Politoloq Arzuman Muradlı hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür etməsi və ardınca Türkiyə ilə Azərbaycanı xilas yolu kimi təqdim etməsi onun siyasi mövqeyində ciddi dəyişikliklərin baş verdiyini göstərir.
Arzuman Muradlının fikrincə, Paşinyan artıq erməni cəmiyyətini revanşizm və müharibə düşüncəsindən xilas etmək istiqamətində konkret addımlar atmağa başlayıb.
Politoloqun sözlərinə görə, Ermənistan rəhbəri 2026-cı ildə keçiriləcək parlament seçkilərində iştirak edəcəyini rəsmi şəkildə bəyan etməklə həm ölkə daxilindəki təzyiqlərə, həm də kilsə və müxalifət qarşısında açıq siyasi mövqe nümayiş etdirib. Paşinyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasından namizədliyini irəli sürüb və çıxışında bildirib ki, partiyası “ölkəni müharibə və revanşizm təfəkküründən xilas edən yeganə siyasi qüvvədir”.
O, seçki kampaniyasını sülh və inkişaf ideyaları üzərində quracağını vurğulayıb:
“Biz müharibəni yox, sülhü seçdik. Biz nifrəti yox, inkişafı seçdik. 2026-cı ildə xalq yenidən kiminlə gələcəyə getmək istədiyini göstərəcək.”
“Paşinyanın son çıxışları, xüsusilə də onun “Orbeli: Sülh və çoxtərəfli əməkdaşlıq quruculuğu” adlı beynəlxalq forumda səsləndirdiyi fikirlər, onun sülh siyasətinə sadiqliyini nümayiş etdirir. Paşinyan forumda bəyan edib ki, Azərbaycanla Ermənistan arasında münaqişə siyasi mənada başa çatıb, lakin “sosial-psixoloji baxımdan hələ də davam edir”.” -deyə Arzuman Muradlı bildirib.
Baş nazirin sözlərinə görə, iki ölkə arasında artıq sülh qurulub, lakin əsas çətinlik “yeni reallığı dərk etməkdədir”. O, həmçinin bildirib ki, ermənilərin Qarabağa potensial qayıtması sülh üçün risk yarada bilər:
“Qarabağa ermənilərin qayıtması sülh üçün təhlükə olardı. Bu, münaqişənin ilkin parametrlərinə qayıtmaq deməkdir. Sülh yeni doğulmuş uşaq kimidir, ona qayğı lazımdır. Biz sülh müqaviləsi imzalamalı, sərhədi müəyyənləşdirməli və bir-birimizi tək qoymalıyıq.”
Politoloq Arzuman Muradlı qeyd edib ki, 2026-cı il parlament seçkilərində Paşinyan sülh platformasının yeganə təmsilçisidir. Onun sözlərinə görə, indiyədək seçkilərdə iştirak edəcəyini elan edən digər namizədlər — sabiq prezident Robert Köçəryan, sabiq ombudsman Arman Tatoyan, hazırda həbsdə olan milyarder Samvel Karapetyan və siyasətçi David Ambarsumyan — hamısı revanşist mövqedə dayanır və Azərbaycanla sülhə qarşı çıxır.
Arzuman Muradlı vurğulayıb ki, Ermənistan seçkiləri faktiki olaraq “sülh tərəfdarları” ilə “müharibə tərəfdarları” arasında gedəcək:
“Seçicilər sanki bülletendə sülh və müharibə sözlərinin qarşısında münasibətlərini bildirəcək. Bu, Ermənistan üçün tarixi məqam olacaq.”
Politoloqun fikrincə, 2026-cı il seçkiləri Paşinyanla revanşist qüvvələr arasında amansız siyasi mübarizə şəraitində keçəcək və nəticələr Ermənistanın gələcək istiqamətini – sülh, yoxsa qarşıdurma yolunu seçəcəyini müəyyən edəcək.






















