“Paşinyanın uğursuz və avantürist planlarına görə Ermənistan heç vaxt indiki kimi Rusiyadan asılı olmamışdı”.
Ulusal.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu Ermənistan Respublika partiyasının həbsdə olan sədr müavini Armen Aşotyan həbsxanadan paylaşdığı müraciətində yazıb.
Azərbaycan-Ermənistan sərhədindəki son insidenti nəzərdə tutan Aşotyan qeyd edib ki, Ermənistan müdfafiəsiz qalıb: “Keyfiyyətsiz manipulyasiyalar, açıq yalanlar, daxili və xarici auditoriyaya yönəlmiş açıq-saçıq saxtakarlıq Ermənistanın bu gün nə qədər müdafiəsiz, Paşinyanın daxili və xarici siyasətinin nə qədər dağıdıcı olduğunu göstərir. Sərhəddə baş verənlər indiki rejimin öz əsgərlərini cəzalandırmaqla hədələdiyi, heç bir xarici faktorun, təhlükəsizlik mexanizminin xeyrimizə işləmədiyi bir vaxtda ölkəmizin aşkar müdafiəsizliyini üzə çıxardı.
KTMT və Rusiya ilə təhlükəsizlik münasibətləri yalnız de-yure formatda aparılır, başqa sözlə, onlar sırf formal xarakter daşıyır. Qərbdən gözlənilən dəstək isə özünün ən yaxşı halda növbəti boş narahatlıq, çağırış və təəssüf nitqlərində büruzə verdi. Yəni rejimin təbliğ etdiyi təhlükəsizlik sektorunun şaxələndirilməsi ilə bağlı tezis sabun köpüyüdür, geosiyasi yalandır… Geosiyasi paradoks ondan ibarətdir ki, Ermənistan heç vaxt indiki kimi Rusiyadan asılı olmayıb – Paşinyanın uğursuz və avantürist planları ucbatından. Nikolun səyləri nəticəsində Ermənistan geosiyasi tələyə düşdü. Anti-Rusiya əhval-ruhiyyəsi Rusiyadan asılılığa gətirib çıxarır, “suverenlik uğrunda mübarizə” isə suverenliyin itirilməsinə”.






















