Avropa Siyasi Birliyinin növbəti – 8-ci sammiti 2026-cı il mayın 4-də Ermənistanda keçiriləcək. Əvvəlcədən məlum olan bu məsələ ilə bağlı Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə Danimarkanın paytaxtı Kopenhagen şəhərində bildirib.
“Mən iştirakçı ölkələrdən olan aparıcı həmkarlarımı rəsmi olaraq İrəvana dəvət etdim. Onların hər birinə ev sahibliyi etmək böyük şərəfdir”, – Paşinyan əlavə edib. Qeyd edək ki, Danimarkada keçirilən 7-ci sammitdə Azərbaycan Prezidenti də iştirak edib. Toplantı çərçivəsində Azərbaycan və Ermənistan liderləri görüşüb, 8 avqust razılaşmasını müzakirə ediblər. Növbəti sammitin gələn il İrəvanda keçirilməsi qərarı Prezident İlham Əliyevin İrəvana səfəri mövzusunu aktuallaşdırır. Oktyabrın 2-də Kopenhagendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasındakı görüşlə bağlı rəsmi açıqlamada bildirilir ki, tərəflər ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilmiş Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmaların əhəmiyyətini vurğulayıblar. Onlar Ermənistan və Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsi istiqamətində səy göstərməyə hazır olduqlarını bir daha təsdiq ediblər. Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri regionda nəqliyyat kommunikasiyalarının faydalarını vurğulayıb, Azərbaycan ərazisində infrastrukturun inkişafı ilə bağlı cari işlərin gedişatı və Ermənistan ərazisində TRIPP layihəsini müzakirə edib, Vaşinqton Bəyannaməsinin icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər bu xüsusda ATƏT-in Minsk prosesinin və onunla əlaqəli strukturların ləğv olunması ilə bağlı yekdilliklə qəbul edilmiş qərarı alqışlayıblar. Görüşdə tərəflər etimad quruculuğu tədbirlərinin bundan sonra da həyata keçirilməsinin vacibliyini vurğulayıb və təmasları davam etdirmək barədə razılığa gəliblər.
Politoloq Arzuman Muradlı saytımıza açıqlamasında bildirib ki, Paşınyanın son açıqlamaları onu deməyə əsas verir ki, o sülh yolunda bütün razılaşmlara hazırdır.
” Artıq danılmaz faktdır ki, Ermənistan baş naziri hər çıxışında açıq şəkildə bəyan edir ki, o sülh üçün istənilən razılaşmaya hazırdır. Lakın burada əsas məsələ Paşınyanın sadaladığı amma həyata keçirmək istəmədiyi məsələlər də var. Nəzərə alaq ki, artıq iki ölkə arasında sülh prosesi var, etimad mühiti formalaşır. Eyni zamanda, Ermənistan parlamentində 8 avqust razılaşmalarını və ümimilikdə sülh prosesini müdafiə edən bəyanatın qəbul olunması da prosesin irəli aparılması baxımından mühüm addımlardandır. Düzdür, Ermənistan hələlik Azərbaycanın təqdim etdiyi əsas “ev tapşırığı”nı – konstitusiyada ölkəmizə qarşı əksini tapan iddiaların çıxarılmasını nəzərdə tutan referendumu keçirməyib.”- deyə Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, Paşinyan bu məsələyə seçkilərdən sonra baxılmasını da istisna etməyib.
“Görünən odur ki , Paşinyan tezliklə sülh müqaviləsinin bağlanması üçün çox çalışır. Bunun əsas səbəbindən biri də Ermənistanda keçiriləcək seçkilərdir. Paşinyan həm də Türkiyə ilə sərhədləri açmaq üçün son zamanlar daha da aktivləşib. Bir sözlə Paşinyan ölkəsini xilas etmək, iqtisadiyyatını inkişaf etdirmək üçün bütün kompromislərə hazır olduğunu bir daha bəyan edir və bu yola davam edir “. deyə Arzuman Muradlı bildirib.