“Soyuq silah gəzdirmək qadağandır. Həmin şəxslər məsuliyyətə cəlb olunmalıdır. İndi hərə cibinə bir bıçaq qoyur. Bununla məşğul olmaq lazımdır ki, belə halların qarşısı alınsın”.
Bunu “Unikal”a açıqlamasında deputat Aqil Abbas deyib.
“Deməzdim ki, küçədə hər kəsi saxlayıb cibini axtarsınlar. Hər halda bu barədə xəbərdarlıq olunmalıdır”, – deputat bildirib.
A.Abbas qeyd edib ki, Şağan Olimpiya İdman Kompleksində baş verən bıçaqlanma hadisəsi insanların gözü qarşısında olub: “Orada onlara baxıb ayırmayanlara da ayıb olsun. O qədər şəxsin qarşısında gələcəyin yaxşı bir idmançısı bıçaqlanıb öldürülür. Bu cinayəti törədənə ağır cəza verilməlidir”.
O əlavə edib ki, kriminal aləmi təbliğ etmək nəticədə belə hadisələrin baş verməsinə gətirib çıxarır:
“Saytlarda, o cümlədən sosial şəbəkələrdə kriminal aləmdən yazırlar. Və yaxud görürsən, bəzən öldürənin tərəfini saxlayırlar. İnsanın həyatını əlindən almaq yalnız, Allaha məxsusdur. Kimsə birini öldürübsə, cəzasını almalıdır. Belə olanda digəri də düşünür ki, öldürəcəm, mənim də tərəfimi saxlayacaqlar. Öldürən şəxs qanun qarşısında cavab verəcək”.
Xatırladaq ki, iki gün əvvəl Şağan Olimpiya İdman Kompleksində təşkil edilən cüdo turnirində baş vermiş bıçaqlanma hadisəsi cəmiyyətdə və sosial şəbəkələrdə geniş müzakirə mövzusudur. Belə ki, noyabrın 26-da adıçəkilən idman kompleksində Sumqayıt şəhər sakini, 20 yaşlı Ruslan Səfixanov şəxsi münaqişə zəminində 16 yaşlı Turan Rüstəmovu bıçaqlayaraq qətlə yetirib. Onların hər ikisi idmançıdır. Qətli törədən cüdoçu Ruslan Səfixanov cüdo üzrə əməkdar məşqçi Elçin Səfixanovun oğludur.