Türkiyənin ən yaxşı turizm mərkəzi olan Antalya dünya üzrə turistlərin ən çox seçdiyi istiqamətlər sırasında xeyli irəlləyib.
Ulusal.az xəbər verir ki, tarixi və təbii gözəllikləri ilə ziyarətçilərini valeh edən Antalya turizmdə yeni rekorda imza atıb.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, ilin 11 ayında turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq 16 milyon 606 min 501 nəfərə çatıb.
Yerli və xarici turistlərin diqqət mərkəzində olan Antalya turizmi noyabrda 17,21 faiz artıb. Noyabr ayında Antalyaya gələn turistlərin sayı 474 min 654 olub.
Noyabr ayında Antalyaya ən çox turist göndərən ölkələr arasında Almaniya 138 min 197 turist ilə birinci olub.
İkinci yerdə 98 min 471 turist ilə Rusiya Federasiyası, üçüncü yerdə isə 52 min 500 turist ilə İngiltərə qərarlaşıb.
İngiltərədən sonra Antalyaya ən çox turist göndərən ölkələr sırasıyla Polşa, Ukrayna, Litva, Hollandiya, Qazaxıstan, Belçika və Avstriya olub.
11 aylıq məlumatda 3 milyon 863 min 164 turist ilə Rusiya Federasiyası birinci, Almaniya 3 milyon 436 min 351 turist ilə ikinci, İngiltərə isə 1 milyon 539 min 929 turist ilə üçüncü olub.
İngiltərəni müvafiq olaraq Polşa, Hollandiya, Qazaxıstan, Rumıniya, Ukrayna, Çexiya və Litva izləyib.