image-rt-reklam
image-1backend

“ “Ögey ana” filmindəki İsmayıl həyatda o şəxsdir: “Nəcibə Məlikova mənə ögey yox, əsl analıq edib”-FOTO

image-728x90
“ “Ögey ana” filmi bizim ailəmizdən bəhs edir. Nənəm tərs qadın idi. Özü də xan qızı idi. Haqlı-haqsız söz-söhbət salırdı. Nənəm anamı yola vermədi. O biri nənəm, yəni anamın anası gəlib mənimlə anamı götürüb Tovuza apardı. Nəcibə xanım Gəncəyə qastrola gələndə atamla tanış olur və onların arasında məhəbbət macərası başlayır. Filmdə baş verənlər əslində Nəcibə xanımın həyatında baş verənlər idi. Ssenari hazır olandan sonra axtardılar ki, ögey ana rolunu kimə verək?! O vaxta kimi də Nəcibə xanım “Arşın mal alan” da oynamışdı. Ssenarini Nəcibə xanıma göndərdilər. O ssenaridə dəyişikliklər etdi. Onun bir oğlu var idi, Saqib. Amma filmdə göstərdilər ki, onun qızı var”

 

 

 

Bunu Moderator.az-a  açıqlamasında Nəcibə Məlikovanın ögey oğlu Fuad Əsədov deyib. O daha sonra əlavə edib.
“Atam Tiflisdə yol mühəndisliyini bitirmişdi. Filmdə də göstərirdilər ki, İsmayılın atası yol mühəndisidir. Bu rolu Fateh Fətullayev oynayırdı. İsmayılın da prototipi mən idim. Atam cavan rəhmətə gedib. 31 yaşında. O Nəcibə xanımdan sonra bir dəfə də evləndi. O evlilikdən də iki bacım oldu. Nənəm Nəcibə xanımı aktrisa olduğuna görə qəbul etmirdi. Artistlərə mütrif deyirdi. Nəcibə xanım gözəl qadın idi. Mənə ögey analıq yox, əsl analıq edib. Nəvəsi Sima ona Nəcibə yox, Ciba deyirdi. Son günündə Sima ondan soruşub ki, “Ciba, indi xəstəsən, bəs xəstə olmasaydın kimə könül bağlayardın?”. O da deyib ki, ancaq ona. Yəni mənim atama. Nəcibə xanım mənə də, oğluna da, atamın 3-cü evliliyindən olan övladlarına da analıq edib. Biz atasız böyümüşük. Nəcibə xanım hara gedirdisə məni aparırdı. O əvəzolunmaz bir insan idi. Allah qəni-qəni rəhmət etsin” deyə Fuad Əsədov bildirib.
Qeyd edək ki, Fuad Əsədov 13 il AFFA-nın baş katibi vəzifəsində çalışıb.

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90