image-2000x150
image-nesib-22-2backend

Nəsib Məhəməliyev: “Azərbaycan bu mesajla göstərdi ki, onu təzyiq altında saxlamaq olmaz”

image-728x90

“Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini qeyri-müəyyən müddətə dayandırması, indiki halda ən doğru addımdır”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev bildirib. O, qeyd edib ki, bu qərar özündə cəsarətlə məcburiyyət amilini birləşdirir:

“Nəzərə almaq lazımdır ki, bu qərar kifayət qədər cəsarətli, eyni zamanda, məcburiyyət qarşısında qəbul edilmişdir. Daha doğrusu, AŞPA da kök salmış ermənipərəst, “türkəfob”, irqçi qüvvələrin ikili standartla söykənən fəaliyyətinin nəticəsidir.

Azərbaycan 2001-ci ildə AŞPA-na üzv olan zaman Qarabağ və ətraf rayonlar işğal olunmuşdu. Bir milyon qaçqın, məcburi köçkünü vardı. Bu baxımdan, onlara böyük ümidlə baxırdıq. Gözləntilərimiz çox idi. Düşünürdük ki, Avropa məkanında insan hüquq və azadlıqlarının qorunmasına, beynəlxalq qanunların aliliyinə məsul olan bir təşkilatın imkanlarından istifadə etməklə, işğala son qoyular, insanlar öz yurdlarına qaytarılar. Müharibə olmadan, münaqişə sülh yolu ilə həllini tapar. Əfsuslar olsun ki, ümidlər özünü doğrultmadı. Ötən 23 il göstərdi ki, AŞPA və digər beynəlxalq təşkilatlardan haqq, ədalət gözləmək, sadəcə sadəlövhlükdür. Bir dəfə də olsa, həmin təşkilatlar, Ermənistanı işğalçı kimi tanımadı, köçkünlərin problemlərinin müzakirəyə çıxarılmasına imkan verilmədi. Əksinə, Koçaryan, Sarqsyan kimi, irqçi, ksenofob Xocalı qatilləri ən yüksək səviyyədə qarşılandı.

2020-ci ildə Azərbaycan, öz problemini özü həll edəndən sonra, AŞPA ilə yanaşı digər beynəlxalq təşkilatların, Fransa kimi dövlətlərin əsl siması göründü. Ermənistanın məğlubiyyətini öz məğlubiyyətləri olaraq qəbul edən avropalı siyasətçilərin maskaları cırıldı və ölkəmiz əleyhinə bütün cinahlardan hücuma keçdilər. Səbəb birdir. Qlobal güclərin, Azərbaycan və Türkiyə əleyhinə əsas təsir imkanlarından biri, “erməni kartı” aradan qalxır. Onlar, “erməni kartının” beynəlxalq gündəlikdən çıxarılmasını özləri üçün təhlükə olaraq, görürlər.

Qlobal mənada, düşünmürəm ki, bu qərar nəyisə dəyişsin. AŞPA və yaxud Avropa Parlamenti hansısa bəyanatlar verə bilər. Onların sanksiya tətbiq etmək səlahiyyətləri yoxdur. Sanksiya barədə qərarı Avropa Komissiyası verə bilər. Bu da, düşünürəm ki, indiki halda real görünmür. Avropa İttifaqına üzv olan ölkələr arasında, dostlarımızın, strateji müttəfiqlərimizin səyləri nəticəsində konsensus əldə etmək çətindir. Əgər, Fransa, Almaniya, Niderland kimi dövlətlərin təzyiqi ilə, belə bir qərar verilərsə, bundan Azərbaycandan daha çox Avropa İttifaqı zərər çəkəcək. Rusiya-Ukrayna müharibəsi üzündən kommunikasiyaların işləməməsi, Yaxın Şərqdə və Qırmızı dənizdə baş verən proseslərin fonunda, Azərbaycana qarşı sanksiyaların tətbiqi, dünya iqtisadiyyatına, ölkələrarası ticarət dövriyyəsinə mənfi təsiri şübhəsizdir.

Nümayəndə heyətimiz, AŞPA-nı tərk etməklə, Qərb dairələrinə mesaj verir ki, Azərbaycan özü-özünü təmin edən, torpaqlarını işğaldan təkbaşına qurtaran ölkədir. 30 il müdafiə etdiyiniz, hər addımda ağlaşma qurmaqla hər kəsi bezdirən, dilənçi deyil. Regionun ən güclü, strateji cəhətdən olduqca əhəmiyyətli dövləti ilə, autsayder Ermənistanı eyni tərəziyə qoymaq olmaz. Azərbaycanı təzyiq altında saxlaya bilməzsiniz.

AŞPAda baş verən biabırçılıqların nəticəsi o ola bilər ki, beynəlxalq imicimizə müəyyən xələl gələ bilər”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90