image-rt-reklam
image-1backend

Pakistanın baş naziri Prezidentlə görüşdü

image-728x90

Azərbaycanla qardaş ölkə arasında imzalanmış mühüm sənədlər mübadilə edildi

Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında imzalanmış sənədlərin fevralın 24-də Azərbaycan Prezidenti İlham Əliyevin və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə mübadiləsi mərasimi olub. “Yeni Müsavat” xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə “Frontier Works Organisation” (FWO) və “Pakistan State Oil Company Limited” şirkəti arasında Anlaşma Memorandumunu Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və “Frontier Works Organisation” şirkətinin baş direktoru Abdul Sami mübadilə ediblər.

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə “Pakistan Refinery Limited” (PRL) və “Pakistan State Oil Company Limited” şirkəti arasında Anlaşma Memorandumunu Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və “Pakistan Refinery Limited” şirkətinin icraçı direktoru Zahid Mir mübadilə ediblər.

“SOCAR Trading SA” ilə “Pakistan LNG Limited” arasında mayeləşdirilmiş təbii qaz yüklərinin alqı-satqısı ilə bağlı Çərçivə Sazişinə 1 nömrəli Əlavəni Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və “Pakistan LNG Limited” şirkətinin icraçı direktoru Masood Nabi mübadilə ediblər.

“SOCAR Trading SA” ilə Pakistan İslam Respublikasının “Pakistan State Oil Company Limited” şirkəti arasında Anlaşma Memorandumunu və “SOCAR Trading SA” ilə Pakistan İslam Respublikasının “Pakistan State Oil Company Limited” şirkəti arasında neft məhsullarının uzunmüddətli alqı-satqı Sazişini Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və “Pakistan State Oil Company Limited” şirkətinin icraçı direktoru Syed Muhammad Taha mübadilə ediblər. “Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri və Pakistan İslam Respublikasının Pəncab Əyalətinin Lahor şəhəri arasında mədəniyyət, turizm, şəhərsalma, təhsil, elm, iqtisadiyyat və ictimai həyatın digər müvafiq sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Pakistanın Baş nazirin müavini, xarici işlər naziri Məhəmməd İşaq Dar mübadilə ediblər.

Qeyd edək ki, səfər çərçivəsində həmçinin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Pakistan İslam Respublikasının Federal Gəlirlər Şurasının Gömrük Xidməti arasında ilkin elektron məlumat mübadiləsi haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Pakistan İslam Respublikasının Milli Ərzaq Təhlükəsizliyi və Tədqiqatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Pakistan İslam Respublikasının İqlim Dəyişmələri və Ətraf Mühitin Koordinasiyası Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Niyyət Protokolu”, “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə Pakistanın Milli Müdafiə Universiteti arasında elmi tədqiqat və əməkdaşlıq fəaliyyətləri sahəsində Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Pakistan İslam Respublikasının Milli Peşə və Texniki Təlim Komissiyası (NAVTTC) arasında peşə təhsili sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.

Qeyd edək ki, Pakistanın Baş naziri Şahbaz Şərif fevralın 23-də Azərbaycana rəsmi səfərə gəlib. Şahbaz Şərifi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar. Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin rəsmi qarşılanma mərasimi fevralın 24-də olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Pakistanın Baş nazirinin şərəfinə Fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Pakistanın Baş nazirinə raport verdi.

Pakistan İslam Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin və Baş nazir Məhəmməd Şahbaz Şərifin qarşısından keçib. Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif rəsmi foto çəkdiriblər.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Şuşaya səfər etmək istəyini bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevlə geniştərkibli görüşündə danışıb. “Mən çox istərdim ki, sabah Şuşaya səfər edim, lakin, bildiyiniz kimi, kəskin hava şəraiti var. Mən bu ilin iyulunda keçiriləcək konfransa gələn zaman həmin yerlərə məmnunluqla səfər edərdim. O vaxt biz həmin əsrarəngiz məkanları görə bilərik”, – deyə baş nazir vurğulayıb.

Milli Məclisin deputatı, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ceyhun Məmmədov “Yeni Müsavat”a şərhində vurğuladı ki, iki ölkə arasında əlaqələrin tarixi kökləri var: “Hər iki xalq tarix boyu bir-birinin yanında olub, dəstək göstərib. Biz Pakistanın dəstəyini xüsusilə 44 günlük Vətən müharibəsi zamanı gördük. İllər öncə mərhum ölkə başçısı Heydər Əliyev Pakistana səfər etmişdi. Sonrakı dövrdə Pakistan rəsmiləri Azərbaycana səfər etdilər. Ötən il Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana səfərini də xatırlatmaq yerinə düşər. İki dövlət arasında əlaqələr sürətlə inkişaf edir və yeni mərhələyə qədəm qoyur. Ölkə liderlərinin rolunu xüsusi vurğulamaq lazımdır. Hər iki lider əlaqələrin inkişafı üçün davamlı addımlar atır”.

C.Məmmədov Pakistanın Ermənistanla indiyə kimi heç bir əlaqə qurmadığına diqqət çəkdi: “Pakistan Ermənistanla diplomatik əlaqə qurmaqdan imtina edib. Bu, Azərbaycan dövləti və xalqı tərəfindən hər zaman yüksək qiymətləndirilib. Parlamentlər arasında münasibətlər də yüksək səviyyədədir, sürətli inkişaf edir. Ötən həftə Asiya Parlament Assambleyasında Bakı Bəyannaməsi qəbul olunub”.

Milli Məclisin deputatı Vüqar Bayramov  açıqlamasında bildirdi ki, Pakistan Azərbaycanın haqq işinə yaxından dəstək olan ölkələrdəndir. Deputat qeyd etdi ki, iki ölkə arasında strateji müttəfiqlik son illər daha da dərinləşib: “2024-cü ildə Azərbaycanla Pakistan arasındakı ticarət dövriyyəsi 22 milyon 048 min dollar olub. Dövriyyə əvvəlki illə müqayisədə cüzi dəyişsə də, 2021-ci ilin 11 milyon 732 min dollarlıq dövriyyəsi ilə müqayisədə 2 dəfəyə yaxın artım deməkdir. Ölkələr arasındakı dostluq və qardaşlıq münasibətləri iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün yeni imkanlar yaradır. Digər tərəfdən, strateji müttəfiqlik ölkələr arasında iqtisad əlaqələrin də genişlənməsinə xidmət edir. İki ölkə arasında iqtisadi sahədə daha geniş potensial mövcuddur. Qarşılıqlı rəsmi səfərlər bu əlaqələrin daha da dərinləşməsinə xidmət edir. Ölkələr arasında turizm sahəsində də geniş əməkdaşlıq qurulmaqdadır. 2024-cü ildə Pakistandan Azərbaycana gələn turistlərin sayı 46.7 faiz artaraq 81 min 427 olub. Pakistan eyni zamanda işğaldan azad olunan ərazilərimizin bərpası, iqtisadiyyatının formalaşması və reinteqrasiyasında daha yaxından iştirak etmək istəyən ölkələrdəndir. Qarabağa daha çox Pakistan sərmayəsinin cəlb ediləcəyi gözlənilir. Azərbaycan da Pakistana daha çox investisiya yönəltməyi hədəfləyir. Bütövlükdə, iki ölkə arasındakı geniş potensial daha yaxından reallaşmaqdadır. Tərəflər fərqli sahələrdə yeni əməkdaşlıq imkanlarından faydalanacaqlar”.“Yeni Müsavat”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90