Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş erməni liderləri sərt tənqid edərək, onları öz xalqının düşməni adlandırıb. Politoloq Arzuman Muradlının fikrincə, bu yanaşma başa düşüləndir, çünki Paşinyan anlayır ki, son 30 il ərzində sabiq Ermənistan rəhbərləri erməni xalqını öz təsirləri altında saxlamaq üçün bölgədə müharibə ab-havasının qalmasında maraqlı olublar.
Ulusal.az-a açıqlamasında Arzuman Muradlı bildirib ki, Paşinyanın keçmiş prezidentlər – Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyanı açıq şəkildə tənqid etməsi rəsmi İrəvanın sülh danışıqlarına sadiqliyini göstərir.
“İndi Paşinyana qarşı yeni hücumların başlayacağı gözləniləndir. Bunu Paşinyan özü də anlayır. Xüsusilə Vaşinqtondakı danışıqlardan sonra atdığı addımlar – Türkiyə ilə sərhədlərin açılması istiqamətində danışıqların sürətlənməsi, Azərbaycanla münasibətlərdə yaranan yeni dinamika, Ermənistan rəsmisinin Bakıya, Azərbaycan rəsmisinin isə İrəvana səfərləri – bütün bunlar yaxın zamanda sülh danışıqlarının daha da intensivləşəcəyinə və yekunda sülh müqaviləsinin imzalanacağına işarədir. Btütn bu danışıqların baş tutması həm rəsmi İrəvanın, həm də Bakının təşəbbüsüdür. Paşinyan ölkəsinin iqtisadiyyatını gücləndirmək üçün çalışır və köhnə streotiplərdən xilas olmaq istəyir. Bir sözlə Paşinyan Ermənistanı 35 illik bu bataqlıqdan xilas etmək istəyir”– deyə Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, bu cür açıqlamalar və addımlar Ermənistanın bölgədə sülhə yönəlmiş yeni siyasi kursunun davamı kimi qiymətləndirilə bilər.