image-2000x150
image-img_20230220_184632backend

“Prezident İlham Əliyevin Münxen səfəri xarici siyasətimizin…”

image-728x90

“Prezident İlham Əliyev bir daha bəyan etdi ki, bu sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir. Qarabağ haqqında hər hansısa müddəanın olması qəbuledilməzdir. Bu haqda da Azərbaycanın mövqeyi bildirildi. Ermənistanın mövqeyində tərəqqi var, ancaq kifayət qədər deyil”.

Bunu Bakıvaxtı.az-a açıqlmasında Milli Məclisin deputatı Jalə Əhmədova ötən həftə Almaniyada beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə olunduğu ənənəvi Münxen Təhlükəsizlik Konfransının 59-cu görüşündə Azərbaycan Prezident İlham Əliyevin görüşlərini şərh edərkən bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev bir neçə gün əvvəl fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclasda çıxışında, keçirdiyi görüşlərdə və televiziya kanallarına verdiyi müsahibələrdə bir sıra mühüm məsələlərə aydınlıq gətirdi: “Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak edirdilər. Plenar iclasda çıxışında cənab Prezident diqqətə çatdırdı ki, tarixdə ilk dəfə Münxen Təhlükəsizlik Konfransı vasitəsilə Azərbaycanın, Ermənistanın və Gürcüstanın rəhbərləri eyni zamanda bir platformada görüşürlər.

Ölkə başçısı qeyd etdi ki, Rusiya-Ukrayna müharibəsi ümumi geosiyasi vəziyyəti tamamilə dəyişib və bəzi ənənəvi tərəfdaşlarla ticari əməkdaşlıq sahəsində müəyyən çətinliklər yaranıb. Lakin Azərbaycan uzun illər ərzində müasir daşımalar və logistika infrastrukturunun yaradılmasına yatırımlar edib. İndi isə Mərkəzi Asiyadan daşınan yüklərin Azərbaycan vasitəsilə Avropaya yönəldilməsi əlavə imkanlar açır”.

J.Əhmədova bildirib ki, hazırda Ermənistan ilə Azərbaycan arasında sülh sazişin üzərində işlər aparılır: “Azərbaycan və Ermənistan uzun müddət çəkmiş toqquşmadan uzaqlaşmanı nümayiş etdirməli, qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalıdırlar. Dağlıq Qarabağ sözü artıq qüvvədən düşüb. Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət edilməlidir. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var. Azərbaycan erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə müzakirəyə hazırdır. Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdırlar. Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar.

Prezident İlham Əliyev onu da bəyan etdi ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə əlaqədar olaraq bir neçə platformamız var. Onlardan biri Brüssel formatıdır. Bu formatın üçtərəfli olduğu, yəni, Avropa İttifaqı, Azərbaycan və Ermənistan arasında olduğu barədə ümumi bir anlaşma vardır”.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev Münxendə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşdən sonra televiziya kanallarına verdiyi müsahibədə görüşdə müzakirə olunmuş məsələləri diqqətə çatdırdı: “Görüşdə bir çox məsələlər, o cümlədən Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması, bunun üçün lazım olan şərtlərin mövcudluğu müzakirə olunub. Sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir. Qarabağ haqqında hər hansısa müddəanın olması qəbuledilməzdir. Bu haqda da Azərbaycanın mövqeyi bildirildi. Ermənistanın mövqeyində tərəqqi var, ancaq kifayət qədər deyil.

Görüşdə Laçın-Xankəndi yolundakı vəziyyət də müzakirə edilib. Burada hər hansı bir blokadadan söhbət gedə bilməz. Dekabrın 12-dən bu günə qədər 2500-dən çox yük maşını və Qırmızı Xaç Komitəsinin maşınları keçmişdir. Avropa İttifaqı bizim mövqeyimizi anlayır. Biz haqlı olaraq tələb edirik ki, yataqlarımızın qanunsuz istismarı dayandırılsın.

Nəzarət-buraxılış məntəqələri olmadan sərhədlərin delimitasiyası mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır.

O da bildirilib ki, İranda baş vermiş hadisə Azərbaycan diplomatik nümayəndəliyinə qarşı təşkil olunmuş terror aktıdır. Azərbaycan səfirliyimizdə baş vermiş məsələ ilə bağlı dərhal və şəffaf istintaqın aparılmasını tələb edir. İran hökuməti şəffaf istintaq aparmalı və bizə bu barədə məlumat verilməli, terrorçu isə cəzalandırılmalıdır.

Prezident İlham Əliyev səfər çərçivəsində keçirilən plenar iclasdan sonra Azərbaycan televiziya kanallarına verdiyi müsahibəsində İkinci Qarabağ müharibəsindən sonra bölgəmizdəki vəziyyət, yeni reallıqlar, bölgədə gedən proseslər barədə dəyərli fikirlərini bölüşdü. Azərbaycanın mövqeyi birmənalıdır, açıqdır. Azərbaycan haqqın, ədalətin tərəfdarıdır. Daxili işlərimizə kənar qüvvələrin qarışmasına heç vaxt imkan verməmişik və imkan verməyəcəyik. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsində bizim mövqeyimiz tamamilə məntiqlidir. Azərbaycan istəyir ki, bu normallaşma tezliklə baş versin, ədavət dövrü arxada qalsın. Əgər Ermənistan tərəfi özündə iradə və güc taparsa, yaxın zamanlarda buna nail olmaq mümkün olacaqdır;

Prezident İlham Əliyev onu da vurğuladı ki, Azərbaycan istəyir ki, Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxsın. Biz imkan verə bilmərik ki, Qarabağ məsələsi hər hansı bir formada Azərbaycanla Ermənistan arasında imzalanacaq sazişə daxil edilsin. Biz istəyirik ki, sərhədlərimiz tarixi xəritələr əsasında delimitasiya olunsun, Ermənistan bizə qarşı ərazi iddialarından əl çəksin və normallaşma olsun.

Müsahibədə Azərbaycanın enerji diplomatiyasına da toxunan cənab Prezident qeyd etdi ki, enerji diplomatiyamız nə qədər uğurlu olarsa, ölkəmizin maraqları da bir o qədər daha güclü şəkildə təmin ediləcək. Çünki bu gün enerji təhlükəsizliyi məsələləri beynəlxalq təşkilatlar tərəfindən müzakirə olunan gündəliyin ön sıralarındadır. Azərbaycan isə yeni mənbənin sahibi kimi Avropanın enerji təhlükəsizliyi üçün bir çox işlər görən ölkədir.

Ümumiyyətlə, Prezident İlham Əliyevin Münxen səfərinin nəticələri barədə danışarkən, qısa şəkildə demək olar ki, cənab Prezidentin bu səfər çərçivəsindəki çıxışları, keçirdiyi görüşlər və apardığı danışıqlar Azərbaycan diplomatiyasının yeni uğurları kimi yadda qaldı və ölkəmizin xarici siyasətinə dəyərli töhfə oldu”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90