xeyr, qısa desək, lazım deyil. Vaxtaşırı müəyyən mediada belə məlumatların yayımlandığını nəzərə alaraq əgər cavabımı azca genişləndirsəm, deməliyəm ki, buna ehtiyac yoxdur. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra, 1992-ci ilin əvvəlindən Türkiyə ilə hərbi əməkdaşlıq edir. Bu hərbi əməkdaşlıq o vaxt başlayıb və bu günə qədər davam edir. Təbii ki, zərurətdən asılı olaraq formalar dəyişir, amma deməliyəm ki, bu 30 ildən artıq müddətdə Türkiyə və onun hərbi strukturları Azərbaycan Ordusunun müasirləşdirilməsində və onun həm döyüş qabiliyyətinə, həm də əməliyyatların planlaşdırılmasına, vəziyyətin təhlilinə, hərbi kəşfiyyatın potensialına uyğun olaraq yüksək standartlara çatdırılmasında böyük rol oynayıblar. Yəni belə yardıma görə türk dostlarımıza çox minnətdarıq.

Azərbaycanla Rusiya arasındakı bəyannamədən bir il əvvəl Türkiyə ilə Azərbaycan arasında imzalanmış Müttəfiqlik haqqında Bəyannamədə təhlükə və ya təcavüz zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var. Yəni bu, həm Azərbaycanın, həm də Türkiyənin bir öhdəliyidir ki, əgər bu və ya digər ölkə xarici təhlükə və xarici təcavüzlə üzləşsə, köməyə gəlməlidir. Buna görə də bəyannamənin həmin bəndi mahiyyət etibarilə bu və ya digər ərazidə hər hansı daimi hərbi infrastrukturun yaradılmasını tamamilə lüzumsuz edir. Bir daha informasiya müdaxiləsinə qayıdaraq demək istərdim ki, bu gün dünyanın heç bir yerində heç bir hərbi bazanı gizlətmək, demək olar ki, mümkün deyil. Ona görə də bu informasiya müdaxilələri, sadəcə, siyasi möhtəkirlik xarakteri daşıyır. Türkiyə ilə biz hər il 10-dan çox birgə təlim keçiririk – yarısı Azərbaycanda, yarısı Türkiyədə və mahiyyətcə hərbi əməliyyatların yüksək dərəcədə keçirilməsinə nail olmuşuq. Təbii ki, bu, Qafqazda sabitliyin mühüm amilidir. Çünki bugünkü dünya və hadisələrin inkişafı bir daha sübut edir ki, dünya əsaslı şəkildə dəyişib və İkinci Dünya müharibəsi nəticəsində yaranmış reallıqlar, müəyyən edilmiş oyun qaydaları bu gün artıq işləmir, hətta qlobal aktorlar bunu gizlətmirlər. Siyasi istəklərdə yenidən güc amili ön plana çıxır. Bunu daha tez dərk edən ölkələr bu gün özlərini daha təhlükəsiz hiss edə bilərlər. Halbuki müasir dünyada heç bir ölkə özünü tam təhlükəsiz hiss edə bilməz”.

“Nikol Paşinyan KTMT ilə münasibətlərində geri dönüşün olmadığını açıqlayıb, Fransa ilə münasibətləri fəallaşdırır. Bu, regional təhlükəsizlik, xüsusən də Azərbaycan üçün nə deməkdir” sualına cavabında Azərbaycan lideri “Bu, birbaşa təhlükə deməkdir, biz bu barədə həm açıq şəkildə, həm də Ermənistanın baş naziri ilə danışıqlarımda dəfələrlə demişik, narahatlığımızı ona çatdırmışıq. Biz eyni narahatlığı Fransa hökumətinə və Bayden administrasiyası dövründə Cənubi Qafqaz ölkələrinə balanslı yanaşmasını dəyişərək Ermənistana birtərəfli dəstək yolunu tutan Birləşmiş Ştatların rəhbərliyinə də çatdırırdıq. Təhdidlərin kifayət qədər ciddi olduğunu göstərən çoxlu misallar var. Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır. Nəzərə alsaq ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çoxdur, bir çox yaşayış məntəqələri sərhədə yaxın yerləşib və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlər qayıdırlar, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik. Biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır. Amma təəssüf ki, bizim səsimiz eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir. Biz bacardığımız qədər orada baş verənləri izləyirik. Ermənistan ərazisinin dərinliyini nəzərə alsaq, texniki baxımdan bu gün bunu etmək o qədər də çətin deyil. Əlbəttə ki, Fransa bu məsələdə liderlik edir. İkinci yerdə Hindistan, üçüncü yerdə isə ABŞ-dır. Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin etdiklərini gizlətmirlər, – hətta bir növ, yəqin ki, bizim acığımıza nümayişkaranə cəsarət göstərirlər, – ABŞ isə bunu etiraf etmir. Halbuki, biz Ermənistanın hava limanlarına enən və oraya silah daşıyan hərbi nəqliyyat təyyarələrini izləmişik.

Təbii ki, biz adekvat tədbirlər görməyə məcbur idik. 2025-ci ildə növbəti hərbi büdcəmiz rekord büdcə olacaq. Bu, təxminən beş milyard dollardır. Bu məbləğin ən azı 60 faizini xərcləməyə məcburuq, belə təhdidlər olmasaydı, xərcləməzdik, Qarabağın bərpasına, sosial ödənişlərə və sair üçün istifadə edərdik. Lakin biz bunu etməyə məcburuq və edəcəyik. Məncə, bu, fəlakətə aparan yoldur. Birincisi, Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına, onların təbii ki, silinəcəyinə baxmayaraq, bizimlə silah yarışında tab gətirməyəcək. Hətta bu halda da bizimlə silah yarışında tab gətirməyəcəklər. Onlar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar. Həmçinin başa düşməlidirlər ki, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, burada, bu yerdə bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək. Axı Makron 2020-ci və ya 2023-cü ildə onlara necə kömək etdi, onları dəstəklədi, bəli, əlindən, yəqin ki, başqa hansı yerindən tutdu, bilmirəm. Bax, bu qədər. Biz onun nəyə qadir olduğunu çox yaxşı bilirik. Odur ki, biz həm danışıqlar prosesi çərçivəsində, həm də Ermənistanla Azərbaycan arasında işləyən delimitasiya komissiyası çərçivəsində və erməni sponsorlara, şərti olaraq Vaşinqtondakı sorosçulara bunu dayandırmaq lazım olduğunu çatdırırıq və çatdırmağa davam edəcəyik. Bu, belə davam edərsə, sonradan bizə qarşı heç bir irad tutulmasın”, – deyə bildirib.

Növbəti “Amma bir vaxtlar elə görünürdü ki, sülh sazişi tezliklə bağlanacaq. Bəs niyə bağlanmır? Sözün əsl mənasında hazır vəziyyətdə dayanmışdılar” sualına İlham Əliyev belə cavab verib: “Bəli. Qərbdə bu iki proses nə üçünsə bir-birindən ayrıdır. Baxmayaraq, biz hesab edirik ki, bu iki proses birləşdirilməlidir. Sülh sazişi və Ermənistanın eyni vaxtda bizə qarşı silahlandırılması iki fərqli kursdur. Axı, biz əslində sülh sazişi üzrə böyük irəliləyiş əldə etmişik. Bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb. Kazanda Ermənistanın baş naziri ilə sonuncu görüşüm zamanı eşitdiyim və hiss etdiyim o oldu ki, razılaşdırılmamış bu iki maddə də Ermənistan tərəfindən qəbul oluna bilər, mən bizim şərtlərimizi nəzərdə tuturam…

CROSSMEDIA – Prezident “Ria Novosti”yə müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb

Onlardan biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaqdır. Zənnimcə, bu, qarşılıqlı şəkildə qəbul olunan maddədir. Bu yaxınlarda biz vurulmuş zərərin təhlilini başa çatdırdıq, həm də bunu ətraflı etdik. Biz buna 4 il vaxt sərf etdik və orada hər şey sənədlərlə qeyd olunub. Bu, təqribən 150 milyard dollardan çoxdur, yəni işğal illərində vurulan zərərdir. Ona görə də, zənnimcə, qarşılıqlı iddiaları kənara qoymaq hər iki tərəf üçün qəbulediləndir. Digər maddə başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə yerləşdirməməklə bağlıdır. Bu, niyə bizim üçün vacibdir? Çünki sözdə Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb…”

Dövlət başçısı deyib ki, erməni tərəfinin həyata keçirməli olduğu daha iki məqam var: “Birincisi, öz konstitusiyasını dəyişməkdir. Çünki konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, burada keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur. Ona görə də konstitusiyanın dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə obyektiv şərtdir. Bizim ikinci şərtimiz ATƏT-in Minsk Qrupunun ləğvidir…

Prinsipcə bunlar hamısıdır, əgər bunlar həll edilsə, daha sülh sazişinin imzalanmasına heç bir maneə olmayacaq…”

Gürcüstanda baş verənləri necə qiymətləndirməsinə dair suala cənab Əliyev cavabında deyib: “Görürəm ki, Gürcüstanda vəziyyət sabitləşir. Biz buna şadıq. Gürcüstan bizim üçün çox mühüm tərəfdaş və yaxın dostdur. Uzun əsrlərdir ki, xalqlarımız sülh və əmin-amanlıq şəraitində yaşayır. Ona görə də Gürcüstanda sabitliyin pozulması və ya sabitliyin pozulması təhlükəsi Gürcüstan üçün olduğu kimi, Azərbaycan üçün də zərərlidir. Bu səbəbdən biz öz tərəfimizdən çalışırıq və bütün addımları atırıq ki, Gürcüstanda vəziyyət siyasi məcrada sabit olsun, Gürcüstan uğurla inkişaf etsin.

Yenidən xarici təsir məsələsinə qayıtdıqda, məlum oldu ki, Gürcüstanda Qərbdən maliyyələşən minlərlə qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Bu təşkilatlarda çalışan və ya əmək haqqı alan insanların sayı isə yəqin ki, on minlərlə, hətta daha çoxdur. Biz bilirik ki, bu, nə deməkdir. Çünki burada, bizim ölkəmizdə qrantla qidalananların və qrant verənlərin özlərini ağa kimi apardıqları dövr var idi, amma biz bunun qarşısını aldıq. Ona görə də hər hansı qurumun, istər Azərbaycan və ya xarici olsun, verdiyi istənilən qrant qeydiyyatdan keçməlidir və müvafiq orqanlar icazə verib-verməməyi nəzərdən keçirməlidir”.

“Bu, Azərbaycanın milli maraqlarına uyğundurmu” sualına cavabında dövlət başçısı bildirib: “Bəli, təbii ki. İkincisi, yardım asılılıq yaratmamalıdır. Ona görə də Bayden administrasiyası tarixdə, o cümlədən nə ilə yadda qalacaq? Bir çox məsələ, amma o cümlədən bir göstərici ilə. Bu, yaxadan asılmaqdır: Biz sizə kömək etmək istəyirik. Biz isə deyirik: sağ olun, ehtiyac yoxdur. Onlar təkid edirlər. Bax, onların USAİD adlı strukturu var. Yardım etmək istəyir, amma nədənsə bizə lazım olan məsələdə deyil. Məsələn, Azərbaycan mediası heç bir xarici mənbədən hətta bir faiz belə maliyyələşə bilməz. Bunu edə bilməz. Nə üçün? Axı biz ABŞ mediasını maliyyələşdirmirik. Düzdür? Nə üçün onlar bizimkiləri maliyyələşdirsin? Belə ki, onlar “Amerikanın səsi” və “AzadlıqRadiosu” kimi əlaltı resursları vasitəsilə gecə-gündüz xalqımıza, ölkəmizə qara yaxırlar, Ermənistan üzərində qələbəmizə kölgə salırlar. Ona görə də mənə elə gəlir ki, bunun qaydaya salınması Gürcüstanda müəyyən vaxt ərzində nəzərdən qaçırılıb, bunu etdikdə isə, necə deyərlər, qatar bir az getmişdi. Yaxşıdır ki, indi şərait artıq sabitləşməyə doğru gedir. Amma gördüyünüz kimi, yenə də Makronun qulaqları görünür. Adam öz ölkəsində otura bilmir. Mütləq Gürcüstana da əl uzatmalıdır…

Gürcüstan məsələsinə qayıdarkən deməliyəm ki, o, göründüyündən daha genişdir. Zənnimcə, bu səbəbdən nəzərdə tuturam ki, adətən irəliyə sanksiyaları vərdişə çevirmiş ölkələri verirlər. Əgər belə demək mümkündürsə, bu, Qafqaz uğrunda döyüşdür. Ermənistanın haraya getdiyi aydındır. O, mahiyyətcə KTMT-dən de-fakto çıxıb. Bizim yoxlanılmış məlumatlarımıza görə, onların de-yure çıxmamasının səbəbi hələ Dövlət Departamentindən təlimat almamalarıdır. Bunu alan kimi, onlar çıxacaqlar. Azərbaycan müstəqil aktordur və kifayət qədər ixtisaslaşıb, özünü müdafiə edə bilir. Ona görə də Gürcüstan Qafqaz uğrunda döyüşlərdə mühüm amildir. O, necə olacaq? O, bizim ənənəvi Qafqaz dəyərlərinə əsaslanacaq.

Yeri gəlmişkən, Borrel haqqında danışdıq, mən ona məhəl qoymadım. Bunun ardınca ona hələ bir-iki siqnal göndərmək istəyirəm. Hərçənd mən COP-da çıxışlarımın birində bu barədə danışmışam, hətta Borreldən sitat gətirmişəm ki, o, Avropanın çiçəklənən bağ, qalanların isə cəngəllik olduğunu bildirib.

Mən isə dedim ki, əgər biz cəngəllikiksə, bizdən uzaq durun. Ümumiyyətlə, Borrelə gəldikdə, düşünürəm ki, o, bir neçə onillik əvvəl yaşasaydı, diktator Frankonun yaxşı xarici işlər naziri olardı. Onun, sadəcə, başqa zamanda yaşamaqla bəxti gətirməyib”.

“İlham Heydəroğlu, qarşıdan gələn ildə rusiyalılara qısaca nə arzu edərdiniz” sualını isə dövlət başçısı belə cavablandırıb: “İlk ağlıma gələn, əlbəttə, sülhdür, 2025-ci ildə müharibə başa çatsın, insanlar evlərinə qayıtsınlar və sülh şəraitində yaşasınlar. Əlbəttə, bir-birini başa düşməyi öyrənsinlər. Təbii ki, Rusiyaya qarşı belə sanksiya siyasətini nəzərə alaraq, rəhbərliyə öz gücünə, qətiyyətinə inam arzulayıram, Prezidentin komandasına sanksiya siyasətinin mənfi nəticələrini minimuma endirmək üçün gələcəkdə də bütün tədbirləri görməyi diləyirəm. Çünki aydındır ki, bütün bunlar fəsadsız ötüşməyəcək. Rusiya cəmiyyəti hər hansı bir cəmiyyət kimi ağır dövrdə birləşir və biz Rusiyada bu konsolidasiyanı görürük. Arzu edirəm ki, belə də davam etsin.

Suallardan birinə cavab verərkən artıq qismən toxunduğum daha bir məqamı qeyd etmək istərdim: ölkələrimizi, xalqlarımızı və rəhbərliklərimizi daha çox birləşdirən nədir? Bu, öz milli köklərinə və ənənəvi dəyərlərinə sadiqlikdir. Bu gün bu, demək olar ki, bəzi regionlarda çox nadir haldır. Gah xarici idarəçilik, gah tam mənəvi deqradasiya, yaxud onların biri digəri ilə birlikdə. Yəni bu, bizi sərfəli şəkildə fərqləndirir. Dünyada gördüyümüz tendensiyalar, o cümlədən Trampın prezident seçilməsi məhz onu göstərən amildir ki, o, elə bizimlədir. Necə deyərlər, ənənəvi dəyərlərə münasibətdə bir qayıqdayıq. Zənnimcə, bəşəriyyət üçün fəlakətli olan tendensiyanı tərsinə çevirə biləcəyik, bax bu, pozğunluq, nümayişkaranə iblislik ki, biz onu Paris Olimpiadasının açılışında gördük. Bu halların qarşısı alınmalıdır. Bunu liderlərə inanan cəmiyyət edəcək, bunu biz edəcəyik. Mütləq. Yoxsa biz azlıqda qalacağıq. Biz isə azlıqda qala bilmərik.

Əlbəttə, Yeni ildə bütün rusiyalılara xoşbəxtlik, əmin-amanlıq arzulayıram”.Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90