image-rt-reklam
image-1backend

Politoloq : “Kopenhagen sammitində mühüm qərarların qəbul olunacağı gözlənilir”

image-728x90

Azərbaycan Prezidenti İlham Əliyev Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin (ASB) yeddinci sammitində iştirak edir. Sammit bu gündən etibarən öz işinə başlayıb və burada 50-yə yaxın ölkənin dövlət və hökumət başçılarının iştirakı nəzərdə tutulur.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloq Arzuman Muradlı bu tədbirin beynəlxalq əhəmiyyətini yüksək qiymətləndirərək bildirib ki, sammitin əsas gündəliyini Avropanın ümumi təhlükəsizlik vəziyyəti və qitənin yeni geosiyasi reallıqlar fonunda daha güclü və təhlükəsiz sistemə çevrilməsi yollarının müzakirəsi təşkil edəcək.

Arzuman Muradlı əlavə edib ki, Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin də sammitdə iştirak etməsi bu platformada iki ölkə lideri arasında, heç olmasa qısa və qeyri-rəsmi görüşün baş tutması ehtimalını artırır:
“Hesab edirəm ki, bu tədbirdə də İlham Əliyev və Nikol Paşinyan görüşəcək və ayaqüstü də olsa müzakirələr olacaq”, – deyə politoloq vurğulayıb.

Sammitdən öncə Avropa İttifaqının 27 üzv dövlətinin liderləri Kopenhagendə qeyri-rəsmi formatda ayrıca bir toplantı da keçiriblər. Bu, Avropa İttifaqı daxilində siyasi koordinasiyanın gücləndirilməsi baxımından önəmli addım kimi qiymətləndirilir.

Arzuman Muradlı qeyd edib ki, Avropa Siyasi Birliyinin sammitinə həmçinin Böyük Britaniya, Türkiyə, Qərbi Balkanlar və Cənubi Qafqaz ölkələrinin liderləri də dəvət olunub. Onun sözlərinə görə, bu görüşün əhəmiyyəti kifayət qədər böyükdür və burada mühüm qərarların qəbul ediləcəyi gözlənilir:
“Hesab edirəm ki, bu görüşdə Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi yönümündə də konkret addımlar atılacaq.”

Politoloq onu da qeyd edib ki, Avropa ölkələrinin bu kimi toplantılarından sonra adətən ciddi və istiqamətverici qərarlar qəbul olunur.
“Bu görüşdən də gözləntilər kifayət qədər yüksəkdir. Bizim üçün əsas olan isə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması və Zəngəzur dəhlizinin açılmasıdır. Fikrimcə, Kopenhagen sammiti çərçivəsində bu məsələlər də gündəmə gətiriləcək,” – deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90