image-rt-reklam
image-1699690183_nesib66-1jpg-1699770829backend

Nəsib Məhəməliyev: “Türk Dövlətləri Təşkilatı sürətlə nüfuzlu beynəlxalq platformaya çevrilməkdədir”

image-728x90

Xəbər verdiyimiz kimi, ölkəmizə səfərdə olan Qazaxıstan Respublikasının prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevlə görüşüb, tərəflər arasında müxtəlif sazişlər imzalanıb.

Maraqlıdır, Qazaxıstan prezidentinin məlum səfəri Azərbaycan-Qazaxıstan münasibətlərinə və eləcə də Türk Dövlətləri Təşkilatının gələcəyinə nə vəd edir?

Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev bu səfərin mühüm əhəmiyyətə malik olduğunu qeyd edib:

“Qazaxıstan prezidentinin ölkəmizə dövlət səfəri, məzmununa və əldə olunan razılaşmalara görə, əvvəlkilərdən əhəmiyyətli dərəcədə fərqlənirdi. Prezidentlər İlham Əliyevlə, Kasım-Jomart Tokayevin Çindən gələn konteyner qatarını videobağlantı ilə izləmələri, Füzulidə Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak etmələri, Şuşada aparılan tikinti-quruculuq-bərpa işləri ilə tanışlıq, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidir.

Qazaxıstan, ərazi baxımdan Türk Dünyasının ən böyük və zəngin təbii sərvətlərə malik ölkəsidir. Bizi bir çox tarixi, mədəni, dini dəyərlər birləşdirir.

Qazaxıstan, Sovetlər İttifaqı dağıldıqdan sonra, sistemli şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir. Ölkələrimiz arasında əməkdaşlıq, təbii strateji müttəfiqlik xarakteri daşıyır. Yeni Dünya nizamı, ələlxüsus, Rusiya-Qərb qarşıdurması, Qırmızı dənizdə baş verən proseslərin fonunda yaranmış reallıqlar, münasibətlərimizin daha da üst səviyyəyə çıxarılmasını şərtləndirir. Qazaxıstanla Azərbaycanın coğrafi mövqeyi, Xəzər dənizi akvatoriyasında yaratdıqları nəqliyyat infrastrukturu, logistik imkanları, Avropa və Asiya şirkətləri üçün ən cəlb edici marşrut hesab olunur.

Qazaxıstan neftinin Bakı-Supsa neft kəməri vasitəsilə Qara dəniz limanlarına nəql olunması, ciddi iqtisadi dividentlər gətirməklə yanaşı, Azərbaycanın strateji əhəmiyyətini göstərir.

Əgər, 90-cı illərdə çox böyük uzaqgörənliklə Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərləri inşa olunmasaydı, bu gün Qazaxıstan neftinin Qara dəniz limanlarına çatdırılması mümkün olmazdı.

Siyasi, iqtisadi, mədəni əlaqələr, ölkələrimizi, xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Nəticə etibarilə, Türk Dünyasının inteqrasiyasını sürətləndirir, iqtisadi inkişafına, güclənməsinə səbəb olur. Qazaxıstanla bərabər, Mərkəzi Asiyanın digər qardaş ölkələri ilə, ələlxüsus, Özbəkistanla əməkdaşlıq genişlənir. Azərbaycan Türkiyə Mərkəzi Asiya ölkələri arasında körpü rolunu oynayır.

Türk dövlətlərinin birlikdə olması, zamanın tələbidir. Beynəlxalq münasibətlər sistemində müstəqilliyimizin, təhlükəsizliyimizin, milli kimliyimizin mövcudluğunun yeganə qarantıdır. Bu baxımdan, Türk Dövlətləri arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın alternativi yoxdur. Türk Dövlətləri Təşkilatı sürətlə, nüfuzlu beynəlxalq platformaya çevrilməkdədir. Təşkilatın daha da güclənməsi, beynəkxalq miqyasda söz sahibinə çevrilməsi, Türk Dövlətlərinin siyasi hakimiyyətlərinin iradəsinə bağlı məsələdir.

Prezident İlham Əliyev andiçmə mərasimində son dərəcə dəqiqliklə ifadə etdiyi kimi” bizim bir ailəmiz var, o da Türk dünyasıdır”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90