image-2000x150
image-1backend

Paşinyanın başına qoyulan pul mükafatı – “Çobanın meyli olsa…”

image-728x90

2024-cü il girər-girməz, Ermənistanın “məxməri” baş naziri Nikol Paşinyan yenə özünə əl qatıb. Komandası ilə birgə köhnə sülh oyunlarını təzə “performans”da sırımağa çalışır. Keçək konkretliyə.

Öncə ədliyyə naziri Qriqor Minasyan hikkəli şəkildə bildirib ki, bəs İrəvan ratifikasiya etdiyi Roma Statutu əsasında Azərbaycanı Beynəlxalq Cinayət Məhkəməsinə (BMC) verəcək. Üstəlik, prosesə təcrübəli beynəlxalq prokurorlar cəlb olunacaq. Az sonra “estafeti” şəxsən Nikol götürərək, İlham Əliyevin 10 yanvar müsahibəsinə nəzərən, Bakını “sülh prosesinə ciddi zərbə vurmaqda” suçlayıb. Hərgah Azərbaycan Prezidenti kapitulyant ölkə, sülh anlaşması, sərhədlər, anklavlar və Zəngəzur dəhlizi ilə bağlı qeyri-adi, beynəlxalq hüquqa və beynəlxalq təcrübəyə ziddi heç nə söyləməyib.

O zaman Paşinyan niyə odlanıb? Çünki xain xoflu olur. Ələlxüsus da onun-bunun artığına göz dikən, mayası haramdan və saxtakarlıqdan yoğurulmuş, bineyi-qədimdən dürüst yaşamağa öyrəncəli olmayan oğru tayfa və onun təmsilçiləri. Qısacası, adımı sənə qoyum, səni də yana-yana…

Görəsən danışıqlar prosesini baltalayan kimdir – özünü az qala qalib ədası ilə aparıb da və havadarlarına güvənərək, sırtıqcasına qalib tərəfə qarşında cəfəng şərtlər qoyan, davakar ritorika sərgiləyən, altdan-altdan silahlanıb müharibəyə hazırlaşan, nəhayət, BCM-yə Azərbaycandan şikayət edib aranı daha da qarışdıran və kövrək qarşılıqlı etimada zərbə vuran Ermənistan, yoxsa sırf öz halal haqqını, o sırada hələ də işğal altında qalan kəndlərini tələb edən qalib ölkə?!

Nikol Vovayeçin aşağıdakı absurdu isə “Ginnesin Rekordlar kitabı”na düşməyə layiqdir. Hətta buna görə o, ənam ala bilər. Sitat: “Mən 9/10 noyabr tarixli üçtərəfli bəyanatda (kapitulyasiya sənədi – Z.S.) “Zəngəzur dəhlizi” ifadəsini tapana pul mükafatı vəd edirəm. Təəssüf ki, heç kim bu mükafatı ala bilməz, çünki orada belə ifadə yoxdur”, – özünü guya hamıdan dərrakəli sayan Ermənistan rəhbəri çərənləyib.

Söhbət təbii ki, onun özünün də imza atdığı sənədin (Naxçıvanla bağlı) 9-cu bəndindən gedir. Orada isə birinci cümlə belədir: “Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə MANEƏSİZ (seçdirmə bizimdir – Z.S.) hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir”.

Təkrar edirik, MA-NE-Ə-SİZ! Aydındırmı?

Deyirik, bəlkə üçtərəfli anlaşmanın ermənicə variantında bu söz heç yoxdur? Hərçənd belə şey istisnadır, zira sənədin Moskvada saxlanılan və altında Nikolun imzası duran rusca versiyası var və orada da eyni öhdəlik əksini tapıb. Odur ki, bir elan: kim Paşinyanı ağla gətirib bu sadə həqiqəti ona başa salsa ki, MANEƏSİZ yol elə dəhliz məntiqidir, ona mükafat verəcəyik! Fərq eləməz, erməni olsun, ya qeyri-erməni.

Əcəb işdir. Günəşin üzünü bulud örtübsə, bu o demək ki, yoxdur?..

Yaxud neçə ildir beynəlxalq birliyi barmağına dolayan “qərbçi” Paşinyanın digər yalanı. Bildirib ki, həm Azərbaycanda, həm də Ermənistanda sülhə əngəl olan daxili və xarici güclər var.

Qələtini elə. Azərbaycanda ədalətli sülhə, barışığa maneə olacaq qüvvə yoxdur. Çünki bizdə heç kim müharibə istəmir, ona hazırlaşmır. Özündən və ya özünüzdən danış. Ondan danış ki, sülhə ən böyük əngəl əslində elə sənsən, Nikol Paşinyan! Heç Fransa və ya erməni lobbisi, erməni kilsəsi də ciddi maneə deyil, yetər ki, özünün istəyi olsun. Azərbaycan atalar məsələsində deyildiyi kimi, “Çobanın meyli olsa, təkədən pendir tutar”…

Zahid SƏFƏROĞLU

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90