image-2000x150
image-img-20230310-wa0010backend

“Ombudsmanın illik məruzəsində əhəmiyyətli təkliflər yer alıb”

image-728x90

“Illik məruzədə Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, şərəf və ləyaqətinin təminatı, informasiya əldə etmək və digər fundamental hüquqları sahəsində Ombudsman təsisatı tərəfindən görülən işləri özündə əks etdirib.” Milli Məclisin deputatı Könül Nurullayeva “İnsan hüquqları üzrə müvəkkilin illik məruzəsinə dair” hesabatla bağlı fikirlərini bölüşərkən belə deyib. Bildirib ki, məruzənin beynəlxalq əməkdaşlıqla bağlı hissəsində miqrantların hüquqlarının müdafiəsi sahəsində görülən işlər, həmçinin bu sahə üzrə mexanizmləri və prosedurları barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə həyata keçirilmiş tədbirlər təqdirəlayiqdir. Deputat həmçinin məruzədə insan haqları sahəsində Milli Fəaliyyət Proqramının hazırlanıb qəbul edilməsi, məhkəmə qərarlarının icrası mexanizminin işlənib hazırlanması, məişət zorakılığı ilə bağlı qanunvericilikdə cinayət məsuliyyətinin təsbit edilməsi və digər məsələlərlə bağlı təkliflərə də diqqət çəkib.

K.Nurullayeva bildirib ki, bu gün üçün çox aktual olan və müasir dövrün bəlası sayılan uşaqlara münasibətdə kiberbulinqlə bağlı internet platformalarının təhlükəsizliyinin artırılması olduqca vacibdir. Uşaqlara və valideynlərə internet şəbəkəsində təhlükəsiz davranışın təbliği və təşviq edilməsi, qeyd olunan sahədə aidiyyəti qurumlarla birgə layihələrin hazırlanması və icrası ilə bağlı qeyd olunan təkliflər çox əhəmiyyətlidir: “Orta məktəb şagirdlərinə verilən əsas tədris vəsaitləri ilə yanaşı, tədris proqramının ayrılmaz tərkib hissəsi olan vəsaitlərin də dövlət büdcəsi hesabına maliyyələşdirilməsi olduqca vacibdir. Orta məktəblərdə şagird sayına uyğun müəyyən edilən mövcud psixoloq ştatlarının, dövlət məktəbəqədər təhsil müəssisələrinin, vətəndaşlara münasibətdə dövlət ali və orta ixtisas təhsili müəssisələrində dövlət sifarişli yerlərin sayının ödənişli ixtisas yerlərinə nisbətdə artırılması uşaqların təhsilində mühüm rol oynayır. Bu, eyni zamanda aztəminatlı əhalinin rifahının yaxşılaşdırılmasında da böyük əhəmiyyət kəsb edəcək”.

Deputat məruzədə həmçinin sərnişin sıxlığının, yerüstü nəqliyyatın yükünün və tıxacların nisbətən azaldılması məqsədilə paytaxt Bakıda mövcud ictimai nəqliyyat növləri arasında səmərəli əlaqələndirmənin təmin edilməsi ilə bağlı təkliflərə də münasibət bildirib. O, hesab edir ki, sərnişin sıxlığının azaldılması və nəqliyyat yüklülüyünün aradan qaldırılması, son nəticədə həm də ətraf mühitin mühafizəsinin təmin edilməsi məqsədilə alternativ nəqliyyat vasitələrinin də fəaliyyətinin təşkili ilə bağlı tədbirlər nəzərə alınsa, daha yaxşı olar.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90