image-rt-reklam
image-1backend

“ONLARI DARMADAĞIN ETMƏK LAZIMDIR!” – Kreml təbliğatının növbəti anti-Azərbaycan isterikası başlayıb

image-728x90

Azərbaycan Prezidentinin Şuşada Ukraynaya ərazilərinin işğalı ilə barışmamağa dair çağırışından sonra zatən Azərbaycana qarşı düşmənçilik təbliğatı aparan Kremlin təbliğat maşını daha da azğınlaşıb. Kremlə yaxın teleqram kanallarından tutmuş “hərbi müxbirlər”ə, “Z bloqerlər”ə və televiziya kanallarına qədər bütün resurslar rəsmi Bakını və azərbaycanlıları hədəf alaraq, hədə-qorxular, təhdidlər, təhqirlər yağdırır və ölkəmizin ünvanına ağlasığmaz iftiralara əl atırlar.

Ulusal.az xəbər verir ki, bu dəfə Kreml təbliğatı bir qədər də irəli gedərək, Rusiyadakı Azərbaycan diasporunun guya Ukrayna xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyini bildirib. Kremlə yaxın rus millətçi oliqarx Konstantin Malofoyevə aid “Tsarqrad” telekanalı “Rusiya kəşfiyyat orqanlarına istinadla” xəbər verib ki, Ukraynanın bir müddət əvvəl Rusiyanın strateji aviasiyasına qarşı həyata keçirdiyi uğurlu “Pautina” əməliyyatında guya Rusiyadakı Azərbaycan diasporu da iştirak edib.

Telekanalın bununla bağlı iftira dolu reportajında deyilir: “Azərbaycan Ukraynanın xüsusi xidmət orqanları ilə fəal əməkdaşlığa başlayıb… Kəşfiyyatımıza məlum olub ki, Azərbaycan xüsusi xidmət orqanları Rusiyadakı diasporlarından istifadə edərək “Pautina” təxribat-terror əməliyyatının həyata keçirilməsində Ukrayna xüsusi xidmət orqanlarına yardım edib. Bəli, bəli, məhz bu yaxınlarda Rusiya ərazisində həyata keçirilən və Rusiya Aerokosmik Qüvvələrinin strateji aviasiyasını məhv etmək məqsədi daşıyan əməliyyat. Məhz Azərbaycan diasporu öz biznes imkanlarından, bazarların və anbarların infrastrukturundan istifadə edərək, logistika və malların daşınmasını həyata keçirməyə kömək etdi. Anladığınız kimi, bu, bütöv bir sistemdir”.

Ardınca kanal həyasızcasına Rusiyadakı azərbaycanlılara qarşı repressiyaları bu əməliyyatla əlaqələndirməyə çalışıb: “Ona görə də hazırda Rusiya xüsusi xidmət orqanları Azərbaycan diasporlarını zərərsizləşdirmək üçün tədbirlər həyata keçirir. Onlar, sözün hərfi mənasında, hazırda Ukrayna ilə sıx əlaqədə olan Azərbaycan xüsusi xidmət orqanlarının rezidenturasıdır. Xüsusi xidmət orqanları arasında hərəkətləri əlaqələndirmək üçün Ukraynanın SBU, GUR və SVR nümayəndələri daimi olaraq Azərbaycandadırlar və gördüyümüz kimi, koordinasiya konkret olaraq Rusiyaya qarşı aparılır… Ümumiyyətlə, nəticə belədir: Rusiyadakı diasporlar ləğv edilməlidir. Diasporlar olmamalıdır. Onları darmadağın etmək və qanunvericilik səviyyəsində qadağan etmək lazımdır, çünki bu, dövlət təhlükəsizliyi məsələsidir. Azərbaycan, özbək və başqa diasporlar olmamalıdır. Rusiya müharibə vəziyyətindədir və Rusiyada xarici xüsusi xidmət orqanlarının cəmləşmiş hüquqi rezidentlikləri olmamalıdır”.

Ardınca telekanal Azərbaycanın İsrail və Türkiyə ilə münasibətlərinə də toxunur. Sonra isə İrana qarşı son İsrail əməliyyatında guya Azərbaycanın da iştirak etydiyinə dair daha bir iftira ilə çıxış edir: “Bu gün Azərbaycan sadəcə Türkiyənin peyki və Ukraynanın müttəfiqinə çevrilməyib. Əliyev İsraillə də əməkdaşlıq edib. İrana zərbə endirmək üçün İsrail Hərbi Hava Qüvvələrinə öz hava məkanını verən Azərbaycan olub. İranın kəşfiyyat xidmətləri artıq bunun etibarlı təsdiqinə malikdir. Ermənistanın regionda bir oyunçu kimi alçaldılması və məhv edilməsi cənubda İran və Rusiyaya qarşı növbəti addımların hazırlanmasının mərhələlərindən biridir. Azərbaycanın coğrafi mövqeyi İran və Rusiya arasında yerləşdiyindən bu məqsədlər üçün çox əlverişlidir. Bu regionda əsas rol oynayan əsas oyunçular və maraqlı tərəflər İsrail və Türkiyədir. İsrailin əsas marağı İrandır, Türkiyəninki isə Cənubi Qafqazdır və o, Rusiya Qafqazında təsirini genişləndirir. Türkiyə Rusiyanı bölgədən sıxışdırıb, onun təsirini zəiflətmək istəyir”.

Göründüyü kimi, Rusiyanın “Z təbliğatı” Azərbaycana qarşı açıq hücum və iftira kampaniyasına dair təlimat alıb. Və bu təlimatda İranla Ermənistana xüsusi yer verilməsi təsadüfi deyil. Hazırda Kremlin yönləndirdiyi bu cür iftiralar Ermənistandakı revanşist qüvvələrin nəzarətində olan mətbuatda gen-bol yayımlanır. İrandakı rejimlə isə təkcə təbliğat deyil, hərbi-siyasi müstəvidə də koordinasiyalı hərəkət edilir.

Beləki, İran və Rusiya iyulun 21-də Xəzər dənizində iki ölkənin hərbi dəniz qüvvələrinin və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) əməkdaşlarının iştirakı ilə CASAREX-2025 hərbi təlimlərinə start verir. Bu təlimlərin nəyə xidmət etdiyini anlamaq əlbəttə ki, çətin deyil. Lakin Azərbaycanın ədalətli mövqeyi də, inmkanları da, hərbi-siyasi müttəfiqləri də hər kəsə bəllidir. Rusiya və İranın bu cür çirkin təbliğat və hərbi-siyasi təzyiq vasitələri isə acizliyin nümayişi, eləcə də Moskva ilə Tehranın regionda apardıqları səhv irticaçı, imperiyaçı, şovinist siyasətin mənfi nəticələrindən heç bir dərs çıxarmadıqlarının göstəricisidir.“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90