Ulusal.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan İran prezidenti Məsud Pezeşkianla keçirdiyi brifinqdə iki ölkə arasında dəmir yolu əlaqəsinin qurulmasının gündəmdə olduğunu açıqlayıb. Onun sözlərinə görə, bu imkan Azərbaycanla əldə olunmuş razılaşmalar əsasında reallaşacaq.
Paşinyan bildirib ki, Araz çayı üzərində yerləşən Norduz körpüsünün genişləndirilməsi və ikinci körpünün inşası barədə razılıq əldə olunub. Bununla yanaşı, hər iki tərəfdə terminalların yaradılması və gömrük rüsumlarının tənzimlənməsi məsələləri də tranzit paketinə daxil edilib. Baş nazirin sözlərinə görə, ilkin razılaşmalar mövcuddur və yaxın 1–2 ay ərzində yekun sazişlərin imzalanması gözlənilir.
Müzakirə olunan digər strateji mövzu isə Fars körfəzini Qara dənizlə birləşdirəcək dəmir yolu xətti olub. İran tərəfi artıq Culfa istiqamətində dəmir yolu xətinə malikdir və bu xəttin Naxçıvan üzərindən Ermənistana davam etdirilməsinin vacibliyi vurğulanıb. Qəbul ediləcək qərarlar İran, Azərbaycan və Ermənistanın Avropaya çıxışını asanlaşdıracaq.
Brifinqdə həmçinin hava nəqliyyatı sahəsində ilkin razılaşmalar əldə edildiyi açıqlanıb. Bundan başqa, Ermənistanın dənizə çıxışının olmaması nəzərə alınaraq, Fars körfəzi və Oman dənizi sahillərindəki liman-logistika mərkəzlərindən istifadəyə dair əməkdaşlıq da gündəmə gətirilib.
İranın yol və şəhərsalma naziri Fərzane Sadeqi qeyd edib ki, bu razılaşmalar həm Ermənistan–İran ticarətini, həm də İranın Avropa və Asiya ölkələri ilə tranzit əlaqələrini gücləndirəcək.
İran prezidenti Pezeşkiyan isə deyib: «İran üçün Qafqazda sülh strateji əhəmiyyət kəsb edir və biz Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olunmasını dəstəkləyirik».