image-rt-reklam
image-1backend

PKK silahı buraxır, yoxsa… – Bakıdan baxış

image-728x90

Oktay Qasımov: “Kabinetlərində asdıqları xəritələrdə Türkiyəyə ərazi iddiaları yer alıbsa, bu o deməkdir ki…”

Türkiyə Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici diqqətçəkən açıqlama verib. O, PKK terror qruplaşmasının lideri Abdullah Öcalanla bağlı sürpriz iddia səsləndirib. Onun sözlərinə görə, Öcalanın nələr istədiyi açıqlanmayıb:

“Proses başlayanda heç bir bazarlığın olmayacağı və İmralıya bir heyətin gedəcəyi, sonra da PKK-ya silahları buraxma çağırışının olacağı açıqlandı. Nəticədə heyət getdi, gəldi. Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM) tərəfindən İmralıdakı görüşlə bağlı 7 maddəlik bir açıqlama paylaşıldı. Ancaq terrorçubaşının nələr istədiyi açıqlanmadı”.

Mustafa Destici iddia edir ki, Öcalan təminatçı ölkə istəyib: “Öcalan təminatçı ölkənin prosesə qoşulmağını istəyir. Bu, nə deməkdir? Bu, məsələni beynəlxalq müstəviyə daşımaq deməkdir. Əlbəttə ki, Türkiyə Cümhuriyyəti və türk xalqı bunu əsla qəbul etməz. Eşidəndə qanım dondu. İnşallah, belə bir şey yoxdur və əsla qəbul edilməz. Biz öz göbəyimizi özümüz kəsərik. Türkiyə Cümhuriyyətinin və türk millətinin hər kəsə deyəcək sözü, terror başda olmaqla, hər məsələni özü həll edəcək gücü var”.

Partiya sədri hesab edir ki, ABŞ razı olmadan PKK silahı buraxmayacaq: “PKK, ABŞ başda olmaqla, imperialist güclər tərəfindən qurulub və 40 ildir onların dəstəyi ilə ayaqda qalırlar. Bu gün ABŞ PKK-nın arxasından çəkilsə, Türkiyə Cümhuriyyəti dövlətinin və qəhrəman türk ordusunun qarşısında 3 gün belə dayana bilməz. Ona görə də onlara ağıl verən “hə” demədən terrorçuların silahı buraxacaqlarını düşünmürük”.

Mustafa Destici DEM Partiyasının heyəti ilə görüşmək üçün şərt də irəli sürüb: “DEM Partiyasının heyəti bizimlə görüşə gəlmədən əvvəl “PKK terror təşkilatıdır, silahlarını yerə qoymalı və dövlətə təslim olmalıdır” sözlərini deməlidir. Ondan sonra danışıqlar apara bilərik. Biz hər kəsin fikrinə hörmətlə yanaşırıq. Hər kəs öz fikrini deyə bilər. Ancaq terror və zorakılıq qırmızı xəttimizdir. Əlində silah olan və hələ də silahını yerə qoymayanlarla danışmayacağıq, müzakirə aparmayacağıq”.

PKK silahı buraxır, yoxsa yeni Kürdüstan oyunu? Başlanan yeni “kürd açılımı”nın da sonu illər öncəkinin sonu kimi olacaq?

Politoloq Oktay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Türkiyədə kürd məsələsinin yenidən gündəmə gəldiyini görməkdəyik: “Xüsusilə də təxminən iki ay öncə MHP lideri Dövlət Baxçalının Türkiyə Böyük Millət Məclisindəki çıxışı Türkiyə cəmiyyətində ciddi rezonans doğurdu. Çünki əksəriyyət məhz Dövlət Baxçalıdan belə bir çıxışın olacağını gözləmirdi. MHP və onu lideri hər zaman PKK terroruna, Abdullah Öcalana qarşı ən sərt mövqeyi sərgiləyib. Sonrakı dönəmdə Suriyada baş verən hadisələr, Türkiyənin Suriyada rolu və bölgənin yenidən dizayn edilməsi kimi məsələlər önə çıxdığından bu məsələ aktuallığını saxlamaqdadır. Artıq proses başlanıb. İllər öncəsi təxminən 20 il öncə olduğu kimi, yenə də İmralıya PKK-nın Türkiyə Böyük Millət Məclisindəki siyasi uzantısı olan partiyanın üzvlərinin səfəri həyata keçirilir və Öcalanla görüşləri reallaşdırılır. İllər öncə də bu cür görüşlər keçirilmişdi və həmin görüşün nəticəsi ona gətirib çıxardı ki, məhz Türkiyə hakimiyyəti tərəfindən PKK və onun rəhbərinə qarşı münasibətin yumşalması Türkiyənin cənub-şərq vilayətlərində PKK-nın güclənməsi, bir çox ərazilərdə nəzarəti ələ götürməsi ilə nəticələndi. Bunun ardınca Türkiyə ordusu və təhlükəsizlik qüvvələri həmin terrorçu qruplaşmanın bölgədən silinib atılması üçün əməliyyatlar keçirməli oldu. Və bu əməliyyatlar çox böyük maliyyə xərcləri və itkilər hesabına oldu. Bunun acı xatirəsi Türkiyədə hələ də qalmaqdadır. Təbii ki, o dövrdən günümüzə vəziyyət xeyli dəyişib. Türkiyənin həm bölgədə rolu artıb, eyni zamanda Türkiyə dövləti güclənib. Amma bütün hallarda bir şeyi nəzərə almaq lazımdır ki, PKK və onun uzantısı olanlar müstəqil fəaliyyət göstərən qüvvələr deyil. Onların arxasında beynəlxalq güclər, ABŞ, Rusiya və digər Qərb dövlətləri dayanıb. PKK və onun uzantıları müstəqil qərar vermək iradəsində olan tərəf deyillər ki, silahı istədikləri an yerə qoysunlar. Ona görə də çox arzulayaram ki, Türkiyədə bütün proseslər məhz siyasi dialoq yolu ilə həll olunsun, Türkiyənin demokratik imici möhkəmlənsin, Türkiyə daha da güclənsin və bölgədə, dünyada rolu daha da artsın”.

Politoloq vurğuladı ki, “kürd açılımı” adlandırılan danışıqlar prosesinin uğurla yekunlaşacağı məlum deyil. Tərəddüdlər var və əsas ehtimallar da ondan ibarətdir ki, bu cəhd də illər öncə olduğu kimi nəticəsiz bitəcək: “Kürd siyasi kimliyini təmsil eləyən qüvvələr, həmçinin PKK hələ də “böyük Kürdüstan” iddialarından əl çəkməyiblərsə, hətta Türkiyəyə yaxınlığı ilə tanınan İraqdakı bölgəsəl kürd administrasiyasının televiziyalarında, kabinetlərində asdıqları xəritələrdə Türkiyənin bir çox vilayətlərinə ərazi iddialar yer alıbsa, bu o deməkdir ki, bu qüvvələr özlərinin və arxalarında duran güclərin istəklərini həyata keçirmək üçün bütün addımları atmağa hazırdırlar. Atacaqları addımlar isə Türkiyənin maraqları ilə üst-üstə düşməyəcək. O baxımdan da başlanan prosesin müsbət yekunlaşacağı gözləntisi yüksək deyil”“Yeni Müsavat”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90