Paris-2024 Olimpiya Oyunlarının açılışı zamanı Fransa-2 telekanalı şərhçiləri Azərbaycan həqiqətlərini təhrif edən qərəzli fikirlər səsləndirib, Qarabağı Ermənistan ərazisi kimi təqdim edib. Hansı ki, Azərbaycan artıq bununla bağlı Beynəlxalq Olimpiya Komitəsinə şikayət hazırlayır.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən Nəsib Məhəməliyev Paris-2024 Olimpiya Oyunlarında baş verənləri Fransanın rüsvayçılığı kimi qiymətləndirib:
“Ümumiyyətlə, Paris-2024 Olimpiya Oyunlarının açılış mərasiminin bədii hissəsi, sadəcə biabırçılıq idi. İndiyə qədər keçirilən analoji tədbirlər sırasında ikinci belə zövqsüz, çirkin elementlərlə zəngin, insanların dini inanclarını alçaldan, əxlaqa zidd nömrələr nümayiş etdirilməmişdi. Təsadüfi deyil ki, katolik dünyasının bir çox ölkələrinin din xadimləri açıq şəkildə etirazlarını bildirdilər. Xristian dəyərlərinin aşağılandığı, açıq şəkildə cinsi azlıqların təbliğ olunduğu qeyd olundu. Bu mərasim bir daha göstərdi ki, müasir Avropada siyasətdə, hüquqda olduğu kimi, mədəniyyətdə, idmanda da dəyərlər sürətlə dəyişməkdədir. Daha doğrusu, deqradasiyaya uğramaqdadır.
Frans-2 telekanalı şərhçilərinin Azərbaycan haqqında səsləndirdikləri fikirlər, qərəzli olmaqla yanaşı, mövcud Fransa siyasi hakimiyyətinin baxışlarını, ölkəmizə qarşı nifrətini əks etdirirdi. Şübhəsiz ki, həmin şərhçilər, Fransa hakim dairələri tərəfindən təlimatlandırılmışdılar. Olimpiya Oyunları dörd ildə bir dəfə keçirilir və ən kütləvi, prestijli yarışlar hesab olunur. Milyardlarla insan televiziya və internet resursları vasitəsilə, belə bir möhtəşəm bayram tədbirini eyni vaxtda izləyir. Burada, siyasi, irqi, milli, etnik, dini baxışlarına görə fikirlər səsləndirmək, Olimpiya Xartiyasının prinsipləri ilə ziddiyət təşkil edir. Olimpiya Xartiyası, 1894-cü ildə, məhz, Paris Beynəlxalq Konqresində qəbul olunmuşdur. 5 bölmədən ibarət Xartiyanın 1-ci bölməsində, göstərdiyim təsisatlar əksini tapmışdır. Görünür, Makron Olimpiya hərəkatının məqsəd və məramından xəbərsizdir. Yoxsa, Azərbaycanla münasibətdə, Ermənistanın təqdimatını kəskin fərqləndirməklə, Olimpiya Oyunlarını siyasiləşdirməzdi. Bu pis nümunənin təməli, başlanğıcı oldu. Əfsuslar olsun ki, gələcəkdə də təkrarlanmayacağına heç kim qarant dura bilməz.
Hesab etmirəm ki, Fransa belə metodlarla nəyəsə nail olsun. Əksinə, özünü daha da biabır etdi. Təkcə Azərbaycana qarşı yox, bütövlükdə xristian dünyası təhqir olundu. Bir az praqmatik düşünsəydilər, Olimpiya Oyunları barışıq, sülhün əldə olunması, dostların, tərəfdaşların sayının artırılması üçün əla fürsət idi. Yalnız o halda, Fransa ədalətli, böyük dövlət kimi görünə bilərdi. İnsidentlə bağlı Milli Olimpiya komitəmiz tərəfindən, Beynəlxalq Olimpiya Komitəsinə şikayət verilməsi çox önəmlidir. Hər şeydən əvvəl, gələcəkdə belə hallarln təkrarlanmaması üçün konkret tədbirlər görülməlidir.
Fransa cavab verməlidir!”