image-rt-reklam
image-img-20240810-wa0037backend

Ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığında yeni dövr

image-728x90

Bu gün Azərbaycanın xarici siyasətində türk dünyası, həmçinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq da xüsusi yer tutur. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında fəal dialoq mövcud olduğunu bildirərək demişdir: “Azərbaycan Mərkəzi Asiya ölkəsi deyil. Amma tarixi və mədəni əlaqələrlə, indi isə daha çox siyasi əlaqələrlə Mərkəzi Asiya ilə sıx bağlıdır. …Biz Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələri ilə, Türkiyə ilə birlikdə Türk Dövlətləri Təşkilatındayıq, Tacikistanla çox fəal siyasi və iqtisadi dialoqumuz var. Bu, bir növ bu günün reallığıdır. Əlbəttə, bunu daha da fəallaşdırmaq vacibdir. Son iki ildə mənim Mərkəzi Asiyadan olan tərəfdaşlarla qarşılıqlı əlaqələrim və qarşılıqlı səfərlər misli görünməmiş dərəcədə yüksəkdir”.

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə inkişaf edən və genişlənən əlaqələrini xarakterizə edən amillərdən biri də yüksək səviyyəli qarşılıqlı səfərlərdir. Təsadüfi deyil ki, son illər ərzində Prezident İlham Əliyev mütəmadi olaraq Mərkəzi Asiya dövlətlərinə, o regionda yerləşən ölkələrin başçıları isə Azərbaycana səfərlər edirlər. Belə ki, Prezident İlham Əliyevin son iki il ərzində Mərkəzi Asiya ölkələrinə 16 rəsmi səfəri olub. Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın dövlət başçılarınən Azərbaycana ümumilikdə 15 rəsmi səfəri baş tutub.
Həmin səfərlər zamanı imzalanan sənədlər ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm təməl rolunu oynayır. Bunun nəticəsidir ki, bu ilin ilk beş ayı ərzində Azərbaycanın bu bölgənin ölkələri ilə ticarət dövriyyəsinin həcmində artım müşahidə olunub. Bundan əlavə, Vətən müharibəsində və ondan sonrakı dövrdə bu regionun ölkələri Azərbaycanın haqq işinə dəstək veriblər. Region ölkələri işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işlərinə töhfələrini davam etdirirlər.
Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir. Dövlət Başçılarının avqustun 9-da Astanadakı görüşdə Prezident İlham Əliyev qeyd edib: “Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir. Ermənistan tərəfindən təxminən 30 illik işğal dövründə bu ərazilərdə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi məhv edilib. İşğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı bərpa işləri aparılır və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam edir”.
Prezident İlham Əliyev Füzulidə Mirzə Uluqbəy adına məktəbə, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinə və Ağdam rayonunda təməli qoyulan orta məktəbə görə Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentlərinə təşəkkürünü bildirib.
Regionda yaranmış yeni reallıqlar çərçivəsində nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində aparılan işlər və postmünaqişə dövrünün reallığı olan Zəngəzur dəhlizi Mərkəzi Asiya regionu, o cümlədən Qazaxıstan üçün də yeni fürsətlər yaradır. Ölkələrimizin maraqları bu məsələdə də üst-üstə düşür. Ölkələrimizin beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizinə çevrilmələrinə xidmət edən “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsinin əsas hissəsi olan Xəzəraltı fiber-optik kabel magistralının inşası istiqamətində görülmüş işlər təqdirəlayiqdir. Bununla bağlı vurğulamaq yerinə düşər ki, 2022-ci il sentyabrın 28-də “AzərTelecom” və “Kazakhtelecom” telekommunikasiya şirkətləri arasında Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsi üzrə strateji tərəfdaşlıq haqqında memorandum imzalanıb. Azərbaycan-Qazaxıstan əməkdaşlığında ticarət-iqtisadi əlaqələr xüsusi yer tutur. Bütün bunlarla yanaşı, iki ölkə arasında neft və neft məhsullarının ticarəti sahəsində uğurlu əməkdaşlıq davam etdirilir. Buraya Qazaxıstan mənşəli xam neftin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə dünya bazarına çatdırılması, Qazaxıstan mənşəli xam neftin Azərbaycanda emalı, Qazaxıstan mənşəli xam neftin dünya bazarına təchizatı və sair daxildir. “SOCAR Midstream Operations” MMC 2023-cü ilin martından etibarən Qazaxıstanın Tengiz yatağından ayda 125 min ton həcmində neftin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəqlinə başlayıb. Qazaxıstan neftinin Aktau limanından “Prezident Heydər Əliyev” tankerinə ilk yüklənməsi ötən il martın 21-də, “Şuşa” tankerinə ikinci yüklənməsi isə martın 28-də həyata keçirilib.
Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr bütün sahələrlə yanaşı, enerji sektorunda da uğurla inkişaf edir. SOCAR ilə “KazMunayGaz” arasında ötən il imzalanan yol xəritəsi əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar yaradıb. Qarşılıqlı səmərəli əməkdaşlıq, neftin emalı, tranziti, ticari-iqtisadi münasibətlər Azərbaycanın sürətli inkişafına təkan verərək onu regional enerji mərkəzinə çevirib.

Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90