“Türkiyənin hərbi təyyarəsinin Gürcüstan səmasında qəzaya uğraması hər birimizi üzdü.Mən şəhid olanların ailələrinə və bütün Türkiyə xalqına başsağlığı verirəm” – bu fikirləri Politoloq Arzuman Muradlı Korrekt.az-a açıqlamasında bildirib.
Arzuman Muradlı qeyd edib ki, qəzaya texniki səbəblərlə yanaşmaq mümkündür:
“Ancaq bölgədə hərbi təyyarə və helikopter qəzalarının artması hər zaman texniki nasazlıqla izah edilə bilməz. Digər tərəfdən, müxtəlif ekspertlərin Amerika istehsalı hərbi karqo təyyarələrinin etibarlılığı barədə mülahizələri də suallar doğurur. Peşəkar pilotların idarə etdiyi təyyarənin qəfil qəzaya uğraması detallı araşdırma tələb edir. Təyyarə havaya qalxdıqdan 27 dəqiqə sonra əlaqənin itməsi və radar siqnalının yox olması 2019-cu ildə Xəzər üzərində qəzaya uğrayan Azərbaycan MiQ-29 təyyarəsini xatırladır.”
Politoloq vurğulayıb ki, Azərbaycan və Türkiyənin birliyi bölgədə bəzi qüvvələri narahat edir:
“Ancaq unudurlar ki, bu birliyi heç bir qüvvə poza bilməz. Biz həm xoş günlərdə, həm də çətin anlarda birlikdə olacağıq.”
Arzuman Muradlı Türkiyə və Azərbaycan arasında möhkəm əlaqələrin önəmli olduğunu və hər iki xalq üçün birliyin davamlılığının vacibliyini qeyd edib.























