“Fransa, Ermənistana hərbi dəstəyini davam etdirəcək”, bəyanatı ilə, Makron bir daha ermənidən daha çox erməni olduğunu bir daha sübut etmiş oldu. Hərbi dəstək dedikdə, Ermənistanın sürətlə silahlandırılması, nəticə etibarilə regionda qarşıdurmanın, gərginliyin, saxlanılması nəzərdə tutulur. Bu da, Fransa siyasi hakimiyyətinin apardığı müstəmləkəçilik siyasətinin tərkib hissəsidir”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev bildirib. Millət vəkili Fransanın regionla bağlı siaysətinin sülhə deyil, gərginlik v əqarşıdurmaya xidmət etdiyini bildiirb:
“Makron digər bəyanatla qeyd edir ki, onun ölkəsi Cənubi Qafqazda sülhün bərqərar olması üçün vasitəçilik missiyasını genişləndirəcəkdir. Burada deyərlər; utanmasan oynamağa nə var ki. Yaddan çıxarır ki, məhz, Makronun kobud müdaxiləsindən sonra, Avropa İttifaqının prezidenti Şarl Mişelin başlatdığı və kifayət qədər pozitiv keçən sülhyaratma prosesi pozuldu. Prezident İlham Əliyev andiçmə mərasimində olduqca dəqiqliklə vurğuladı. “biz bilirik sizin qəlbinizdə nə var. Heç olmasa etika xatirinə üzdə özünüzü neytral göstərin”. Belə vasitəçilik olmur.
Makronun toxunduğu digər bir məsələ, Qarabağı könüllü tərk edən ermənilərin qaytarılmasıdır. Bu adam başa düşmək istəmir ki, nə ermənilər ora qayıtmaq istəyir, nə də ki, Ermənistan hakimiyyəti onların qayıtmasında maraqlıdır. Ermənilərin, Qərbin təklif etdiyi formatda Qarabağa qaytarılması, əbədi düşmənçiliyin davam etdirilməsi deməkdir. Fransanın Ermənistanı silahlandırmaqda davam edəcəyi təqdirdə, Azərbaycanın atacağı addımlara gəldikdə isə, deyə bilərəm ki, cənab Prezident tərəfindən zəruri olan bütün qabaqlayıcı tədbirlər görülür. Xalqımız əmin olsun ki, İrəvan-Paris cütlüyünə qarşı, daha effektiv, özünü həm döyüş meydanlarında, həm də diplomatik müstəvidə təsdiq etmiş Bakı-Ankara tandemi mövcuddur. Adekvat tədbirlər görülür və bundan sonra da mövcud reallıqlara uyğun siyasət aparılacaqdır.
Sadəcə, Ermənistan, erməni xalqı bir həqiqəti dərk etməlidir ki, Makron öz siyasətini aparır və növbəti dəfə onlardan alət kimi istifadə edir. Milyardlarla vəsaiti silahlanmaya xərcləməkdənsə, sosial problemlərin həllinə yönəltmək daha məqsədə uyğun olardı”.