image-2000x150
image-img-20240423-wa0002backend

Ölkəmizin zəfər marafonu davam edir

image-728x90

İlham Əliyevin lider, diplomat və sərkərdə məharəti 4 kəndimizi dinc yolla xalqımıza qaytardı. Nəhayət, gözlədiyimiz gün yetişdi. Qazax rayonunun erməni işğalı altında olan dörd kəndinin qaytarılması razılaşdırıldı. Müjdəli xəbər dünən günün sonuna yaxın açıqlandı. Bu barədə iki ölkə arasında sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın səkkizinci görüşündə razılığa gəlindi.
Görüşlə bağlı yayılan məlumatda delimitasiya prosesinin ilkin mərhələsində tərəflərin sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) – Bağanıs Ayrım (AR), Voskepar (ER) – Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) – Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsi razılaşdırılıb bildirilib.
Həmçinin qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq, dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilməli və bu, tərəflər arasında 2024-cü il mayın 15-dək müvafiq protokol-təsvirlə sənədləşdirilərək, razılaşdırılmalı və imzalanmalıdır.
4 qeyri-anklav kəndin bir güllə atılmadan, qan tökülmədən ölkəmizə qaytarılması ardıcıl qələbələr qazanan Azərbaycanın və Prezident İlham Əliyevin növbəti Zəfəridir. Azərbaycanın bir qarış torpağından, o cümlədən Qazax rayonunun işğal altındakı kəndlərindən də vaz keçməyəcəyi gün kimi aydın idi. 2016-cı ilin Aprel döyüşləri ilə əsası qoyulan, 2018-ci ilin may ayında qazanılan Günnüt zəfəri ilə davam etdirilən qələbələrimiz 2020-ci ildə 44 günlük Vətən müharibəsində özünün məntiqi sonluğuna çatdı. Bu qələbə 2023-cü ilin sentyabrında suverenliyin tam bərpası, rus sülhməramlılarının bölgədən çıxmasından sonra Azərbaycan torpaqlarını addım-addım, qarış-qarış toplayan Prezident İlham Əliyevin xalqa növbəti hədiyyəsi və müjdəsidir.
Dövlətimizin başçısı qeyri-anklav kəndlərin qaytarılması məsələsini 2020-ci ildən qaldırmışdı. Ötən müddət ərzində mövzu daim gündəlikdə saxlanıldı və bu istiqamətdə ardıcıl və məqsədyönlü iş aparıldı. Hələ 2023-cü il oktyabrın 7-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə telefon danışığında Prezident İlham Əliyev Azərbaycanın 8 kəndinin hələ də Ermənistanın işğalı altında olduğunu deyərək, bu kəndlərin işğaldan azad edilməsinin vacibliyini vurğulamışdı.
Əslində, aprelin 19-da əldə olunmuş razılıq sərhədin delimitasiyası istiqamətində atılan ilk addımdır. Delitimasiya prosesinin məhz bu istiqamətdən başlaması da Azərbaycanın təkidi sayəsində oldu.
Eyni zamanda, Azərbaycanın, guya, Ermənistana hücum etməyə hazırlaşması, Hayastan ərazisində hərbi hədəflərin olmasına dair Fransa və digər Qərb dövlətlərinin təbliğatı da bir daha ifşa olundu. Rəsmi Bakı ABŞ və Aİ-nin bu məsələlərə müdaxiləsinə imkan vermədi. Baxmayaraq ki, Qərbin bir sıra ölkələri, o cümlədən Fransa Azərbaycanın Ermənistana hücuma hazırlaşdığına dair dayanmadan yalan məlumatlar yayır, dünya ictimaiyyətini çaşdırmağa çalışırdılar. Onlar bu gün də öz siyasətlərini yaydıqları yalanlara uyğunlaşdıraraq aparırlar. Ermənistana hər cür köməyin, ilk növbədə isə hərbi yardımın göstərilməsini məhz “bu arqumentlə əsaslandırmağa” cəhd edirlər. Amma, rəsmi İrəvanın 4 kəndi sülh yolu ilə qaytarmağa razılıq verməsi həm də ölkəmizin qonşu dövlətə qarşı heç bir hücuma hazırlaşmadığının və bütün məsələlərin dinc yolla həllinin tərəfdarı olduğunun ifadəsidir. Ermənistan və Azərbaycan birgə qarşılıqlı anlaşma şəraitində dil tapıb məsələni həll etdilər. Odur ki, Qərbin bəzi dövlətləri və neoimperialist dairələr proseslərdən nə qədər uzaq dayansalar, Cənubi Qafqazda sülh və əmin-amanlıq bir o qədər tez təmin oluna bilər. Əslində, bu hadisə Ermənistanı yeni müharibəyə sürükləmək istəyənlərə də tutarlı cavab oldu.
Bəli, Azərbaycan öz məqsədinə doğru addım-addım, həm də liderinə böyük etimad və inamla irəliləyir. Qarabağda erməni separatizminin kökünü qazan, Xankəndini xunta rejimindən təmizləyərək, orada üçrəngli bayrağımızı dalğalandıran Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev yenə dediyi sözün ağası olduğunu sübuta yetirdi. Xalqını qələbələrdən qələbələrə aparan, zəfərlərin paradını sıralayan, nəyi, necə və nə zaman etdiyini dəqiq bilən liderin sərkərdə və diplomat dühasına heyran qalmamaq mümkün deyil. Bu gün, sadəcə, o dörd kənddən didərgin salınmış soydaşlarımızın sevindiyi gün deyil. Bu gün bütövləşmiş Azərbaycanın bütün vətəndaşlarının, dünya azərbaycanlılarının qürur duyduğu gündür.
Bu gün “dəmir yumruq” ətrafında sıx birləşən xalqımıza təkcə ermənilər deyil, bütün dünya qibtə edir. Çünki onun layiq olduğu liderinin yaratdığı uğur tablosuna baxıb sevinməyə haqqı var. Xalqımıza daim sevinmək və qürur duymaq yaraşır!

Günel Aslanlı – AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90