Ukraynanın əfsanəvi futbolçusu, Kiyev “Dinamo”sunun sabiq hücumçusu Oleg Bloxin, milli komandadakı baş məşqçi vəzifəsindən ayrılaraq doğma klubunun sükanı arxasına keçmək qərarının necə formalaşdığını açıqlayıb.
Ulusal.az xəbər verir ki, İqor Tıqanıkın YouTube kanalına verdiyi müsahibəsində Bloxin bildirib:
“Hamı deyir ki, guya mən milli komandadan imtina etdim. Axı nə üçün imtina edim? İngiltərə ilə 1:1 oynadıq, ardınca Monteneqro və Moldova ilə oyunlar var idi. Oradan daha 6 xal qazanacağımızı bilirdim. Amma bu, mənim arzum idi – Kiyev “Dinamo”suna məşqçilik etmək. Bu həm də valideynlərimin arzusu olub. Mən kiyevləyəm, 11 yaşımda artıq “Dinamo”nun tərkibində idim. Belə bir təklifə “yox” demək olarmı? Bəlkə bir daha elə fürsət olmazdı.”
Bloxin əlavə edib ki, bu qərarını gizlətməyib və Ukrayna Futbol Assosiasiyasının prezidenti Anatoli Konkovla şəxsən görüşərək baş verənləri açıqlayıb:
“Mən dürüst insanam, bunu heç vaxt gizlətməmişəm. Özüm şəxsən Konkovun yanına gedib dedim ki, “Dinamo”dan təklif almışam və milli komandadan ayrılmaq istəyirəm.”
Təcrübəli mütəxəssis “Dinamo”da uğursuzluğa düçar olması ilə bağlı da fikirlərini bölüşüb:
“Bəli, qarşımıza məqsəd qoyulmuşdu və mən onu yerinə yetirə bilmədim. Amma bu məşqçilikdir: ya zirvədəsən, ya da aşağıdasan. Bu, normaldır, heç bir sual yoxdur.”
Qeyd edək ki, Oleg Bloxin 2012-ci ildə Ukrayna millisinin baş məşqçisi postunu tərk edərək Kiyev “Dinamo”sunun sükanı arxasına keçmişdi. Onun bu qərarı o dövrdə futbol ictimaiyyətində ciddi müzakirələrə səbəb olmuşdu.