Bu fikirləri Demokrat.az-a açıqlamasında AZAL-ın sabiq prezidenti Ədalət Əliyev bildirib. O qeyd edib ki, Qroznı aeroportu da daxil olmaqla nə Mahaçqala, nə Həştərxan, nə Mineralnıyı Vodı, nə də Stavropol aeroportu təyyarəni qəbul edib:
“Pilotlarla dispetçerin danışıqları var. Pilot deyir idarəetməni itirmişik, amma dispetçer təyyarənin enişinə icazə vermir. Bunu bilərəkdən, qəsdən ediblər ki, təyyarə dənizə düşsün, iz itsin. Qəhrəman pilotlarımız qəzalı təyyarəni ən ağır şəraitdə 1 saata yaxın idarə edib Xəzər dənizi üzərindən Qazaxıstana – Aktauya yönəldiblər. Hesab edirəm ki, AZAL şirkəti və Azərbaycan dövləti Beynəlxalq Mülki Aviasiya Təşkilatı qarşısında vəsatət qaldırmalı, Rusiya Havaçılıq İdarəsinin bu qeyri-insani yanaşmasına hüquqi qiymət verilməsini tələb etməlidir”.
Ə.Əliyev söyləyib ki, Qroznı hazırda döyüş zonası hesab edilir:
“Rusiya hava sahəsini uçuşlar üçün qapalı elan etməliydi. Qroznıya sərnişin təyyarəsi göndərmək düzgün deyil. Rusiyanın hər tərəfinə uçuşlar dayandırılmalıdır”.
Ə.Əliyev təyyarədə qəzanın başvermə səbəblərini də izah etdi:
“Təyyarənin vurulması nəticəsində əmələ gələn dəliklərdən salona hava axını daxil olub. Təyyarə salonunda hava yerdəki atmosferə uyğun olur ki, sərnişinlər rahat nəfəs ala bilsin. Amma dəliklərdən hava axını içəri daxil olduğundan hava balansı pozulub, sərnişinlər özlərini pis hiss etməyə başlayıb, hava balonlarından istifadə ediblər. Pilotlar təyyarəni hidromexaniki üsullarla idarə etmək məcburiyyətində qalıb. Bu, çox çətin, həddindən artıq ağır işdir”.
AZAL-ın sabiq prezidenti onu da vurğulayıb ki, pilotlarımızın ustalığı və qəhrəmanlığı sayəsində təyyarə yerə endirilib və sərnişinlərin hamısı həlak olmayıb:
“Mən o kapitanı da tanıyıram, gənc pilota da dərs demişəm. Onlar peşəkar pilotlar idi. Ümumiyyətlə, Azərbaycan pilotları ağır hava şəraitində çalışmağı bacarırlar. Çox heyifslənirəm ki, bu faciə baş verdi. Amma faciəyə səbəb olanlar üzr istəməyi belə özlərinə rəva görmürlər”.