image-rt-reklam
image-1backend

Nizami rayonunda ÖZBAŞINALIQ DAVAM EDİR… – Sakinlər narazıdır

image-728x90
Bakı şəhəri Nizami rayonu R. Teymurov və Şərifli küçələrinin kəsişməsində yerləşən 2593-cü məhəllənin sakinləri iş adamları Radik Hümbətov və Yusif Hümbətovdan şikayət edirlər.
Şikayətçilərin Referans.az-a dediklərinə görə adı çəkilən Hümbətovlar “Ailə” şadlıq sarayının sahibləridirlər. Hazırda onlar 2593-cü məhəllənin ərazisində, fərdi yaşayış evlərinin yaxınlığında qazıntı, tikinti işlərinə başlayıblar. Sakinlər iddia edirlər ki, inşaat tikinti norma və qaydalarına zidd olaraq aparılır.
Beləki, qaydalara əsasən təyin olunmuş müəyyən ara məsafələri gözlənilmir. Tikinti işləri mövcud yaşayış evlərinə çox yaxın-1.5 metr məsafədə beton svaylar vurulmaqla aparılır ki, bu da fərdi evlərə ciddi ziyan vura bilər. Vətəndaşlar həmçinin yaxınlıqda tikiləcək binadan gələcəkdə onların evlərinin içinin əlçatan olacağından, gözlə görünəcək dərəcədə yaxın olacağından da narahatdırlar. Tikinti obyektində heç məlumat lövhəsi də vurulmayıb.
İndiyə kimi Nizami Rayon İcra Hakimiyyətinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Fövqəladə Hallar Nazirliyinə müraciət etsələr də problemin həlli istiqamətində heç bir iş görülməyib.
Biz redaksiyanın adından məsələni əlaqədar təşkilatlarla araşdırmaq istədik. Tikintini aparan şirkətin rəhbəri bizə Musa adlı bir şəxsin mobil telefon nömrəsini verdi. Dedi ki, bu şəxs Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşıdır. Yəni, məsələdən agahdır. Musa müəllimə zəng vurduq. Dedi ki, bu mənim şəxsi nömrəmdir. Ona görə də buradan heç kimə heç nə deyə bilmərəm. Bunu bildirib telefonu üzümüzə qapadı.
Ardınca Nizami İcra Hakimiyyətinə zəng etdik. Oradan məsələdən xəbərsiz olduqlarını bildirib, şikayətçi sakinlərlə əlaqə yaratmaq üçün telefon nömrələrini istədilər. Biz də təqdim etdik. Lakin hələ də sakinlərə nə zəng olunub, nə də gəlib maraqlanan olmayıb. Qısa şəkildə ifadə etsək, özbaşınalıqdır. Paytaxtda tikinti aparılır, amma adını çəkdiyimiz dövlət qurumları guya bundan xəbərsizdirlər. Eybi yox, indi biz xəbərdar edirik. Görək bundan sonra necə olacaq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90