“Biz bilmirik, o, bu sözləri deyibmi. Əgər deyibsə belə, harada və hansı kontekstdə deyib. Bizim belə bir məlumatımız yoxdur”.
Ulusal.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərin Ermənistan Baş naziri Nikol Paşinyanın “The Wall Street Journal”-a son müsahibəsində Rusiyanın ünvanına səsləndirdiyi fikirlərə dair sualını cavablandırarkən deyib. Peskov bildirib ki, Kreml “The Wall Street Journal”-ı etibarlı ilikin mənbə kimi qəbul edə bilməz.
Peskovun bu açıqlaması göstərir ki, Kreml artıq Paşinyanın Rusiyanın ünvanına söylədiyi və bəzən ziddiyyətli mahiyyəti olan fikirlərinə cavab verməkdən yorulub. Ya da Ermənistan cəmiyyətində onsuz da Rusiyaya qarşı xeyli pisləşən əhval-ruhiyyəni bir qədər də kəskinləşdirmək istəmir.
Paşinyan isə bütün bunların fonunda Kremli “sancmaqda” davam edir.
Baş nazir “The Wall Street Journal”-a son müsahibəsində açıq-aşkar şəkildə Rusiya hərbi bazasının Ermənistandakı mövcudluğunun əleyhinə olduğuna eyham vurub: “Rusiya hərbi bazalarının Ermənistanda olmasının heç bir üstünlüyü yoxdur. Moskva müttəfiq kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib…”
Paşinyan həmin müsahibəsində Rusiyanın Zəngəzur dəhlizinə mümkün nəzarəti mövzusuna da toxunub. O, belə bir halı istisna edib və deyib ki, heç bir sənəddə Rusiyanın Erməınistanın hansısa ərazisinə nəzarət etməsinə dair bir kəlmə belə yazılmayıb: “Heç yerdə yazılmayıb ki, Rusiyanın hər hansı bir orqanı Ermənistanın hansısa ərazisinə nəzarət etməlidir. Heç yerdə yazılmayıb ki, Ermənistan ərazisində kimsə başqası təhlükəsizliyi təmin etməlidir”.
Yumşaq desək, Kremlə xoş gəlməyən bu fikirlərdən sonra Paşinyan Moskva və KTMT ilə əməkdaşlıq məsələlərində yenə “nala-mıxa vurmağa” başlayıb.
Jurnalistin “O zaman Ermənistan nədən hələ də KTMT-də qalır” sualına Paşinyanın verdiyi cavabı bəlkə də onun özü belə tam başa düşməyib: “Nədən KTMT üzvlüyündə qalırsınız” sualına Baş nazir belə cavab verib: “Məhz elə ona görə ki, biz sualların müzakirəsi mərhələsindəyik. Çünki biz istəmirik ki, KTMT-də hansısa məsələ ilə bağlı bizi düz başa düşməsinlər, ya da biz hansısa məsələ ilə bağlı KTMT-ni düz başa düşməyək. Buna görə də hansısa nəticələr çıxarana qədər biz ardıcıl olaraq iş aparmalıyıq…”
Paşinyanın bu dediklərindən çətinliklə də olsa belə bir nəticə çıxarmaq olar ki, Ermənistan hakimiyyəti sadəcə, hadisələrin sonrakı gedişini izləmək və son nəticələrdən çıxış edərək, hansısa qərar vermək fikrindədir. Yəni, KTMT-dən çıxmaqla bağlı vaxtı uzatmaq və buna paralel olaraq da NATO üzvü olan Fransanı Ermənistana gətirmək, özünü qərbpərəst dövlət kimi göstərməkdə davam etmək və sair.
Yəqin ki, Paşinyanın bu “gah nala, gah mıxa” siyasətini nə qədər davam etdirə biləcəyi və ümumiyətlə, belə ikibaşlı oynamağa qabiliyyətinin, bacarığının çatıb-çatmayacağı yaxın zamanda məlum olacaq…“AzPolitika.info”