image-rt-reklam
image-parisd-dunyanin-leksikoqrafiyada-x-rit-l-sdirilm-si-divanu-lugat-it-turk-un-950-ci-ildonumu-movzusunda-beyn-lxalq-konfrans-kecirilibbackend

Parisdə “Dünyanın leksikoqrafiyada xəritələşdirilməsi: Divanü Lüğat-it-Türk”ün 950-ci ildönümü” mövzusunda Beynəlxalq Konfrans keçirilib

image-728x90

Parisdə dekabrın 13-də UNESCO-nun mənzil-qərargahında Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Dünyanın leksikoqrafiyada xəritələşdirilməsi: “Divanü lüğat-it-türk”ün 950-ci ildönümü” mövzusunda beynəlxalq konfrans keçirilib.

Bu il yazılmasının 950 illiyi münasibətilə Türk dillərinin ilk ensiklopedik lüğəti olan “Divanü lüğat-it-türk” UNESCO-nun 2024-2025-ci illərdə qeyd olunacaq yubileylər siyahısına daxil edilib.

Konfransda türk dövlətlərinin UNESCO üzrə Milli Komissiyalarının Baş katibləri və bu ölkələrin həmin təşkilatdakı Daimi Nümayəndələri iştirak ediblər.

Tədbirin məqsədi “Divanü Lüğat-it-Türk”ün dünya mədəniyyətinə, eyni zamanda Türk xalqlarının dilinin inkişafı və mədəni irsinə qatdığı töhfələri işıqlandırmaqdır.

Konfrans çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Macarıstan və digər ölkələrdən alimlər, tədqiqatçılar, dövlət və beynəlxalq təşkilatların nümayəndələri bir araya gələrək əsərin tarixi, dilçilik və mədəni əhəmiyyətini müzakirə edərək fikir mübadiləsi aparıblar.

Konfransda Milli Məclisin deputatı, Mahmud Kaşqari adına Beynəlxalq Fondun Prezidenti Cavanşir Feyziyevin “Divani lüğət-it türk” kitabı türkün özünütanıma və özünütanıtma abidəsi kimi” məruzəsi dinlənilib.

Cavanşir Feyziyevin sözlərinə görə, Türk xalqlarının dil özəlliklərini özündə əks etdirən, türkün dili, ədəbiyyatı, mədəniyyəti, ictimai-siyasi tarixi, coğrafiyası, məişəti, düşüncə sistemi haqqında fikir formalaşdıran, türkün ilk sözlüyü hesab edilən “Divani lüğət-it türk” kitabı türkün özünütanıma və özünütanıtma yoluna işıq salan ən möhtəşəm abidələrdən biridir.

Türk dilinin ilk sözlüyü, ilk dil bilgisi kitabı olan ərəbcə yazılmış bu əsər Mahmud Kaşğarinin iyirmi il toplama, iki il isə düşünüb yazmaq zəhmətinin məhsuludur.

Divanın ən mühüm özəlliyi dünya dilçiliyi tarixində müqayisəli metodun əsasını qoyması, türk dillərinin müqayisəli qrammatikasını yaratması və zəngin türk dilini köklü ərəb dili ilə qarşılaşdırmaq surətilə bu iki dilin müqayisəsini aparmasıdır.

Mahmud Kaşğari yalnız türk dilçiliyinin deyil, bütövlükdə dünyada tarixi-müqayisəli metodun, elmi dilçiliyin banisi olduğunu elmi şəkildə əsaslandıran Cavanşir Feyziyev bildirmişdir ki: “Bugünkü konfransımızın “Dünyanın leksikoqrafiyada xəritələşdirilməsi: “Divanü lüğat-it-türk”ün 950-ci ildönümü” adlandırılması bir daha onu təsdiq edir ki, tarixdə ilk türk xəritəsini yaradan da məhz Kaşğari Mahmud olmuşdur və “Divan”da verdiyi dairəvi dünya xəritəsində bizim vətənimiz Azərbaycan “ərzi Azərabadqan” şəklində göstərilir.

Bu cür unikal düşüncə dairəsi olan alim, neçə-neçə dilin və ləhcənin bilicisi, ensiklopedist, folklorçu, etnoqraf, tarixçi, ədəbiyyatşünas, coğrafiyaçı kimi müxtəlif sahələri öz şəxsində cəmləşdirən Kaşğari bütün fəaliyyətini türklüyə xidmət missiyası üzərində kökləmişdi. Türklərin islamı qəbul etdiyi dövrdən bir qədər sonra iki dünyanın, iki uyğarlığın (sivilizasiyanın), iki mədəniyyətin qovuşduğu bir dövrdə yaşamış bu unikal zəka sahibi tarixdə ilk türkçü, türkçülüyün banisi, nəzəriyyəçisi və təbliğatçısı kimi öz tarixi missiyasını ərəb dünyasına türk dünyasını bütün əlvanlığı ilə tanıtmaqda görürdü, zəhməti və fədakarlığı ilə bu missiyanı uğurla həyata keçirməsinin nəticəsinə zaman və tarix özü şahiddir.

Bir mənası da “Türk ləhcələri sözlüyü” anlamını verən, tariximizə, mədəniyyətimizə, mənəviyyatımıza minillik yol bələdçisi olan bu əsər sözün həqiqi mənasında türkün yaratdığı böyük mənəvi xəzinədir.

XI əsrdə türk ictimai-siyasi və mədəni həyatı yeni bir uğurlu mərhələyə qədəm qoymuşdu. Coğrafi dairənin genişlənməsi, siyasi idarəçilik və diplomatik səriştənin güclənməsi, hərbi qüdrətin artması nəticəsində türk ordusunun zəfər qazanması və yeni ərazilərin fəth olunması kimi hallar bir çox sahələrdə olduğu kimi mədəni sferada da türk təəssübkeşliyinin yüksəlməsinə, eyni zaman da onun nümayişinə həm təkan verirdi, həm də böyük təsir göstərirdi. Yusif Balasaqunlunun “Qutadqu bilik” (1069-1070) əsərinin yazılmasında olduğu kimi, Mahmud Kaşğarinin “Divani lüğət-it türk” (1072-1074) əsərinin meydana çıxmasında da bu ictimai-siyasi hadisələrin doğurduğu ruh, qürur və təəssübkeşliyin təsiri aydın duyulmaqdadır. Sevindirici haldır ki, Mahmud Kaşğarinin türk təəssübkeşliyi – türkçülük ideyası bütün türk dünyası boyunca zaman-zaman ayrı-ayrı sənətkarlarda bu və ya digər formada özünü göstərmişdir. Dahi Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın “Türkün dili tək sevgili istəkli dil olmaz/Ayrı dilə qatsan bu əsil dil əsil olmaz…” misralarının ifadə etdiyi mənanı türk dil təəssübkeşliyi istiqamətində XI əsrdə başlayan xəttin davamı hesab etmək olar. Geniş mənada düşünəndə isə bütün bunları Mahmud Kaşğarinin türk mədəniyyəti qarşısında böyük xidməti kimi qiymətləndirə bilərik.

Bu il türk dünyasının ortaq elmi irsi olan “Divani-Lüğət-it Türk”ün yazılmasından 950 il keçir. Türk yazılı ədəbiyyatının ən dəyərli incilərindən olan bu əsər türklüyün və türkçülüyün ensiklopediyası hesab olunur. Bu gün bütün türk dövlətlərinin xarici siyasətində aparıcı istiqamətə çevrilməkdə olan türkçülük ideologiyası dövlət siyasəti statusu qazanmaqdadır. Bu ilin 23 sentyabrında Azərbaycanda 7-ci çağırış Milli Məclisin açılış sessiyasında çıxış edən Prezident İlham Əliyev demişdir: “Bu, bizim üçün prioritetdir, … indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır.” Bu çıxış bütün türk ölkələrinin siyasi – iqtisadi qurumları ilə bərabər həm də bu ölkələrin mədəni-elmi dairələri üçün birliyə çağırış idi. Bu ortaq tarixi, mədəni və elmi-ədəbi irsimiz əsasında bütün türk xalqlarının xoşbəxt gələcəyini birlikdə qurmağa çağırış idi. Bu çağırışın işığında türkçülük ideyasının məhək daşlarından biri olan “Divani – lüğət – it türk”ün 950 illiyi bütün türk ölkələrində xüsusi həssaslıqla, ortaq tariximizə və mədəni irsimizə böyük qayğı və məhəbbətlə qeyd olunur.

Bu gün Parisdə bu əsərin işığına toplaşmağımızı, burada apardığımız elmi müzakirələri də türk dilinə, mədəniyyətinə və tarixinə ehtiramın bariz nümunəsi hesab edir, professor Aktoti Raimkulova başda olmaqla bütün təşkilatçılara minnətdarlığımı bildirir və konfransın işinə uğurlar arzulayıram!” – deyə Cavanşir Feyziyev fikirlərini yekunlaşdırıb.

Konfransın sonunda “Divanü lüğat-it-türk”lə bağlı yeni görüşləri sərgiləyən təqdimat və sənədli film nümayiş olunub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90