Qarabağ Dirçəliş Fonduna 2024-cü il ərzində ümumilikdə 80 milyon 286 min 899 manat ianə olunub.
Bu barədə Ulusal.az-a Fonddan məlumat verilib.
Qeyd edilib ki, Fond sərbəst vəsaitin bir qismini qiymətli kağızlara yerləşdirməklə 2024-cü il ərzində 74 milyon 579 min 21 manat maliyyə (investisiya) gəliri əldə edib.
Əldə edilən maliyyə gəlirləri keçən ilin göstəriciləri ilə müqayisədə 58% artıb. Nəticədə, maliyyə gəlirlərinin Fondun il üzrə ümumi gəlirlərində payı 18,60%-dən 48,16%-ə qədər yüksəlib.
Bununla da, 31 dekabr 2024-cü il tarixinə Fondun cəmi aktivlərinin həcmi 9,5% və ya 140,7 milyon manat artaraq 1 milyard 617 milyon 812 min 902 manata çatıb.
Eyni zamanda bildirilib ki, 2024-cü il üçün Fondun mənfəət vergisi 14 milyon 596 min 22 manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 5 milyon 198 min 877 manat (55,32% ) çoxdur.
Xatırladaq ki, Qarabağ Dirçəliş Fondunun 2024-cü il üzrə maliyyə hesabatları PwC-nin auditindən uğurla keçib.