Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs- İsmayılov Yusif İdris oğlunun məhkəmə prosesinin növbəti iclası keçirilib.
“Unikal”ın məlumatına görə, əsas şahid qismində təqsirləndirilən şəxsin qohumu Həsrət İsmayılov ifadə verib. Onun sözlərinə görə, ilk zərbəni Yusifə “Aradabir” adlı kafedə kəllə ilə dünyasının dəyişən Etibar Fətəliyev vurub. Həmin vaxt hamımız içkili idik. Mən gələnə kimi onlar bir butulka çəkilmə araq içmişdilər. Mübahisənin baş verməsinə səbəb, Yusifin Etibara nişanlısına zəng etməsi ilə bağlı iradı olub. Bildik ki, həmin qızla görüşməyə gedir. Həmin qız Etibarın 1-ci nişanlısı idi, 2-ci dəfə də nişanlanmışdı. Etibar əvvəl Yusifi təhqir edib sonra kəllə ilə vurub. Sonra çıxardıq Etibarı çölə üzünə su vurduq, idmançı olduğu üçün fiziki cəhətdən çox güclü idi. Əvvəldə aralarında ədavət olub. Bıçaq Yusifin maşınında olub, əvvəldən xəbərim olmayıb ki, üstündə bıçaq olub. Bir bıçaq zərbəsi vurub Etibarın boynuna. Dərhal da tibbi yardım göstərmək üçün Etibarı xəstəxanaya aparmaq istədi, ancaq polis əməkdaşları yaxınlaşdı. Etibarı Yusifin maşınına qoyub xəstəxanaya apardılar, ancaq Etibar yolda keçindi”.
Məhkəmə prosesi avqust ayının 6-na kimi təxirə salınıb.
Xatırladaq ki, qətl hadisəsi bu il yanvarın 13-də saat 22 radələrində Bayıl qəsəbəsində baş verib. 29 yaşlı Etibar Fətəliyev qohumu tərəfindən bıçaqlanaraq öldürülüb.
Hadisəni törətməkdə şübhəli bilinən 31 yaşlı Yusif İsmayılov Etibarın xalası oğludur. Qətlə yetirilən gənc isə fitnes üzrə peşəkar idmançı olub. İlkin məlumatda hadisənin mübahisə zəminində baş verdiyi, xalası oğluna gücünün çatmayacağını görən şəxsin bıçaqla ona zərbələr endirərək qətlə yetirdiyi bildirilir.
Hadisə Səbail rayonu, Salyan şossesi 15 ünvanında baş verib. Xəstəxanaya aparılan Etibar Fətəliyev yolda kəskin qanitirmədən vəfat edib. Y.İsmayılov saxlanılıb.
Qeyd edək ki, Etibar Fətəliyev Müdafiə Nazirliyinin zabiti olub.
Etibar Fətəliyev 44 günlük Vətən müharibəsinin də iştirakçısı olub. O, göstərdiyi şücaətlərə görə, “İgidliyə görə”, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.