“COP29-a Azərbaycanın sədrliyi dünya birliyi tərəfindən yekdilliklə qəbul olunmuş qərarla təsbit olunub. Ayrı-ayrı şəxslərin, hətta təşkilatların Azərbaycana qarşı qərəzi bu qərarın dəyərini və əhəmiyyətini heç bir şəkildə azalda bilməz. Okampoya gəlincə, onun kimliyi artıq hamıya bəllidir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.
O vurğulayıb ki, vaxtilə Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru olmuş Luis Moreno Okampo indi Argentina ermənilərinin pulu ilə beynəlxalq erməni diasporunun muzdlu sözçüsü və təbliğatçısı rolunda çalışır: “Bütün zamanlarda erməni diasporunun dünya miqyasında fəaliyyəti isə beynəlxalq terror təşkilatının fəaliyyətindən heç nə ilə fərqlənməyib və bu gün də belədir. Dolayısı ilə Okampo beynəlxalq terrorizmə dəstək verən və xidmət göstərən bir cinayətkardır. Onun hansı çağırışları edib- etməməsi Azərbaycanın öz hədəflərinə nail olmağna ciddi təsir göstərə bilməz. Ona görə də onun sərsəm çağırışları Azərbaycanda heç kimi narahat etməməlidir”.
Deputat sözlərinə davam edərək qeyd edib ki, COP29 ilə bağlı müxtəlif tədbirlər artıq həm Azərbaycanda, həm də digər ölkələrdə əvvəlcədən müəyyən olunmuş proqrama əsasən keçirilir: “Əminəm ki, Azərbaycanın sədrliyi dövründə Qlobal İqlim dəyişiklikləri ilə mübarizə sahəsində bütün dünyanın hiss edəcəyi yeniliklər və dəyişikliklər olacaq. Noyabr ayında ölkəmizdə keçiriləcək qlobal konfransda Azərbaycan bu qlobal problemə yanaşmaya dair öz təşəbbüslərini irəli sürəcək və pandemiya dövründə olduğu kimi, indi də dünyanın qlobal problemlərinin həllinə öz töhfəsini layiqincə verəcək. Beynəlxalq erməni diasporunu və onun Okampo kimi rüşvətxor muzdlu xidmətçilərini isə növbəti məyusluq gözləyir”.