image-2000x150
image-27e601ebd2b17fad039af505b50cf5b4backend

Nikolun Ukrayna təlaşı – “Rusiya uduzsa, batdıq…”

image-728x90

Paşinyan həqiqi qərbçidirsə, nədən Qərb kimi müharibədə Moskvanın məğlubiyyətini istəmir?
Ötən hərtəsonu Ermənistanın baş naziri, “Mülki müqavilə” partiyasının idarə heyətinin rəhbəri Nikol Paşinyan hakim qüvvənin təşəbbüs qrupunun iclasını keçirib. İclasda Ermənistanın xarici siyasət prosesləri və təhlükəsizlik məsələləri gündəmdə olub.

Məlumata görə, görüşdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və digər hökumət rəsmiləri iştirak ediblər. Mirzoyan partiya funksionerlərinə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında mayın əvvəlində baş tutan danışıqlardan danışıb.

Diqqətçəkicidir ki, Nikol Paşinyan görüşdə Rusiyanın Ukrayna müharibəsində məğlubiyyətinin Ermənistana baha başa gələcəyini söyləyib. 9 May Moskva paradında iştirakını “Ermənistanın həyati maraqlarından qaynaqlanan yeganə düzgün qərar” adlandıran erməni baş nazir həmçinin bildirib: “Ermənistan təbii qazı öz strateji tərəfdaşı Rusiyadan alır. Mənim Moskvadakı paradda iştirakdan imtinam təhlükəli avantüra olardı. Üstəlik, Rusiya Ukraynada uğursuzluğa düçar olarsa və uduzarsa, Ermənistanın başına nə gələcəyini təsəvvür etmək belə istəmirəm. Bu halda Ermənistan yüz il əvvəlki hadisələrin təkrarı və müstəqilliyinin itirilməsi ilə üzləşəcək”.

Ermənistanın baş naziri əlavə edib ki, Türkiyə-Azərbaycan tandemi qarşısında Ermənistan təkbaşına müqavimət göstərə bilməz.

Nikol Paşinyan niyə narahatdır? Əgər o, həqiqi qərbçidirsə, nədən Qərb kimi müharibədə Moskvanın məğlubiyyətini istəmir?

Siyasi şərhçi Azər Həsrət “ bildirdi ki, əslində Nikol Paşinyanın bu cür danışması ikibaşlıdır: “Yəni bu adam bir tərəfdən qərbyönümlü kimi görünməyə çalışır, davranışlarında da Rusiyanın qucağında oturmağa davam edir. Onun Moskvaya getməsi bundan qaynaqlanır. Paşinyan yaxşı bilir ki, Ermənistan adlı dövlətin nəinki bu gün mövcud olması Rusiyadan asılıdır, hətta yaranması Rusiyanın proyektidir, Rusiya olmasaydı, Ermənistan dövləti olmayacaqdı, Rusiya olmasa, Ermənistan dövlət kimi mövcudluğunu saxlaya bilməz. Həqiqətən də bu gün Ermənistanın düşdüyü vəziyyət acınacaqlıdır. Bu ölkə nəyi necə edəcəyini müstəqil qərar vermək imkanında deyil. Bunun da səbəbi bir tərəfdən zəif qondarma dövlət olması, bir tərəfdən Rusiyadan asılılığının hələ də davam etməsi, üçüncüsü, coğrafi baxımdan iki güclü türk dövlətinin arasında olması və bu dövlətlərlə düşmənçilik etməsidir. Bu vəziyyəti Ermənistanı ağılagəlməz, anlaşılmaz manevrlərə məcbur edir. Normal dövlət idarəetmə təcrübələri olsaydı, onlar məsələni rahat şəkildə kökündən həll edə bilərdilər. Bu da Azərbaycanla anlaşmadan keçir. Ermənistan Azərbaycanla anlaşsa, Türkiyə ilə də münasibətləri düzələcək. Beləliklə, Ermənistana kənardan təsirlər, müdaxilələr azalacaq. Hesab edirəm ki, əslində baş nazir Nikol Paşinyan bunu istəyir. Çünki o da bu məsələləri başa düşür və öz dövlətinin acınacaqlı duruma gəlib çatdığını görür. Sadəcə, Paşinyan onun əsiridir ki, müstəqil mövqe sərgiləyib Azərbaycanla anlaşacağı təqdirdə Rusiyanın onu sıradan çıxaracağından qorxur. Paşinyan bu qorxunun təsiri altında Rusiyaya xoş gedən açıqlamalar verir. Ermənistanın və onun hakimiyyətinin düşdüyü durum bənzəri olmayan bir durumdur. Heç bir dövlət özünün belə bir acınacaqlı duruma düşməsini istəməz. Ermənistanda bunu Paşinyan başda olmaqla, anlayanlar var. Amma bu durumdan çıxmaq üçün strateji uzaqgörənliyə və qətiyyətə sahib deyillər. Ona görə də Paşinyan və ölkəsi sürünmək yolunu tutub gedirlər. Onlar Azərbaycanın təkliflərini qəbul etsəydilər, indiki rəzil gündə olmazdılar. Eyni zamanda o da istisna deyil ki, Nikol Paşinyan daxilən Rusiyanın Ukrayna müharibəsində məğlub olub parçalanmasını, zəifləməsini arzu edir, sadəcə, yuxarıda sadaladığım reallıqlar onu ürəyindən keçənlərin əksini dilə gətirməyə məcbur edir”.

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın Ukraynada müharibədə qalib gəlməsini arzulaması Ermənistanın vəziyyətinin, Rusiyadan tamamilə asılı halda olmasının daha bir sübutudur: “Paşinyan ona görə bu cür istəyir ki, Ermənistanın ağası olan Rusiya Ukrayna müharibəsindən qalib çıxsa, Cənubi Qafqazda daha da güclənəcək, Türkiyə və Azərbaycana təzyiq edərək Qarabağ məsələsini gündəmdə saxlayacaq. Ən azından Nikol belə hesab edir. Qərb də görür ki, Paşinyan ayağısürüşkən siyasətçidir və Ermənistanı belə bir siyasətçinin əli ilə Rusiyadan qoparmaq mümkün olmayacaq. Göründüyü kimi, onun siyasəti birbaşa Qərbin regional siyasətinə təhdiddir. Qərb təəssüf ki, Nikol Paşinyanın bu siyasətinə seyrçi qalır. Bununla da N.Paşinyanın sülh müqaviləsində maraqlı olmadığını göstərir. Nikol Paşinyan hesab edir ki, Rusiya Ermənistana təhlükəsizlik zəmanətini artırmalı və qorumalıdır. Fikir versək, Qərbdən istədiyi təhlükəsizlik zəmanətini ala bilmir. Xüsusilə çalışırdı ki, Qərbdən silahlı qüvvələr gətirib sərhəddə yerləşdirsin. Amma Qərb eskalasiyada maraqlı deyil. Yalnız Azərbaycanla sülh müqaviləsinin bağlanması üçün mövqe ortaya qoyub. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel qeyd etdi ki, bizim gizli gündəliyimiz yoxdur. Amma Rusiya Qarabağ ermənilərinə status tələb edir və gizli gündəliyində sülh müqaviləsinin bağlanması yoxdur. Nikol Paşinyan Qərbin Ermənistana real hərbi və təhlükəsizlik köməyi olmayacağının fərqindədir. Ona görə də U dönüşü edərək, Rusiyaya reveranslar edir. Ermənistan baş nazirinin ortaya qoyduğu bu mövqe də yanlışdır. İlk növbədə Azərbaycan və Türkiyə Ermənistanla sülh müqaviləsinin bağlanmasında maraqlıdır. Amma Paşinyan bunu təhlükə hesab edir. Ermənistanın Türkiyə və Azərbaycana düşmən siyasətindən irəli gəlir. Bu ölkə rəhbərliyi praqmatik və real siyasət ortaya qoymur. Tarixə ekskursiya edir, çox yanlış bir yanaşma ilə prosesi tormozlayır. Nikol Paşinyan Moskvanın qələbəsində maraqlıdır. Bunu regionda Azərbaycana təzyiqin artacağı kimi xarakterizə edir. Lakin unudur ki, Azərbaycanla Türkiyə tandemi regionda təhlükəsizliyi təmin edir. Nikol Paşinyan sülh müqaviləsinin bağlanmasında maraqlı olmadığını Rusiyaya meyllənməsi ilə bir daha ortaya qoyur. Qərb də Ermənistana ciddi təzyiqlər etmir. Erməni baş nazir həmçinin Qərbi də Rusiyanın qucağında oturmaqla şantaj edir. Onun açıqlamasına Qərbdən ciddi reaksiya verilməlidir. Rusiya ilə birgə regionda Ermənistan yenidən müharibədə maraqlı görünür. Amma Paşinyanın bu ikibaşlı oyunları sonda onun və ölkəsinin başında çatlayacaq”.“Yeni Müsavat”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90